Modern.az

“Əməkdaşlıq alınmasa, “El”i “YES”in taleyi gözləyir” - ŞƏRH

“Əməkdaşlıq alınmasa, “El”i “YES”in taleyi gözləyir” - ŞƏRH

Ölkə

14 Mart 2013, 13:27



Yeni yaradılmış “El” hərəkatının İctimai Palata ilə əməkdaşlığının perspektivləri barədə müzakirələr gedir.  Bir sıra təhlilçilərin fikrincə, “El” hərəkatının təşəbbüs qrupunda cəmləşənlər sovet nomenklaturasının nümayəndələri, İctimai Palatada isə əsasən, milli azadlıq hərəkatında iştirak etmiş şəxslər təmsil olunur. İdeoloji baxışların fərqliliyini nəzərə alsaq, belə bir əməkdaşlığın baş tutma ehtimalı varmı?

Bu barədə Modern.az-ın suallarını cavablandıran “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun fikrincə, “El” hərəkatının sədri Eldar Namazovun üzərinə böyük məsuliyyət düşür.

Eldar Namazov ideya adamıdır...

“İctimai Palata uzun müddətdir ki, fəaliyyət göstərir. Bu qurumun əsas özəyini də Müsavat və AXCP funksionerləri təşkil edir. Onların müəyyən komandası var. Amma “El” hərəkatı haqqında bu sözləri demək bir qədər çətindir. Onların dairəsində  hörmət etdiyim yaşlı insanlar toplanıb. Eyni zamanda “El”də müxtəlif fikirli adamlar da var. Bu hərəkatın uğur qazanıb-qazanmayacağını söyləmək də çətindir. Eldar Namazov bir ideya adamı kimi tanınır. Ancaq bəzən irəli sürdüyü bu cür layihələrin yükünü təkbaşına daşıdığından istənilən nəticəni əldə etməkdə problemlər yara bilər”.

“El”lə “YES” arasında oxşarlıq nədir?

Politoloq onu da qeyd edib ki, “El” hərəkatı yaradılıbsa, Eldar Namazov onu irəli aparmaq məcburiyyətində qalacaq.
“Bu da alınmasa və uğursuz bir layihə kimi gerçəkləşərsə, Eldar Namazov kimi siyasətçinin tərcümeyi-halına mənfi hal kimi yazıla bilər. Buna görə də düşünürəm ki, Eldar Namazov təkbaşına hərəkət etməyəcək. İctimai Palata ilə hər hansı əməkdaşlıq mexanizmi yaratmağa çalışacaqlar. Bu, uğurlu koordinasiya ola bilər. Ancaq bu, o zaman reallaşa bilər ki, İctimai Palata və “El” hərəkatı vahid namizəd məsələsində razılığa gəlsinlər. Ancaq bir tendensiya da var. İctimai Palatanın özündə də vahid namizədlə bağlı problem var. Buna baxmayaraq Eldar Namazovla razılığa gəlinsə, müəyyən nailiyyətdən danışmaq olar. Əks təqdirdə, ayrı-arılıqda hərəkət edəcəklərsə, hər ikisi uğursuzluğa düçar olacaq. Vaxtilə Eldar Namazovun “YES”  hərəkatı var idi. İndi isə o haqda heç kim danışmır, çünki unudulub. Əməkdaşlıq alınmazsa, “El”i də “YES”in aqibəti gözləyir”.

Sağ, sol yoxsa mərkəzçi?

İdeoloji baxışlardakı fərqə toxunan politoloq bildirib ki, burada ciddi bir fərq yoxdur və bu, o qədər də önəmli deyil.
“Çünki bizdə partiyalar ideoloji əsaslarla qurulmayıb. Bəzi müxalifət partiyaları var ki, onların sağ, sol, mərkəz ideologiyasının daşıyıcısı olduğu bilinmir. Onlar sadəcə olaraq liderlərinin ətrafında birləşirlər. İdeoloji istiqamət həmin partiyaların üzvlərini o qədər də cəlb etmir. Bu mərhələyə çatmağa isə hələ çox var. “El” hərəkatına gəlincə, o da hakimiyyət dəyişikliyinə nail olmaq və demokratik islahatlara təkan vermək istəyindədir. Bu baxımdan müəyyən qruplar birləşə bilərlər. Bütün müxalifətin bir araya gəlməsi mümkün də deyil. Ancaq eyni ideologiyaya yaxın qrupların bir araya gəlməsi aksiomdur. Məqsəd hədəfə çatmaqdırsa, bu, gerçəkləşə bilər. “El” hərəkatında professorlar, akademiklər, ziyalılar var və birbaşa müxalifətlə bağlılıqları olmasa da, onların də hədəfi müxalifətlə eynidir. Bu məqsəd ətrafında birləşməkdən söhbət gedə bilər. Bunun alınıb-alınmamasını isə yaxın 2-3 ayda bilmək olar”.

Aqşin Kərimov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı