“Əsgər ölümü ilə bağlı hər birimiz narahatıq və istəyirik ki, bu cür hallar baş verməsin”. Bunu Modern.az-a açıqlamasında deputat Fərəc Quliyev deyib. Milli Məclisin üzvü bildirib ki, bu məsələləri qapalı dairələrdə müzakirə etmək və nəticə çıxarmaq lazımdır. “Bu cür hadisələr baş versə təbii ki, araşdırılmalı və səbəbkarlar mütləq cəzalandırılmalıdır. Həmçinin nəzərə almaq lazımdır ki, Azərbaycanda onunla bağlı hər hansı yazını, hərəkəti Ermənistan tərəfi izləyir. Bu baxımdan ordumuzu nüfuzdan salan hərəkətlər etməməli və orada olan məsələləri şişirtməli deyilik. Döyüş vəziyyətidir və belə hallar bundan sonrada olanda qanuni yolla ölçü götürülməlidir”.
F. Quliyev bildirib ki, əsgərlərin ölməsi ilə bağlı kütləvi tədbirlər keçirmək məsələyə heç bir xeyir gətirməz. Deputatın sözlərinə görə, bununla bağlı parlamentin özündə qapalı iclaslarda və yaxud da Müdafiə Nazirliyi rəhbərliyinin iştirakı ilə hər hansı bir qapalı yığıncaqlarda bu məsələ aydınlaşmalıdır. “Valideynlər tərəfindən şikayətlər, ciddi məqamlar varsa, komissiya yaranmalıdır. Əsgər ölümlərini kütləvi intihar halları baş alıb gedir kimi təqdim edilməsi ilə razılaşmıram. Ölkə döyüş vəziyyətindədir, amma dinc dövlətlərin ordularında bu kimi hallar olur. Həmçinin kimsənin cəzasız qalmasını, övladlarımızın itirilməsini istəmirəm. Bu məsələnin də normal şəkildə araşdırılmasının tərəfdarıyam”, – deyə deputat vurğulayıb.
Anar Kəlbiyev