Modern.az

İsmayıllının yeni icra başçısından sabiq başçı Nizami Ələkbərova sərt tənqid

İsmayıllının yeni icra başçısından sabiq başçı Nizami Ələkbərova sərt tənqid

Ölkə

27 Mart 2013, 14:07

İsmayıllının icra başçısı Mirdamət Sadıqov rayonun keçmiş icra başçısı Nizami Ələkbərov və komandasını sərt tənqid edib. Modern.az-ın məlumatına görə, M.Sadıqov sələfini rayonu bərbad vəziyyətə qoymaqda günahlandırıb.

Mirdamət Sadıqov ictimaiyyət nümayəndələrilə görüşdəki çıxışı zamanı keçmiş icra başçısının fəaliyyətsizliyini tənqid edib:

“Bir ay 10 gün müddətində bütün istiqamətlər üzrə təhlillər aparılıb. Ürəkaçan bir nəticəyə rast gəlinmir. Yeni layihələrin icrası az vaxtda rayonun simasını tamamilə dəyişəcək. İstərdik ki, layihələrdən hamının xəbəri olsun, siz də öz məsləhət və təkliflərinizi verəsiniz. Nəzərə alın ki, rayonumuzda sənaye istehsalı yox dərəcəsindədir, fabrik-zavod yoxdur, iş yerləri açılmayıb. Dövlətin 40 milyon manata yaxın kredit ayırmaq imkanı var. Bunu yeni istehsal, emal sahələrinə, iri təsərrüfatların yaradılmasına istiqamətləndirmək vacibdir. Hər şey yenidən qurulmalıdır. Rayonun qaz xətləri gülünc bir layihə əsasında çəkilib. Cavanşir, Babək, Axundov küçələri bərbad vəziyyətdədir. Prospekt başdan-başa abadlaşdırılmalıdır. 30-40 il bundan əvvəl Nizami Gəncəvi küçəsində tikilmiş ikimərtəbəli yaşayış evləri istifadə müddətini başa vurduğu üçün söküləcək, yerində yeni 5 mərtəbəli binalar tikiləcək”.

M.Sadıqov daha sonra İsmayıllıda həyata keçirilməsi nəzərdə tutulan böyük layihələri təqdim edib. Bunlar aşağıdakılardır:

Beşmərtəbəli yaşayış binaları. Birinci mərtəbələrində ticarət və digər xidmət növləri yerləşəcək.
Şəhərin girəcək hissəsi. İşlər başlanıb və hər iki tərəfdən piyadalar üçün səkilər tikilir. Şəhərə daxil olanlar yüksək zövqlə yaradılmış gözəlliklərlə rastlaşacaqlar.
Rayon Mədəniyyət Mərkəzinin müasir üslubda yenidən qurulması və əsaslı təmiri. İşə artıq başlanılıb.
Heydər Əliyev prospekti ilə Mübariz Orucov küçəsi arasında YAP rayon təşkilatı üçün yeni binanın layihəsi. Bu günlərdə işə başlanılacaq.
Bütün binaların və bəzi mərkəzi küçələrin İtalyan üslubunda işıqlandırılması. Rəşid Mahmudov və Cavad Məmmədov küçələrinin abadlaşdırılması və işıqlandırılması.
2 saylı məktəbin köhnə binasının yerində 140 yerlik ən müasir uşaq bağçasının tikintisi. İlkin işlərə başlanılıb.
Mican ərazisindəki uşaq bağçasının inşası. Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə tikilir. Rayonda bir il müddətinə 1000 yerlik uşaq bağçası tikiləcək.
Üç yerdə yüngül konstruksiyalı, hər cür şəraiti olacaq xeyir-şər evinin tikintisi.
RİH binasının müasir üslubda yenidən qurulması, Təhsil şöbəsinin binasının milli və müasir üslubda yenidən qurulması.
Ağsaqqallar-ziyalılar evinin tikintisi.
Köhnə mehmanxananın yenidən inşası.
Rayon mətbəəsinin açılması.
Keçmiş peşə məktəbinin yaxınlığındakı beton zavodunun yaşayış massivindən köçürülməsi.
Türkiyədən 30 ədəd dayanacağının gətirilməsi.

Layihələrin şərhindən sonra toplantı iştirakçılarına müraciət edilib. İcra başçısı təklif edib ki, hər kəs onu düşündürən məsələlərə dair layihələr versin. Bəyənilərsə, kredit alınmasına yaxından köməklik göstəriləcək.

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı