Modern.az

Kommunist Partiyasının sədri: “Dumada Züqanovla görüşüb, sözümü dedim” - MÜSAHİBƏ

Kommunist Partiyasının sədri: “Dumada Züqanovla görüşüb, sözümü dedim” - MÜSAHİBƏ

Ölkə

7 Mart 2013, 12:45

“Araz Əlizadə ilə ortaq məxrəcə gəlib, işbirliyinə getmək olar”



Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov Modern.az-ın suallarını cavablandırıb.  Müsahibəni təqdim edirik.

-  2013-cü il prezident seçkisində namizədliyinizi vermək haqqında düşünürsünüzmü?

-  Azərbaycan Kommunist Partiyası bu il keçiriləcək prezident seçkisində iştirak edəcək. Bizim vahid namizədlə bağlı hər hansı bloka daxil olmağımız hələlik bilinmir. Bu məsələ hələ açıq olaraq qalır. Partiya daxilində,  rayon, şəhər təşkilatlarımızda bununla bağlı müəyyən müzakirələr və danışıqlar  aparılır. Ardıcıl olaraq rayon və şəhər komitələrində oluram. Azərbaycandakı ümumi ictimai-siyasi vəziyyəti təhlil edirik. Bütün bunlar analiz olunub yekunlaşandan sonra partiya rəhbərliyi və  Mərkəzi Komitənin bürosu namizədlik haqqında qərar verəcək. Biz faktiki olaraq  2013-cü il prezident seçkisində iştirak etməkdə maraqlıyıq. Prezident seçkisi taleyüklü məsələdir. Mənim müavinlərim, mərkəzi komitənin katibləri və büro üzvləri, koordinatorlar regionlarda olurlar. Bizim partiyanın respublikada 42 rayon və şəhər təşkilatı fəaliyyət göstərir. Bu ayın 12-dən Qərb zonasına səfərim gözlənilir. 12 rayonu əhatə edən səfərdə Qazaxdan tutmuş Mingəçevirə kimi rayon komitələri və sıravi insanlarla görüşüm olacaq. Bu səfərdə respublikadakı ictimai-siyasi vəziyyət, Azərbaycan Kommunist Partiyasının durumu müzakirə olunacaq. Bakıda ofisdə oturub gurultulu çıxışlar etmək və vədlər vermək olar. Amma yerlərdə insanlarla ünsiyyətdə olmaq tamamilə başqa effekt yaradır. 10 gün davam edəcək səfərdən sonra Bakıya qayıdacağam. Martın 31-də isə mərkəzi komitənin büro iclası olacaq.

- Azərbaycandakı sol qüvvələrlə  əlaqələriniz hansı səviyyədədir?

- Biz dəfələrlə cəhd etmişik ki, Azərbaycanda sol qüvvələrin birliyini yaradaq və təmin edək. Çox təəssüflər olsun ki, müəyyən danışıq aparsaq da, nəticədə heç bir şey əldə edə bilmədik. ASDP sədri Araz Əlizadə ilə şəxsi münasibətlərimiz olsa da, işbirliyimiz yoxdur. Hesab edirəm ki, zamanın tələbindən asılı olaraq ortaq məxrəcə gəlib, işbirliyinə getmək olar. Hələlik hər hansı qüvvə yaratmaqla bağlı məsələ müzakirə olunmur. Belə bir təklif almamışıq. Ancaq belə bir təklifin və təşəbbüsün ola biləcəyini də istisna etmirəm. Fikirlər, ideyalar üst-üstə düşürsə niyə də olmasın?!

- Rusiyadakı Kommunist Partiyası və sol qüvvələrlə əməkdaşlığınızı, münasibətlərinizi necə dəyərləndirirsiz?

- Bu ayın 10-da Mərkəzi Komitənin büro iclasında  mənim Moskva səfərimin yekunları ilə əlaqədar hesabat dinləniləcək. Mən orada Rusiya, Çin, Vyetnam Kommunist partiyalarının rəhbərliyi ilə ikitərəfli görüşlər keçirmişəm. O cümlədən fevralın 26-da Rusiya Dövlət Dumasında bu ölkənin Kommunist Partiyasının üzvləri ilə görüşüb söhbətlər aparmışam. Bizim ümumiyyətlə MDB və postsovet məkanındakı ölkələrin sol qüvvələri ilə sıx əməkdaşlığımız var. Xüsusilə Rusiya Kommunist Partiyası ilə. Bizim partiya beynəlxalq təşkilat olan Kommunist Partiyaları İttifaqı - SOV.İKP-nin 1994-cü ildən tam səlahiyyətli üzvüdür. Mən özüm də həmin təşkilatı təmsil edən rəhbər şəxslərdən biriyəm. Məndən başqa 3 nəfər azərbaycanlı orada təmsil olunur.  Həmin quruma isə Rusiya Kommunist Partiyasının rəhbəri Gennadi Züqanov rəhbərlik edir. Bu təşkilatdakı partiyalar bir-birlə sıx əməkdaşlıq edirlər. Baltikyanı ölkələrdə Kommunist partiyaları qeydiyyatdan keçməsə də, müəyyən qadağalar olsa da, qeyri-rəsmi də olsa, bu qurumun tədbirlərinə qatılırlar. Həmçinin Ukrayna və Belorus sol qüvvələri ilə də güclü münasibətlərimiz var. Aprel ayında Ukraynada Kommunist Partiyaları İttifaqının növbəti plenar iclası keçiriləcək. Mən də ora dəvət almışam.

- Rusiyadakı Kommunist Partiyasında Azərbaycanda gedən siyasi proseslərlə bağlı nə düşünürlər?

- Onların söhbətlərində əsasən dünya kommunist hərəkatında gedən proseslər müzakirə olunur. Respublikalardakı ictimai-siyasi durum müzakirə olunmur. Bu yaxınlarda Züqanovun Azərbaycanda olması və KİV-ə Azərbaycanda inkişaf görməsi ilə bağlı açıqlamalar verməsi  bizim işimizin qiymətləndirilməsi idi. Rusiya Kommunist Partiyasının Azərbaycana münasibəti xoş və müsbətdir. Təbii ki, Rusiya Kommunist Partiyası müxalifətdə təmsil olunsa da, müəyyən təsir etmək imkanları var. Həmçinin Rusiyanın hakim dairələrinə təsir göstərmək imkanları da mövcuddur.

Aqşin Kərimov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı