Modern.az

Arzu Abdullayevadan Araz Əlizadəyə ittiham: “ASDP fəaliyyətsiz bir partiyaya çevrilib” - MÖVQE

Arzu Abdullayevadan Araz Əlizadəyə ittiham: “ASDP fəaliyyətsiz bir partiyaya çevrilib” - MÖVQE

Ölkə

29 Mart 2013, 14:32

ASDP-nin eks-rəsmisi: “Artıq demoqogiya və boş vədlər dövrü geridə qalıb”

Tanınmış hüquq müdafiəçisi, Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) qurucularından olan Arzu Abdulayeva ölkədə sol qüvvələrin bazasında hərəkat yaradılması üçün zəmin olduğunu bildirib. Azərbaycanda sol siyasi qüvvələrin perspektivini şərh edən A.Abdullayeva Modern.az-a açıqlamasında hazırda bu qüvvələri təmsil edən Araz Əlizadənin rəhbəri oldğu ASDP-nin fəaliyyətini tənqid edib

“ASDP çox zəif və fəaliyyətsiz bir partiyaya çevrilib. Onun çox yerdə adı çəkilmir və heç bir tədbirləri eşidilmir. İdeyaları gözəl və dünyəvi olsa da, əfsuslar olsun ki, sosial müdafiə üçün tədbirlər görülmür. Ancaq istəsələr bunları edə bilərlər”-deyə hüquq müdafiəçisi vurğulayıb.

A.Abdullayeva ASDP-nin ölkədə güclü sol platformanı yarada biləcək bazasının olmadığını bildirib. “Bunun üçün ilk növbədə isə potensial lazımdır. Ancaq ASDP-də belə bir istək həqiqətən də yoxdur. Artıq demoqogiya və boş vədlər dövrü geridə qalıb. Mən təkcə ASDP-ni yox, ümumi siyasətçiləri də nəzərdə tuturam”.

Yeni solçu partiyanın yaradılması perspektivinə toxunan A.Abdullayeva bunun üçün beynəlxaq solçu hərəkatının dəstəyinin vacib olduğunu deyib.
“Bunun üçün beynəlxalq aləm dəstək olmalıdır. Təəssüflər olsun ki, hələ ki, bunun üçün səmimi istək görmürəm. Əgər səmimi bir təşəbbüs olarsa və beynəlxalq sosial demokratlar bu istiqamətdə tədbir görərsə, Azərbaycanda sol qüvvələrin yeni təşkilatını yaratmaq olar. Əslində cəmiyyət özü sol qüvvələrin yaradılmasına hazırdır. Amma bu ideyaları yaymaq və beyinlərinə yeritmək lazımdır”.

Hüquq müdafiəçsinin fikrincə, solçu qüvvələrin yeni partiyasını yaratmaq o qədər də cazibədar görünmür. “Fikirmcə, birlik və hərəkat yaradıla bilər. Çünki artıq vətəndaş cəmiyyəti partiya adından qorxur. Partiyalara ciddi inamsızlıq yaranıb”-deyə A.Abdullayeva qeyd edib.  

Onun sözlərinə görə artıq partiya yaratmaq ənənəsi özünü doğrultmur və bu dövr geridə qalıb.
“Ona görə də indi gənclərin, vətəndaş cəmiyyətinin başqa qurum və təşkilatlara daha çox marağı var. Çünki partiyalar özlərinə siyasi maraqlarına görə mənəvi dəyərləri qurban verməyi rəvac görürlər. Onlar seçkilərdən qabaq vədlər verirlər. Amma seçkilərdən sonra həmin vədlər yaddan çıxır. Bir növ seçkidən sonra başqa adam olurlar”-deyə qeyd edib.
 Hüquq müdafiəçisi bildirib ki, artıq cəmiyyət də bundan bezib.

Aqşin Kərimov  

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı