Modern.az

Eldar İbrahimov: “Fermerlər bizə “Aqrolizinq”dən şikayətləniblər”

Eldar İbrahimov: “Fermerlər bizə “Aqrolizinq”dən şikayətləniblər”

Ölkə

15 Mart 2013, 18:04

Modern.az xəbər verir ki, Milli Məclisin bugünkü iclasında hökumətin hesabatı zamanı Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov çıxış edib. O, bildirib ki, respublikanın sosial-iqtisadi inkişafı sahəsində əldə edilən uğurlar prezident İlham Əliyevin həyata keçirdiyi  və daim təkmilləşdirdiyi  iqtisadi siyasət strategiyasının sayəsində mümkün olub.

Deputatın sözlərinə görə, qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən davamlı və məqsədyönlü tədbirlər nəticəsində   keçən il iqtisadiyyatda əldə edilmiş əlavə dəyərin (ÜDM) 52,7   faizi və ya ilk dəfə olaraq yarıdan çoxu bu bölmədə yaranıb.  

“2012-ci ildə kənd təsərrüfatı məhsulları istehsalının artımı, əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təminatının yaxşılaşması, təsərrüfatların maddi- texniki bazasının möhkəmləndirilməsi təmin edilmiş, kənd təsərrüfatı məhsulları istehsalçılarına büdcə vəsaiti hesabına yardımlar göstərilməsi davam etmişdir.
 Bunun nəticəsidir ki, hesabat ilində bir çox ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi yüksəlmiş, bəzi məhsulların ixracı isə artmışdır. Bir çox rayonlarda süd emalı və süd məhsulları istehsalı zavodları, meyvə və üzüm emalı müəssisələri, soyuducu anbarlar və digər emal müəssisələri tikilib istifadəyə verilmiş və bəzi rayonlarda bu işlər davam etdirilir. Onu da bildirirəm ki, ərzaq təhlükəsizliyi ilə əlaqədar burada deyilən tənqidi fikirləri qəbul etmirəm və bu sahədə xeyli işlərin  görülməsi hamıya bəllidir. Ona görə də biz bir işə qiymət verəndə obyektiv olmalı, qərəzli fikirlər bildirməməliyik”-deyə E.İbrahimov bildirib.

E.İbrahimovun fikrincə, Nazirlər Kabineti 2012-ci ildə öz üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlib.
“Bununla yanaşı hökumətin diqqətini həlli vacib olan bəzi məsələlərə yönəltmək istəyirəm”-deyə komitə sədri bildirib ki, Azərbaycan ekoloji təmiz məhsullarla xarici bazarlara çıxmalıdır.

“Bildirirəm ki, hörmətli prezidentimizin bu tapşırığını yerinə yetirmək üçün hökumət ekoloji təmiz məhsullar istehsal edən subyektlərin sayının və məhsulun həcminin artırılması, onun sertifikatlaşdırılması, marketinqi və digər məsələləri ciddi nəzarətə götürməli, bu məhsul istehsalçılarının stimullaşdırılmasını həyata keçirməlidir. Onu da qeyd etmək istəyirəm ki, Avropa və digər inkişaf etmiş ölkələrdə bu məhsullara tələbat ildən- ilə artır və Finlandiya özünü  ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsal edən ölkə elan edib. Ölkəmizin də bu statusdan istifadə etməsi  üçün bütün imkanları vardır və hesab edirəm ki, hökumət bu barədə düşünməlidir.

Bir vacib məsələyə də toxunmaq istəyirəm. Fermerlər bizə müraciət edərək  “Aqrolizinq” ASC-nin göstərdiyi aqrotexniki xidmətlərin tariflərinin yüksək olmasından şikayətlənirlər. Hesab edirəm ki, məsələyə  hökumətdə  yenidən baxılmalı və taariflərin aşağı salınması üçün tədbirlər görülməlidir. Yaxşı olar ki, göstərilən aqrotexniki xidmət “Aqrolizinq” cəmiyyətinin yüksək gəlir əldə etməsinə yox, fermerlərin daha ucuz məhsul istehsal etməsinə yönəlsin ki, dövlətin sahibkarlara kömək etmək məqsədi daha dolğun təmin edilsin”.

Aqrar sahənin inkişaf etdiyi ölkələrdə tədarük olunan kənd təsərrüfatı məhsullarının 50 faizindən çoxunun kooperativlərin payına düşdüyünü xatırladan deputat, dünya təcrübəsinə əsaslanaraq respublikamızda da  kənd təsərrüfatı  kooperasiyasının bir sistem kimi formalaşmasının vacibliyini önə çəkib.
“Kənd Təsərrüfatı Nazirliyinin təklifi və iştirakı ilə  hazırladığımız  “Kənd təsərrüfatı kooperasiyası haqqında”  qanun layihəsi hazırda ikinci oxunuş üçün təkmilləşdirilir. Xahişim ondan ibarətdir ki, hökumət kənd təsərrüfatı istehsal və istehlak kooperativlərinin yaradılması və səmərəli fəaliyyət göstərməsini dəstəkləsin və bu prosesi öz nəzarətinə götürsün”.

E.İbrahimov hökumətin 2012- ci ildə fəaliyyətini müsbət qiymətləndiririb:
“Mən hesabatın qəbul olunmasına səs verəcəyəm və  deputat həmkarlarımı da səs verməyə çağırıram”.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı