Ölkənin iri müxalifət partiyaları ofis problemi yaşayır...

Partiyaların ictimai-siyasi fəaliyyətinin həyata keçirilməsində onların qərargahının olması vacib şərtlərdəndir. Toplantılar, iclaslar daha çox partiyaların öz qərargahlarında olur. Eyni zamanda qərargahların şəraiti, maddi-texniki təminatı da siyasi fəaliyyətin effektli alınmasında önəmli rol oynayır. Bunu nəzərə alaraq Modern.az Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların qərargahları haqqında araşdırma aparıb.
Qərargahı olmayan partiyalar
Aparıcı müxalifət partiyası olan, siyasi həyatda aktivlik göstərən Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) 2005-ci ildən başlayaraq fəaliyyətini qərargahsız davam etdirir. Belə olan təqdirdə iclaslar, toplantılar, görüşlər harada keçirilir? Bu barədə danışan AXCP-nin sədr müavini Razi Nurullayev bildirib ki, qərargahsız qalmaq onlar üçün böyük çətinlik yaradır.
“Qərargahsız fəaliyyət göstərmək partiyamız üçün olmazın çətinliklər yaradır. Bu zaman ərzində partiya bir neçə dəfə kirayə ofis götürmək istəyib. Amma AXCP-nin adı gələn kimi həmin insanlar bağladığı müqavilədən imtina ediblər. Dəfələrlə cəhd göstərib partiyamızın fəallarının adına ofislər götürmüşük. Maksimum bir ay sonra ofis sahibləri partiyanın oradan çıxması tələbini ortaya qoyublar. Ofis götürmək o qədər də problem olmaz, partiyamız müəyyən imkanları səfərbər edə bilər, amma əfsuslar olsun ki, heç kim bizə qərargah vermək istəmir. Ona görə də görüşlər, toplantı və iclaslar partiya rəhbərliyinin və üzvlərinin yaşadığı mənzillərdə, dostların yaşadığı evlərdə keçirilir. Amma ən böyük tədbirlərimiz vaxtilə ADP-nin ofisində olub. Son zamanlar AXCP-nin bütün tədbirləri isə Müsavat Partiyasının qərargahında gerçəkləşib. Buna görə də onlara minnətdarıq.
Azərbaycan Milli İstiqlal Partiyası vaxtilə Azərbaycanda ən yaxşı qərargaha malik olan siyasi təşkilat olub. 2001-ci ildə Azadlıq prospekti 171-də yerləşən qərargah da dövlət ehtiyacları adı altında AMİP-dən alınıb və bundan sonra heç bir ofislə təmin olunmayıb.
Bir müddət şəhərin ayrı-ayrı yerlərində kirayə ofis götürən AMİP hazırda partiyanın Nəsimi rayon təşkilatının ofisinə sığınıb. Mərkəzi qərargahı isə yoxdur. Tibb Universitetinin yaxınlığında yerləşən qərargah 5 otaqdan ibarətdir. Bu barədə AMİP-in beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev məlumat verib.
“Biz bu çətinliklərə baxmayaraq fəaliyyətimizi davam etdiririk. Özümüz şərait yaratmışıq. Kompüter avadanlıqları və internetimiz var. Bundan başqa, bizim digər bölgələrdə də rayon təşkilatlarının qərargahları var. Bütün bu qərargahların əksəriyyəti 1992-1993-cü illərdə dövlətdən müqavilə əsasında icarəyə götürülüb. Partiyanın siyasi şuralarının toplantıları belə qərargahlarda keçirilir. Mərkəzi Şuranın 180-ə yaxın nümayəndəsi olduğu üçün onların iclasları, görüşləri müqavilə əsasında hansısa oteldə və ya digər partiyaların qərargahlarında olur. Qurultaylar da icarəyə götürdüyümüz digər yerlərdə baş tutur”.
Qərargahı olan partiyalar
Müsavat Partiyası 2003-cü ilə kimi Azərbaycan prospekti 37 ünvanında yerləşən binada fəaliyyət göstərib. Amma 2003-cü ildə Azərbaycanda keçirilən prezident seçkilərindən sonra partiya şəhərin mərkəzindəki qərargahını itirib.
Müsavat hazırda Binəqədi rayonu, Dərnəgül qəsəbəsi 3097-ci məhəllədəki 4 mərtəbəli binanın iki mərtəbəsində fəaliyyət göstərir. Bu binaya köçən zaman otaqlar normal olmadığından Müsavat rəhbərliyi bir qədər xərc çəkərək, otaqlara əl gəzdirib təmir işləri aparıb. Amma hazırda da qərargahın bir sıra yerləri bərbad vəziyyətdədir. Partiya hər ay kommunal xərclərlə birgə 1000-1200 manat civarında dövlət rüsumu ödəyir. Partiyadan aldığımız məlumata görə, ianələr, üzvlük haqları hesabına texniki avadanlıqlar və qərargahın digər ehtiyacları təmin edilir. Kompüterlə də təchizatı normaldır.
Böyük Quruluş Partiyasının qərargahı təxminən 70-80 kvadrat metr sahəni əhatə edir. Qərargah partiyaya dövlət tərəfindən icarəyə verilib. Bu barədə partiya sədri, millət vəkili Fazil Mustafa özü bildirib. Deputat həm də şəraitsizlikdən şikayətlənib.
“Bizdə partiyanın qərargahı çox da böyük deyil. Yerləşmə yeri və təmiri orta səviyyəlidir. Ancaq binanın çardağı yaxşı vəziyyətdə deyil. Buna görə də mənim otağıma yağış yağanda su damır. Buna baxmayaraq kompüterlərimiz və müəyyən avadanlıqlarımız var. İmkanlarımız məhdud olsa da, öz fəaliyyətimizi tənzimləyə bilirik. Cəmi 4 otaq var. Bəzi iclaslarımız öz ofisimizdə olsa da, məclisimizin toplantıları Ədalət Partiyasının qərargahında gerçəkləşir”.
Azərbaycan Demokratik İslahatlar Partiyasının ofisi Sabit Rəhman küçəsi 7 ünvanında yerləşir. Partiya ofisi bir neçə illik müddətə icarəyə götürüb. Qərargah 3 mərtəbəli binadan ibarətdir. Maddi-texniki bazası kompüter və internet, istilik və soyutma sistemləri təchizatı müasir standartlara cavab verir. Binanın 1-ci mərtəbəsində partiyanın gənclər təşkilatı, 2-ci mərtəbədə partiya sədrinin otağı var. Üçüncü mərtəbədə isə konfrans zalı yerləşir.
Azərbaycan Demokrat Partiyası (ADP) 1992-ci ildən Ələşrəf Əlizadə 13 ünvanında yerləşən qərargahı dövlətdən 25 illiyə icarəyə götürüb. Amma bina partiyanın deyil, "Hürriyyət" qəzetinin balansındadır. Belə demək mümkünsə, qəzet icarəyə götürdüyü binanın bir hissəsini partiyaya icarəyə verib. Bunun müqabilində isə partiya "Hürriyyət" qəzetilə birlikdə hər kvartal 600 manat icarə haqqı ödəyir. Partiya qərargahının durumu ilə bağlı ADP sədr Sərdar Cəlaloğlu danışarkən qeyd edib ki, bütün şəraiti özləri yaradıblar.
“Qərargah bizə veriləndə demək olar ki, istifadə üçün yararsız bir yer idi. Amma sonradan bir çox şeyi qaydaya sala bildik. Şəraitimiz normaldır. Bizdə indi hər bir otaqda kompüter var. Fəaliyyətimizi normal təmin etmək üçün şərait yaratmışıq”.
Azərbaycan Sosial Demokrat Partiyası da bir neçə dəfə qərargahını dəyişib. Əvvəl şəhərin mərkəzində 28 may küçəsində yerləşən partiya sonradan bir müddət Binəqədi rayonu ərazisində İ. Dadaşov 60 ünvanında fəaliyyət göstərdi. Hazırda isə partiya yenə də Binəqədi rayonunda bu dəfə Azadlıq prospekti 200-də yerləşən yeni qərargahda fəaliyyət göstərir. Partiyanın qərargahı 4 otaqdan ibarətdir. Qərargah partiyaya dövlət tərəfindən ayrılıb.
Qərargahı özəl mülkiyyət olan partiya...
Vətəndaş Həmrəyliyi Partiyasının qərargahı Xətai rayonu, Xaqani Rüstəmov küçəsi 1210-cu məhəllədə yerləşir. Partiyanın qərargahı altı mərtəbəli binadan ibarətdir. Bu bina partiyanın özəl mülküdür. Partiyadan əldə etdiyimiz məlumata görə binada 400 nəfərlik böyük konfrans zalı var. Eyni zamanda maddi-texniki bazası da yaxşıdır. İnternet sistemi yüksək səviyyədədir. Hər bir şöbənin, müavinlərin və partiya sədrinin ayrıca öz otağı var.
Aqşin Kərimov