“Milli Şuranın siyahısını hələ hazırlamamışıq. Mətbuatda bu haqda yayılan informasiyalar yalandır”. Bunu Modern.az saytına Azərbaycan Ziyalılar Forumunun üzvü, “El” hərəkatının aparıcı simalarından olan Eldəniz Quliyev bildirib.
Milli Şuranın mətbuatda dərc olunan siyahısının qeyri-ciddi olduğunu deyən E.Quliyev bu istiqamətdə siyasi partiyalarla danışıqların getdiyini qeyd edib.
“Bu qeyri-ciddi məsələdir. Biz belə bir siyahı hazırlamamışıq. Baxmayaraq ki, o siyahıda Milli Şurada təmsil olunmağa layiq adamlar var. Mən sizdən eşidirəm bunu. Bu işlə biz məşğul oluruqsa, belə bir siyahımız yoxdur. Bu məlumatlar həqiqəti əks etdirmir. Gələcəkdə belə bir siyahı mütləq olacaq. Hazırda bu istiqamətdə ölkənin aparıcı siyasi partiyaları ilə danışıqlar gedir. Yaxın gələcəkdə yəqinki dəqiq siyahını təqdim edəcəyik”-deyə E.Quliyev bildirib.
Qeyd edək ki, bu gün mediada Rüstəm İbrahimbəyov tərəfindən hazırlandığı bildirilən bir siyahı açıqlanıb. Qeyd olunur ki, siyahıdakı şəxslər Rüstəm İbrahimbəyovun elan edəcəyi Milli Şuraya namizədlərdir.
Anar RÜSTƏMOV