Millət vəkili Fazil Mustafa cəmiyyətdə ən çox müzakirə mövzusu olan şiə, sünni məsələsinə münasibət bildirib. Modern.az-ın məlumatına görə, deputat din adı altında gənclərə qarşı aparılan çirkin kampaniyaları pisləyərək dindarları şiə, sünni ayrıseçkiliyindən əl çəkməyə çağırıb. F.Mustafanın fikrincə, hər bir insan digərinə öz təriqətini tərifləməklə məşğuldurlar.
Belələrini söymək və döymək yox, onlara da şəfqət diləməlisən
“Bu gün ibadətə gəlmək istəyən yeniyetmə və gənclərimiz böyük çaşqınlıqla qarşılaşır. Hərə öz təriqətini tərifləyərək həmin gənci öz yoluna dəvət edir ki, bu da onun azmasına gətirib çıxarır. Bu dinin içində olan bir insan və millətimizin vəkili kimi belə gənclərə nəsihətiniz nə olardı?
Mən nəsihət yox, tövsiyə edə bilərəm ki, dini siyasiləşdirməsinlər. Öz ibadətlərini başqaları üzərində bir üstünlük alətinə çevirməsinlər. Dində əsas amil xoş münasibətdir. Bu gün kim istər şiə, istər sünnü olsun Allahın qarşısında baş əyirsə mənim ona sayqım var. Kim ki əymirsə hamı bilsin ki, onsuz da gec-tez o da başını əyəcəkdir. Çünki indi o cahildir və ürəyi xəstədir. Belələrini söymək və döymək yox, onlara da şəfqət diləməlisən. Bu insanlara qarşı da mərhəmət duyğusu içərisində olmalısan. Bir sözlə, səmimi qəlbdən başını Allah qarşısında əyən, həmçinin niyyəti saf olub hələ başını əyməyən hər bir kəsə xoş niyyətlə yanaşmalısan. Yoxsa “sən möhürlə namaz qıldın”, “mən möhürsüz qıldım” və s. bu kimi lazımsız ifadələr işlətməməliyik. Niyyəti düz olan bütün insanlara sevgiylə yanaşmağı bacarmaq lazımdır. Bəzən biz siyasətçilər də belə auranın təsiri altında olmaqdan qurtula bilmirik. Amma tədricən Azərbaycan cəmiyyətinin imanlı və səmimi bir din anlayışına malik olacağını müşahidə edəcəyik; mən buna inanıram. Və ümid edirəm ki, bu halda radikallıq və aşırılıq, həmçinin İslamdan qorxu hissi yaranmayacaq. Həmçinin biz dünyəvi yaşam modelindən də imtina etməyəcəyik. Çünki bu model bizim müəyyən mənada dünyada ayaqda qalmağımızın tələblərindən biridir, bunu unutmayaq”.
Anar RÜSTƏMOV