Azərbaycan Qaçqınlar Cəmiyyəti seçki bəyanatı ilə çıxış edib. Cəmiyyətdən Modern.az-a daxil olan bəyanatda bildirilib ki, son 25 ilin təcrübəsindən görünür ki, hər dəfə Azərbaycanda seçkilər, xüsusilə də prezident seçkiləri yaxınlaşdıqca Qərbi Azərbaycanlılar amili gündəmə gəlir.
“İllərlə yada salınmayan, problemlərinə göz yumulan, qaçqınlıq statusu, sosial güzəştləri ləğv edilən və ən əsası da tarixi vətənlərinə qayıtmaq uğrunda mübarizə aparmaq hüququ belə, de fakto əllərindən alınan qaçqınlar, deportasiya qurbanları məhz bu anda yada düşür”-deyə bəyanatda bildirilir.
Cəmiyyət daha sonra bəyan edib ki, qarşıdakı seçki ilə bağlı kimi dəstəkləyəcəyini hələ müəyyənləşdirməyib.
Bəyanat təşkilatın sədr müavini Əziz Ələkbərlinin adından yayılıb.
Az keçməmiş əslən Qərbi Azərbaycandan olan deputat Fəzail Ağamalıdan bu bəyanata sərt təpki gəlib.
Modern.az saytında açıqlamasında F.Ağamalı deyib ki, Azərbaycanda Qaçqınlar Cəmiyyəti adlı bir qurumun fəaliyyəti yoxdur: “Bu baxımdan fəaliyyəti olmayan cəmiyyətin bəyanatına ciddi yanaşmıram”.
Milli Məclisin üzvü bildirib ki, Qərbi Azərbaycandan olan qaçqınların və digər rayonların məcburi köçkünlərin bu gün siyasi proseslərə qatılmasına ehtiyac duyulmur.
“Barəsində danışdığımız qurumun bəyanatı isə məkrli niyyətlər güdür”-deyə F.Ağamalı vurğulayıb.
Anar Kəlbiyev