Modern.az

Fəzail Ağamalı gizli şəbəkəni ifşa etdi: “KİV-ə məlumat ötürən məmurlar var”

Fəzail Ağamalı gizli şəbəkəni ifşa etdi: “KİV-ə məlumat ötürən məmurlar var”

Ölkə

6 Mart 2013, 08:35
“Bu gün hər hansı icra başçısının işdən azad edilməsi haqda məlumat, sərəncam rəsmən açıqlanmazdan əvvəl KİV-lərdə peyda olur. Prezident sərəncamlarının məzmunu rəsmi şəkildə Administrasiya tərəfindən elan olunmazdan öncə yayımlanırsa, KİV-ə ötürülürsə, bu, cinayətdir”.

Bu sözləri Modern.az-a açıqlamasına Milli Məclisin deputatı Fəzail Ağamalı deyib. O, bunun kifayət qədər ciddi məsələ olduğunu vurğulayıb.

“Fikrimcə, bu, heç də informasiya vasitələrinin irəliləyişi kimi qiymətləndirilməməlidir. Bu gün KİV-lər ən müxtəlif kanallarla, mötəbər mənbələrlə əlaqələrə malik olsa da, dövlət əhəmiyyətli məsələlər mətbuata sızmalı deyil”.   Millət vəkili hesab edir ki, Azərbaycanın müvafiq qurumları bununla məşğul olmalıdır.

“Heç şübhəsiz ki, ölkə prezidenti tərəfindən imzalanan hər hansı bir sərəncam, hər bir hansı kadr dəyişikliyi və s. ilə bağlı fərmanlar və digər ciddi xarakterli məlumatlar rəsmi status aldıqdan sonra Administrasiya vasitəsilə KİV-ə çıxarılmalıdır. Əgər buna qədər həmin məlumatlar artıq KİV-ə çıxırsa, bunun qarşısı hökmən alınmalıdır. Azərbaycanda “İnformasiya təhlükəsizliyi haqqında” Qanun qəbul olunmalıdır. Həmin qanun olunmadığına görə, boşluqdan istifadə edib bu cür hallara yol verirlər”.   F.Ağamalı vurğulayıb ki, prezidentin imzaladığı sənədlərin məzmunu ilə bağlı məlumatı KİV-ə kim ötürürsə, o, mütləq cinayət məsuliyyətinə cəlb olunmalıdır.

“Jurnalist bunu hardan bilir? Onu ayrı-ayrı məmurlar KİV-ə ötürürlər. Bu gün hər hansı icra başçısının işdən azad edilməsinin sərəncamdan qabaq KİV-ə sızdırılması ciddi hadisə deyil. Lakin başqa ciddi hadisələr də bu cür yolla ötürülə bilər”.

Millət vəkilinin sözlərinə görə, bu məsələ ciddi araşdırılmalıdır.

“Burada iki məqam var: birincisi, görünür ki, KİV-lə məlumatı ötürən məmur arasında çox işgüzar və qarşılıqlı əməkdaşlıq mövcuddur. İkincisi, ola bilsin ki, həmin KİV informasiyanı ötürən məmurun təsiri altındadır, yəni məmur onun təsisçisidir”.  

Aytən Əliyeva  

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı