
Modern.az saytının əməkdaşı ictimai nəqliyyatda xoşagəlməz mənzərə ilə qarşılaşıb. Əməkdaşımız 88 saylı marşrut üzrə işləyən avtobusun salonuna eşşək şəklinin yapışdırıldığını və rəsmin üzərinə “Təmizliyə riayət elə - riayət etmirsənsə, sən də mənim tayımsan” sözlərinin yazıldığını müşahidə edib. Avtobusla gedən sərnişinlərin bir çoxu sürücüyə etiraz edərək bunu özləri üçün təhqir hesab etdiklərini deyiblər.
Məsələyə münasibət bildirən Nəqliyyatçıların Hüquqi Problemlərinin Həllinə Yardım İctimai Birliyinin sədri Məzahir Rüstəmov Modern.az-a açıqlamasında deyib ki, ictimai nəqliyyatda bu cür şəkilin yerləşdirilməsi elementar etik qaydalara riayət olunmamasından irəli gəlir. Nəqliyyat məsələləri üzrə ekspertin sözlərinə görə, bu hal həm də sahibkarların öz avtobuslarına nəzarət etməməsinin bariz nümunəsidir.
“Avtobusların vaxtı-vaxtında təmizlənmədiyini, sanitar qaydalara əməl edilmədiyini bu gün əksər avtobuslarda görmək olar. Belə götürsək, avtobusda xidmət yoxdur. Sanitariyaının gğzlənməməsi o deməkdir ki, sahibkarlar öz avtobuslarına nəzarət etmirlər. Sahibkarlar sanitar qaydalara diqqət yetirmədikləri üçün, sürücülər də bu cür şəkilləri yapışdırmağı özlərinə çıxış yolu kimi görürlər”.
M.Rüstəmov sürücülərin atdığı bu addımın qeyri-etik olduğunu deyib. Ekspert bildirib ki, bu cür hallar sürücülərin mədəni və etik səviyyəsinin aşağı olmasından irəli gəlir.
“Avtobusun natəmiz olması bir növ sürücülər üçün problem yaratdığından, onlar “zibil atan filan olsun” və digər bu tipli “şüarlar” yazırlar. Biz də buna pis baxırıq ki, bu şəkil avtobusda daşınan bütün sərnişinlərə hörmətsizlik kimi başa düşülür”.

Anar Kəlbiyev