Bakıda gənclərin keçirdiyi son etiraz aksiyalarının kimlər və yaxud da hansı qüvvələr tərəfindən təşkil edilməsi haqda müxtəlif fikirlər səsləndirilir. Aksiyaların sosial şəbəkələr vasitəsi ilə təşkil edildiyi əvvəlcədən bəyan olunsa da, bir çoxları bu işdə xarici qüvvələrin rolunun olduğunu istisna etmirlər.
Xüsusən də, müxalifət partiyalarının bir-birinin ardınca aksiyaların onlar tərəfindən keçirilmədiyi haqda bəyanatları məsələnin kökündə xarici dəstəyin olması şübhəsini artırır.
Politoloq Elxan Şahinoğlu da aksiyaların təşkilində xarici qüvvələrin iştirakının mümkün olduğunu bildirib. Modern.az-a açıqlamasında E.Şahinoğlu qeyd edib ki, əsgər ölümlərinə etiraz olaraq Bakıda keçirilən aksiyaların haradan qaynaqlanmasını proqnozlaşdırmaq mümkün deyil:
“Birmənalı şəkildə demək çətindir ki, bu aksiyaların təşəbbüskarı kimlərdir. Bildirilirdi ki, son aksiyalar sosial şəbəkələr vasitəsilə təşkil olunub. Son aksiyaya diqqət yetirəndə bilinmədi ki, ilk təklif kimdən gəldi, aksiyanın təşkilatçısı kim oldu. Əsgər ölümü ilə bağlı keçirilən ilk aksiya hakimiyyət tərəfindən araşdırılsaydı, növbəti aksiya barədə məlumatlar üzə çıxardı. Belə aksiyalar bundan sonra da olacaq. Biz də baş sındırmalı olacağıq ki, bu aksiyaların arxasında xarici qüvvələr var, yoxsa yoxdur.
Ümumilikdə sosial şəbəkələri götürsən, istənilən adam xaricdə oturaraq bu işi sistemləşdirib quraşdıra bilər. Sosial şəbəkələr qlobal bir şəbəkədir. İstənilə aksiyanı Bakıdan oturaraq da təşkil edə bilərsən, Vaşinqtondan da təşkil edə bilərsən. Sosial şəbəkələrin təsir imkanına malik olmadığı vaxtlarda birbaşa xaricdən dəstək alaraq belə aksiyaları keçirmək çətin idi. Bunun üçün mütləq canlı görüşlər keçirmək lazım idi. Amma bu aksiyaların arxasında kimlərin dayandığını söyləmək çətindir”-deyə politoloq şərh edib.
Qeyd edək ki, bu il bir neçə dəfə gənclər tərəfindən Bakıda “Əsgər ölümünə son!” adı altında aksiya keçirilib. Sonuncu aksiya martın 10-da Fəvvarələr Meydanında keçirilib. Aksiyalarla bağlı Facebook sosial şəbəkəsində kampaniya aparılsa da, təşəbbüsün kim tərəfindən irəli sürülməsi dəqiq bilinmir.
Anar RÜSTƏMOV