“Vaxt var idi, İsa Qəmbər Saakaşvilini dəstəkləyirdi"
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə Müsavat Partiyasında münasibətlər yenidən gərginləşib. Gürcüstan prezidenti Mixail Saakaşvilinin Azərbaycanda dövlət çevrişinin olması haqda verdiyi bəyanata münasibət bildirən tərəflər arasında ciddi fikir ayrılığı yaranıb.
Belə ki, Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının Saakaşvili haqda səsləndirdiyi fikirlərin yalnış olduğunu deyən ADP sədri Müsavat Partiyasının qonşu ölkədə keçirilən seçkilərlə bağlı mövqeyinin obyektiv olmadığını bildirib. S.Cəlaloğlu Gürcüstan prezidentini riyakarlıqda günahlandıran A.Hacılıya cavabında vaxtı ilə Müsavat başqanının Saakaşvilini dəstəklədiyini ironiyalı şəkildə bildirib.
“Bu məlum məsələdir ki, İvanişvili pul hesabına səs toplayıb. Saakaşvili sadəcə olaraq bizim dediklərimizi bir daha təkrar elədi. Arif bəyin dediyindən fərqli olaraq düşünürəm ki, görünüşdə İvanişvilin səs çoxluğu Rusiyanın təzyiqi ilə baş tutub.
Müsavat Partiyanın Gürcüstanda kiminlə əlaqələrinin olduğunu deyə bilmərəm. Vaxt var idi İsa bəy Saakaşvilini müdafiə edirdi, onu qələbəsi münasibəti ilə təbrik etmişdi. Bu danılmazdır ki, Saakaşvilinin müstəsna xidmətləri olub. Müsavat Partiyası yalnız ideologi yönümünə görə, siyasi mövqeyinə görə, siyasi qüvvələrinə görə Gürcüstanla əməkdaşlıq edə bilər. Saakaşvili bu gün hakimiyyətdən getsə belə biz onu dəstəkləməliyik. Hər bir partiyanın özünə məxsus strategiyası var. Müsavat Partiyası yəqin belə düşünür ki, yeni hakimiyyətə gələn qüvvələrlə əməkdaşlıq etmək daha yaxşıdır, nəinki Saakaşvilini dəstəkləmək”-deyə S.Cəlaloğlu Müsavat Partiyasını tənqid edib.
Qeyd edək ki, Gürcüstan prezidenti Mixail Saakaşvilinin Azərbaycanda dövlət çevrilişi ilə bağlı bəyanatı gündəmin əsas xəbərinə çevrilib. Bəyanatla bağlı iqtidar təmsilçiləri ilə yanaşı müxalif düşəgədən də müxtəlif şərhlər verilib. Müsavat partiyasının icra aparatının rəhbəri Arif Hacılı isə digərlərindən fərqli olaraq gürcü prezidenti riyakarlıqda ittiham edib. Onun sözlərinə görə, Saakaşvilinin dediyi kimi Gürcüstanda hər hansı çevriliş baş verməyib:
“Əvvəla Gürcüstanda onun dediyi kimi Rusiya tərəfindən hər hansı bir çevriliş baş verməyib. Yaxından iştirak etdiyim son seçkilərdə şahidi olmuşam ki, gürcü xalqı Saakaşviliyə və onun tərəfdarlarına səs vermədi. Az-çox saxtakarlıqlar indi onun xatırlatdığı azərbaycanlılar və ermənilər yaşayan ərazilərdə baş vermişdi. Saxtakarlıqlar Saakaşvilinin namizədlərinin xeyrinə edilmişdi. Onun namizədləri əsasən belə yaşayış məntəqələrində üstünlük əldə etmişdilər”.
Anar RÜSTƏMOV