Modern.az

“Milli qəhrəmanlar haqqında ayrıca qanuna ehtiyac yoxdur” - Deputat

“Milli qəhrəmanlar haqqında ayrıca qanuna ehtiyac yoxdur” - Deputat

Ölkə

4 Mart 2013, 09:53

“Milli qəhrəmanlar haqqında ayrıca qanuna ehtiyac olmasa da, onların imtiyazların yenidən baxmaq olar”. Bu barədə Modern.az-a Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib. O bildirib ki, Milli qəhrəmanlar haqqında ayrıca qanun aktual deyil.
“Milli Məclisin gündəliyinə “Veteranlar haqqında” qanun layihəsi salınıb. Həmin layihədə Milli qəhrəmanlar barədə heç nə deyilmir”.

Millət vəkili onu da bildirib ki, Milli qəhrəmanların imtiyazlarını yenidən nəzərdən keçirmək mümkündür: “Milli qəhrəmanlar haqqında ayrıca qanuna ehtiyac yoxdur. Hazırda onlara verilən pul istehlak səbətinə və minimum əməkhaqqı ilə müqayisədə normaldır. Yəni bu məsələ hələ ki gündəmdə deyil. Mənim Milli Qəhrəmanlara deyəcəyim isə budur ki, gənc nəslə nümunədirlər, onlarla bağlı başqa işlər görülməlidir. Həmin insanlara güzəştlər var. Onların maddi güzəştlərdən çox, mənəvi məsələlərə ehtiyacları var”.

Milli qəhrəmanların bugünkü təbliğindən narazı olduğunu deyən deputatın sözlərinə görə, onların tanıdılması üçün daha çox iş görülməlidir. Millət vəkili bildirib ki, qəhrəmanların təbliği üçün müxtəlif görüşlər keçirilməlidir:

“Bu gün Milli qəhrəmanların təbliği məni qane etmir. Düşünürəm ki, burada daha çox iş görə bilərik. Onları daha çox təbliğ edə bilərik, daha çox görüşlər keçirə bilərik. Yadıma gəlir ki, Böyük Vətən Müharibəsi qəhrəmanları, əlilləri ilə görüşlər keçirilərdi. İndi belə bir şey yoxdur. Məktəblərdə, hər yerdə bunlarla görüşlər keçirilə bilər. Televiziya burda böyük rol oynaya bilər. Mən Modern.az-a çox minnətdaram ki, Milli qəhrəmanları yada salır. Onlar haqqında vaxtaşırı məlumatlar verir. Amma yenə də cəmiyyətdə onların təbliği qaneedici deyil”.

Gültəkin Ələsgər

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı