Açıq Cəmiyyət Partiyası (ACP) bir neçə üzvünün partiya sıralarından istefa verərək Eldar Namazovun rəhbərlik etdiyi “El” hərəkatına keçməsinə münasibət bildirib. Partiya sədri Sülhəddin Əkbər məsələ ilə bağlı Modern.az-a açıqlamasında deyib ki, “El” hərəkatına keçən ACP üzvləri partiyanın fəaliyyətində aktiv rola malik olmayıblar.
“Partiya yenidən fəaliyyətə başlkayarkən onun əvvəlki üzvlərinin bir hissəsi ümumiyyətlə kənarda qalıblar. Aktiv fəaliyyət göstərmirlər. Həmin adı çəkilən şəxslər bu gün mənim sədri olduğum Açıq Cəmiyyət Partiyasında aktiv fəaliyyət göstərmirdilər. Ola bilsin ki, onlar 2007-ci ildə yaranarkən bu partiyanın üzvü olublar. Mən partiyaya sədr gəldikdən sonra onların fəaliyyətlərini görməmişəm”.
S.Əkbərin sözlərinə görə, Feyruz Quliyev və Oqtay Mirzəyev partiyadan istefa verəcəkləri haqda ona məlumat verməyiblər.
“Mənim məlumatım yoxdur. Onların istefa vermələri ilə bağlı müavinlərim də mənə məlumat verməyiblər”.
Qeyd edək ki, Açıq Cəmiyyət Partiyası Ali Məclisinin sədr müavini Feyruz Quliyev və həmin qurumun Ali Məclisinin üzvü Oqtay Mirzəyev partiyadan istefa verərək, “El” hərəkatına qoşulublar.
Həmçinin ACP sədrinin sabiq müavini Nizami Məmmədov da “El” hərəkatina qoşulduğunu bildirib.
Anar RÜSTƏMOV