Ermənilər, Ermənistan hakimiyyəti Azərbaycanın işğal altında olan ərazilərindəki maddi mədəniyyət nümunələrini imkan daxilində özününküləşdirirlər. Məsələn, qədim alban məbədlərini erməni kilsəsinə çevirirlər, qədim tikililərə erməni xaçı pərçim etməklə bu coğrafiyada özlərinin qədimliklərini isbatlamağa çalışırlar.
Ancaq elə təkzibolunmaz dəlillər var ki, onların erməniləşdirilməsi sadəcə olaraq mümkün deyil. Məsələn, indiki Ermənistan ərazisi hesab edilən qədim Qərbi Azərbaycan torpaqlarındakı türk-müsəlman abidələri, məscidlər, səcdəgahlar... Bu halda, erməni hiyləgərliyi özünü yenə də göstərir.
Bir neçə ay əvvəl türkiyəli araşdırmaçı Hasan Oktaydan bir müsahibə almışdıq. Adam tez-tez İrəvana gedib-gəlir. Deyir ki, İrəvandakı "Göy məscid"i İran Mədəniyyət Mərkəzinin qulluğuna veriblər. Və İrəvanın məhşur "Göy məscid"i, yüzminlərlə mömin Azərbaycan türkünün ruhunun dolaşdığı bu məbəd "fars mədəniyyət nümunəsi" kimi təqdim olunur. Və bu təqdimat rəsmi Tehranın ürəyinə yağ kimi yayılır.
Bu günlərdə rast gəldiyim bir xəbər isə erməni həyasızlığının hüdudsuzluğu haqda təsəvvürlərimi möhkəmləndirməklə yanaşı, bir qardaş dövlətin sərgilədiyi münasibətə görə acı təəssüf hissi doğurdu...
Ermənistan prezidenti Serj Sərkisyan Türkmənistandan dəvət alıb. Türkmənistanın dövlət başçısı Qurbanqulu Berdimuhəmmədov Sərkisyanı Türkmənistana dəvət edib. "Türkmən" dövlət xəbər agentliyinin bildirdiyinə görə, Berdimuhəmmədovla Sərkisyan arasında telefon danışığı baş tutub: "Prezidentlər görüşdə ikitərəfli əlaqələrlə yanaşı beynəlxalq və regional mövzularda da fikir mübadiləsi ediblər. Türkmənistan lideri Sərkisyanı prezident seçkilərində qalib gəlməsi münasibəti ilə təbrik edib. Sərkisyanın dəvətdən məmnunluq duyduğu qeyd edilib. Berdimuhəmmədov Ermənistan ərazisində olan Türkmənistana aid tarixi və mədəni binaların qorunması istiqamətində İrəvan rəhbərliyinin göstərdiyi maraqdan ötəri təşəkkürlərini çatdırıb".
"Ermənistanda Türkmənistana aid tarixi və mədəni binalar"... (?!).
Söhbət hansı binalardan gedir? Olmaya, ermənilər Azərbaycan türklərinə aid olan bir qism abidəni də türkmən qardaşlarımızın adına sənədləşdiriblər?
Doğrudur, indiki Ermənistan ərazisində türkmən izi, türkmən abidələri var. Lakin o türkmən bugünkü türkmən deyil. O türkmən, İrəvanı özünə şəhər salan və öz adını bu şəhərə verən türkməndir. O türkmən izi Şah İsmayılın, Rəvanqulu xanın izidir.
Berdimuhəmmədovla ortaq atalarımızın sözüdür: "Utanmasan oynamağa nə var". İndi bu ata sözümüz "Ermənistanda Türkmənistana aid tarixi və mədəni binalar" ifadəsi və onu işlədən şəxs üçün o qədər uyğundur ki...
Bu coğrafiyada Azərbaycanın maddi-mədəni irsinə sahib durmaq istəyənlər az idi, biri də Xəzərin o tayından çıxdı.
Çox istərdim, rəsmi Aşqabad Ermənistandakı Türkmənistana aid tarixi və mədəni binalar deyərkən, nələrdən bəhs etdiklərini açıqlasınlar. Bəlkə biz bilmirik, 1988-ci ildən sonra Türkmənistan dövləti Ermənistanda hansısa tikililər tikib və onun qorunmasını Sərkisyandan rica edir?!