Hazırda həbsdə olan sabiq millət vəkili Gülər Əhmədovanın yeni vəkili Raqif Məmmədov onunla görüşüb. Raqif Məmmədovun Modern.az saytına verdiyi məlumata görə, onlar görüş zamanı hüquqi məsələlər barədə söhbət ediblər.
O, bildirib ki, ikinci vəkil kimi Gülər Əhmədovanı müdafiə etmək üçün sabiq millət vəkilinin həyat yoldaşı Fikrət Əhmədov onunla müqavilə bağlayıb:
“Bilmirəm onun özünün xəbəri var, ya yox, mənimlə Gülər Əhmədovanın həyat yoldaşı müqavilə bağlayıb”.
Raqif Məmmədov onu da bildirib ki, Gülər Əhmədovanın istintaq işi ilə bağlı mübarizə aparmaq üçün yaxşı imkanlar var. Onun sözlərinə görə, ittiham o qədər əsassızdır ki, burada mübarizə aparmağa dəyər. Gülər Əhmədovanın Elşad Abdullayevlə üzləşməsini istəməsi məsələsinə də fikir bildirən Raqif Məmmədovun sözlərinə görə, istintaqın ilk işi bu olmalıdır:
“Elşad Abdullayev hələ ki açılan cinayət işi ilə bağlı dindirilməyib. Dövlət orqanları onun istintaqa cəlb olunması və cinayət işi ilə bağlı dindirilməsi üçün axtarışa verilməlidir”.
Gülər Əhmədovanın ailəsi ilə görüşməsinə icazə üçün müraciət etmədiyini də deyən vəkil bildirib ki, hələ ki sabiq millət vəkili ailə üzvlərindən heç kiminlə görüşməyib.
Gültəkin Ələsgər