Siyavuş Novruzov: “Ən yaxşısı viza rejiminin tətbiq olunmasıdır”
“Kimsə İrandan gələndə cibində metrə gətirmir ki, getdiyi yeri ölçsün. Bu məsələyə baxmağın heç bir əhəmiyyəti də yoxdur”. Bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Modern.az-a İranla sərhəddə sadələşdirilmiş keçidin bərpa olunması perspektivləri haqda danışarkən bildirib.
YAP-çı deputat bir müddət əvvəl Azərbaycan tərəfindən ləğv edilən sadələşdirilmiş gediş-gəliş müqaviləsinin yenidən gündəmə gətirilməsinin əhəmiyyət kəsb etmədiyini deyib. Onun sözlərinə görə, bu müqavilə daha çox insanların hüquqlarını pozur:
“Bəzi adamlar başa düşmürlər deyirlər ki, İranla nə isə tətbiq olunub. Azərbaycan vətəndaşlarının İrana getməsi tam sərbəstdir. İran vətəndaşları da viza rejimi ilə Azərbaycana gələ bilərlər. Heç bir sənədi olmadan sərhədi keçmək doğru olmazdı. Hesab edirəm ki, hər iki dövlətin xarici işlər nazirləri fikirləşərlər, müzakirələr apararlar. Onlar uyğun hesab bilərlərsə bu müqavilə yenilənə bilər. Əslində bunun heç bir mənası yoxdur. Bu necə ola bilər? Məsələn, Astaranın bir kəndinə gedə bilərsən, o biri kəndinə yox. Axı, burda qanun pozuntusu var. Kimsə də gələndə cibində metrə gəzdirmir ki, ölçsün: 30 km gedib, yoxsa 50 km. Ən yaxşısı viza rejiminin tətbiq olunmasıdır. Xüsusən də Novruz bayramında İran tərəfindən həddindən artıq çox gələn olur. Mən sadələşdirilmiş gediş-gəlişin bərpa olunmasına lüzum görmürəm.”-deyə S.Novruzov münasibət bildirib.
Qeyd edək ki, Milli Məclisin martın 5-də keçirilən iclasında spiker Oqtay Əsədov tərəfindən qaldırılan məsələyə İran İslam Respublikasının Bakıdakı səfirliyi münasibət açıqlayıb. Səfirlik sadələşdirilmiş gediş-gəliş məsələsinə yenidən baxılmağı, ölkələr arasındakı müqavilənin uzadılmasının vacib olduğunu bəyan edib.
Anar RÜSTƏMOV