Modern.az

Rusları heyrətləndiən 11 yaşlı azərbaycanlının adı Qızıl Fonda salınıb - FOTOLAR

Rusları heyrətləndiən 11 yaşlı azərbaycanlının adı Qızıl Fonda salınıb - FOTOLAR

Ölkə

1 Mart 2013, 14:07


Rusiyada yaşayan həmyerlimiz vokal və skripka ifaçısı, 11 yaşlı Əli Muradovun ifası bu ölkənin Qızıl Fonduna daxil edilib.

Həmyerlimiz indiyədək qalib olduğu beynəlxalq müsabiqələr görə təltif edilib və onun adı Qızıl Fonda daxil edilib. Bu fonda adı düşən ilk azərbaycanlı olan Əli Muradovun haqqında fondun kitabında geniş informasiya dərc olunub.

Bundan başqa, 11 yaşlı həmyerlimizin adı əlaçı şagirdlərin daxil edildiyi “Medalist”lər qrupuna da salınıb. Bu münasibətilə təntənəli and içmə mərasimi keçirilib, həmyerlimizə xüsusi medal verilib.

Əli Muradov 2001-ci ildə Novosibirsk şəhərində doğulub. İndinin özündə də orada yaşamaqdadır. Beş yaşından musiqiyə meyil göstərib. Hər gün yaşadıqları evin birinci mərtəbəsində yerləşən musiqi məktəbinə gəlib-gedən uşaqlara baxmaqdan yorulmayıb. Və beləcə, bir gün özü də o məktəbə getmək istəyib. Onu tərəddüd etmədən şəhərdəki 3 saylı musiqi məktəbinin birinci sinfinə qəbul ediblər. Skripkaçı olmaq istəyirmiş. Amma görüblər ki, gözəl səsi də var. Beləliklə, onu  paralel olaraq vokal sinfinə də götürüblər.

Artıq altı yaşından klassik əsərləri ifa edir - həm vokalda, həm də skripkada. Müəllimlərinin tövsiyəsi ilə şəhərdə təşkil olunan müxtəlif müsabiqələrdə fəal iştirak etməyə başlayıb.

İstedad kimi şöhrət də onu lap tez tapdı. Novosibirsk Dövlət Opera və Balet Teatrının Böyük zalında çıxışları dəfələrlə tamaşaçı alqışları ilə kəsilib, onu böyük aktyorlara layiq hədiyyə və gül dəstələri mütəmadi sevindirməkdədir. Belə tədbirlərin birində - Gənc Skripkaçıların açıq konsertində Əli Muradovu görən Rusiyanın əməkdar incəsənət və mədəniyyət xadimi, Novosibirsk Konservatoriyasının dosenti İrena Vladimirovna Polyakova onu 1 saylı musiqi məktəbinə dəvət etdi və artıq çoxdan antikvara çevrilmiş bir skripka verdi. İ.V.Polyakova, eyni zamanda, həmin məktəbdə dərs deyirdi.

Əli bu məktəbdə akademik vokalla da məşğul olmağa başladı. Bu fənni ona əslən bakılı olan, vaxtilə Hovosibirsk Konservatoriyasını bitirən İrina Viktorovna  Veçer tədris edirdi. Bütün bunlar böyük məsuliyyət idi və ondan gecəli-gündüzlü çalışmağı tələb edirdi. Özü də buna can atırdı.

Artıq ikinci sinifdə Əli skripkada Avropa klassik musiqisini, eyni zamanda, Azərbaycan bəstəkarlarının - Zakir Bağırov, Fikrət Əmirov və Qara Qarayevin əsərlərini məharətlə ifa edirdi.

Əli Muradov  həm də klassik musiqinin vətəni olan İtaliyanı və italyan dilini çox sevir. Ona görə bu dili mükəmməl öyrənməyə çalışır. Nə vaxtsa İtaliyada təhsilini davam etdirmək istəyir.

2010-cu ildə Sankt-Peterburqda "Vivat, Talant!" adlı beynəlxalq festivalda iştirak etmək üçün Finlandiya, Belarus, İrlandiya və Rusiyanın müxtəlif şəhərlərindən  gələn istedadlar arasında Əli Muradov da vardı. Bu yarışmada üç nominasiya - "Solo", "Duet" və "Ansambl" üzrə çıxış edərək ayrılıqda hər birinin qalibi oldu.     

2011-ci ilin martında Krasnoyarskda keçirilən uşaq və gənclərin yaradıcılığına həsr olunan beynəlxalq müsabiqədə də Əli Muradov birinci yerə layiq görüldü və 2011-ci ilin noyabrında Moskvada keçirilməsi nəzərdə tutulan final mərhələsinə vəsiqə qazandı. Eyni zamanda, "Moskva-Paris-tranzit" beynəlxalq festivalına dəvət olundu. 2011-ci ildə Novosibirskdə təşkil olunan simli alətlərin gənc ifaçılarının Birinci açıq müsabiqəsində də Əli Qran-priyə layiq görüldü.



Əlinin qələbələrini saymaqla qurtaran deyil. O həm də yaşadığı şəhərin ictimai həyatında fəal iştirak edir, uşaq evlərində, sanatoriayalarda, müxtəlif tədbirlərdə uğurlu çıxışlar edir. Xüsusilə Novosibirskdəki diaspor təşkilatının və Leyla Əliyevanın rəhbərlik etdiyi Rusiya Azərbaycanlı Gənclər Təşkilatının keçirdiyi tədbirlərin daimi iştirakçısıdır. 2011-ci ilin mayında Sibirdə Azərbaycan mədəniyyətinin təbliğindəki fəallığına görə xüsusi diploma layiq görülüb. Əli belə tədbirlərdə həmişə xarici bəstəkarların mahnıları ilə yanaşı, doğma musiqini də səsləndirməyi çox sevir.

2011-ci ilin mayında VII Millətlərarası festivalda Rusiya Azərbaycanlı Gənclər Təşkilatını təmsil edən Əli Muradov Tofiq Quliyevin məşhur "Bakı haqqında mahnı"sını qürur və məharətlə ifa edərək hamının alqışını qazanmışdı. Minlərlə insanın qarşısında açıq havada səslənən bu mahnıya görə Əli şəhərin meri V.F.Qorodetskinin dəstəyi ilə lauerat adına layiq görüldü.

Rusiyanın Novosibirsk şəhərində yaşayan Əli Muradov beynəlxalq müsabiqələr laureatı və Qrand-pri mükafatları laureatıdır. O, Türkiyə, İspaniya, Sankt-Peterburq, Krasnoyarsk, Moskvada keçirilən beynəlxalq müsabiqələrdə və qala-konsertlərdə iştirak edib. Rusiyada fəaliyyət göstərən Azərbaycan Diasporunun təşkil etdiyi bir sıra tədbirlərdə, konsert proqramlarında ölkəmizi layiqincə təmsil edib. 11 yaşlı Əli Rusiyanın Novosibirsk vilayətinin qubernatoru Vasiliy Yurçenko tərəfindən Qubernator təqaüdünə layiq görülüb. Bu yaxınlarda isə İspaniyanın Lloret De Mar şəhərində skripka üzrə keçirilən beynəlxalq əhəmiyyətli “El festival De Mar Y Sol” festivalında I dərəcəli laureat diplomu ilə təltif olunub. Əli Muradov həm Rusiya, həm də Azərbaycan Dövlət Filarmoniyasının simfonik orkestri ilə birgə çıxışlar edib.

Əli evdə də, oxuduğu məktəbdə də hamının istəklisidir. Qiymətləri əladır. Ancaq bütün bunlara baxmayaraq, bircə arzusu var - təki,  dərslər tez qurtarsın və o, doğma yurduna qayıda bilsin. Bunu ətrafdakılar da gözəl başa düşür, evdəkilər də, elə illərdir Rusiyada yaşayan ata-anası da.

Bu balaca musiqiçi həm də Novosibirskdəki Azərbaycan diasporunun sağ əlidir. Heç bir mərasim onsuz ötüşmür. Gözünü açandan rus mühiti görüb, rus məktəbində oxuyan Əlinin ana dili haqqında dedikləri: “Mən evdə ailəmlə Azərbaycan dilində danışıram. Atamla anam mənə başa salıblar ki, sən onsuz da Rusiyada yaşayırsan və rus dilini biləcəksən. Amma ana dilini mütləq bilməlisən. Mən də başladım kitablar oxumağa, kinolara Azərbaycan dilində baxmağa və beləliklə mən ana dilini mükəmməl öyrəndim”.



Fitri istedadından başqa da davamlı zəhmət və çalışqanlığı ilə Əli məktəbdəki dərslərinin də öhdəsindən gəlir. Novosibirsk merindən ənənəvi təşəkkür məktbubunu alan kimi Bakıya tətilə gəlib. O, həmişə Bakı üçün darıxır, Bakının qoxusunu unuda bilmir.
“Çox sevinirəm ki, bura mənim vətənimdir. Burada yaşamaq, təhsil almaq istəyirəm. Hər dəfə təyyarədən düşəndə Bakının neft qoxusu məni çox kövrəldir”.

Əli Muradov: “Bakının Dənizkənarı parkını, İçərişəhəri, gözəl füsunkar parklarını çox sevirəm. Vətənimin gözəllikləri haqda hər dəfə Rusiyada məktəb yoldaşlarıma və müəllimlərimə danışıram, şəhərimizin gözəl mənzərələrinin şəkillərini göstərirəm və onları Bakıya dəvət edirəm. Bu yay italyan dili dərsləri aldığım müəlliməm dəvətimi qəbul edib Bakıya gəldi. Ailəmlə birlikdə böyük fəxrlə Bakının görməli yerlərini ona göstərdik. Təbii ki, Azərbaycan mətbəxi ilə də tanış etdik. Həm şəhərimizi, həm də mətbəximizi çox bəyəndi. Müəlliməm bir çox şəhərləri və ölkələri gəzmiş insandır. Bakının dünyanın ən gözəl şəhərləri sırasında olduğunu bildirdi. Təbii ki, biz də böyük qürur hissi keçirdik.

Rusiyaya döndükdən sonra isə Novosibirsk Şəhər Meriyasının təşkilatçılığı ilə keçirilən “Viva Music” musiqi müsabiqəsində 2 nominasiyada iştirak etdim. Həm skripka, həm də vokal nominasiyalarında iştirak edərək bu müsabiqədə öz yaşıdlarımdan fərqləndim. Skripkada S.Prokofyevin “Monteki və Kapuletti”, “Cəngavərlərin rəqsi” əsərini, vokal üzrə isə Kurtisin “Torna a Surryento” əsərini ifa etdim. İfalarımı münsiflər heyəti yüksək dəyərləndirdi. Seçim turlarını keçib finala çıxaraq müsabiqənin qalibi oldum. Novosibirsk Şəhər Meriyasının təsis etdiyi xüsusi mükafata və xüsusi diploma layiq görüldüm. Hazırda həm vokal, həm də skripka üzrə yeni əsərlər üzərində çalışıram. Bu yaxınlarda bir sıra konsert proqramlarında iştirak edəcəm. Məktəbdə də dərslərimi həmişəki kimi, yaxşı oxuyuram. Bu tədris ilini bitirdikdən sonra həmişəlik olaraq ailəmlə birlikdə Bakıya köçməyi planlaşdırırıq. İnşallah, yeni tədris ilində musiqi və orta məktəb təhsilimi Bakıda davam etdirmək və burada yaşamaq fikri məni çox sevindirir. Vətənə köçmək və burada yaşamaq mənim hərzamankı arzum idi.

Hesab edirəm ki, musiqi fəaliyyətim Azərbaycanda mənim üçün daha əlverişli olacaq. Əlbəttə ki, musiqi təhsilimi davam etdirəcəm. Çünki mən professional musiqiçi olmaq istəyirəm. Bakıda musiqi təhsilimi davam etdirdiyimə görə Azərbaycan musiqisini daha yaxından mənimsəmək imkanım olacaq.

Düşünürəm ki, orta musiqi təhsilimi Bakıda, konservatoriya təhsilimi isə İtaliyada davam etdirəcəm. Ona görə də italyan dili dərslərimə Bakıda da davam edəcəm. İtaliyada təhsilimi aldıqdan sonra yenidən Azərbaycana qayıtmağı düşünürəm.

Mən əsasən Avropa klassik bəstəkarlarının əsərlərinə müraciət edirəm. Skripkada Azərbaycan bəstəkarlarından Zakir Bağırovun, Qara Qarayevin, Fikrət Əmirovun da əsərləri repertuarımda var. Vokaldan isə Baxın, Bethovenin, Motsartın, Vivaldinin, Şubertin, Biksionun və digər bəstəkarların bəstələdiyi klassik əsərləri ifa edirəm. Neopolitan mahnılarını da çox sevirəm. Azərbaycan bəstəkarlarından Tofiq Quliyevin, Rauf Hacıyevin, Müslüm Maqomayevin mahnılarını, Rəşid Behbudovun repertuarını çox sevirəm və ifa edirəm. Azərbaycana döndükdən sonra şəxsən mənim üçün bəstələnən bir mahnını ifa etmək arzumdur.

Novosibirskdə myuzikllər və uşaqların ifasında musiqili tamaşalar var. Mən burada uşaq filarmoniyasının solistiyəm. Novosibirsk Filarmoniyasında çıxışlar edirəm. Azərbaycan Dövlət Filarmoniyasında gözəl sənətkarlarımız Fidan və Xuraman Qasımovaların konsertində və bir sıra xeyriyyə konsertlərində çıxışlar etmişəm. Azərbaycan Dövlət Uşaq Filarmoniyasından dəvət alsam, məmmuniyyətlə çıxış edərəm. Gələcəkdə isə səhnədə Fiqaronu oynamaq istərdim”.







Cəfər Mənsimi

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı