Bakının Xətai rayonunun sabiq icra başçısı Zəlimxan Məmmədli hazırki icra başçısı Razim Məmmədovla bağlı prezident İlham Əliyevə müraciət edib. Modern.az-ın məlumatına görə, Z.Məmmədli bildirib ki, Razim Məmmədov istefaya göndərilməlidir.
Zəlimxan Məmmədlinin müraciətini olduğu kimi təqdim edirik:
“Prezident İlham Əliyevin hökumətin toplantısında bəzi məmurlara və onların «qudurmuş» övladlarına barmaq silkələməsindən bir aya qədər vaxt keçib. Bəzi insanlarımız harınlamışlardan xilas olacaqlarına ümidləndilər. Axı prezident dünyanın gözü qarşısında bəyanat verdi, cızığı tapdalamış məmurlara barmaq silkələdi. Onun bir sözünü iki edən məmur yoxdur axı. Amma... Sən saydığını say...
Mən də Xətainin qurucularından biri kimi bəyənat verərək, gözümün önündə tar-mar edilən rayonda bu barbarlığı dayandırmaq, insanlarımızın və şəhərimizin gözəlliyinə xələl olan naqislikləri aradan qaldırmaq üçünı geniş ictimaiyyətin, rayon rəhbərliyinin, hökumətin və nəhayət prezident İlham Əliyevin diqqətini rayonda günün günorta çağı baş alıb gedən istər magistral, istərsə də məhəlləiçi müdhiş ağac soyqırımına yönəltmək istədim. Bu işdə ictimai dəstək yerində oldu. Ancaq min təəssüf ki, qudurğanlar qudurğanlıqlarını davam etdirməkdədilər. M. Hadi 41 - 51, Neapol 3-5-7 binaların həyətyanı qırmızı zolaqları sürətlə dağıdılmaqdadır. (əksər yerlərdə soyqırım geniş vüsət alıb). Sanki rayon rəhbərliyinin gözü tutulub, ağlı gödəlib, bu rayonu dağıtmaqdan zövq alan vampiri xatırladır.
Üzümü birbaşa Prezident İlham Əliyevə tuturam:
1. Cənab Prezident Sizi Novruz bayramı münasibətilə təbrik etməklə, Xətai rayon rəhbərliyin Sizi və sizin göstərişlərinizi saya saymadığını nəzərinizə çatdırıram,
2. Ekologiya Nazirliyi sizin və atanız, mərhum H. Əliyevin "bir ağac kəsən elə bil mənim qolumu kəsir" nidasını saya salmır,
3. Xətai rayonunun sadə insanlarını sizin üzərinizə qaldırırlar. Belə getsə siz gələcəkdə bu rayonda səs yığa bilməyəcəksiniz,
4. Xətai rayonunun qurulmasında atanız H. Əliyev mühüm rol oynamışdır. Onun qurduğu rayonun arxitekturasını dağıdanlar sizin düşmənləriniz deyilmi?
Odur ki, sizdən xahiş və vətəndaş olaraq tələb edirəm:- rayonu dağıdanlardan Xətaini xilas edib”.-deyə Z.Məmmədli müraciət ünvanlayıb.
A.RÜSTƏMOV