“Haqqımda deyilən ittihamların heç biri doğru deyil, SSRİ-ni mən dağıtmamışam”
Modern.az xəbər verir ki, bu fikirləri SSRİ-nin sonuncu prezidenti Mixail Qorbaçov bildirib. Rusiyanın “Ria Novosti’ agentliyinin “Açıq dərs” proqramına qatılan M.Qorbaçov SSRİ-nin dağılması ilə bağlı ilginc fikirlər söyləyib.
Haqqında səsləndirilən ittihamların doğru olmadığını deyən M.Qorbaçov Sovetlər Birliyinin dağıdılmasında günahsızlığını iddia edib.
“Sovetler Birliyinin formasının dəyişilməsi və müasirləşməsini istəyirdim. Mən hər zaman birliyin qorunmasın tərəfdarı idim. SSRİ-nin dağılması ilə bağlı ünvanıma yönələn ittihamların heç biri doğru deyil. SSRİ-ni mən dağıtmamışam. Bunlar məsuliyyətsiz və haqlı olmayan ittihamlardır".
SSRİ-nin rəhbəri olduğu dönəmdə həyata keçirdiyi “yenidənqurma” siyasətinə toxunan Qorbaçov bütün günahları Rusiyanın keçmiş prezidenti Boris Yeltsinin üstünə atıb.
Yenidənqurma siyasəti ilə Rusiya və Şərqi Avropa ölkələrində demokratiyanın bərqərar olduğunu iddia edən Qorbaçov 1989-cu ildə sovet hərbi kontingentinin Əfqanıstandan çıxarılmasının böyük uğur olduğunu deyib.
O, geridə qoyduğu siyasi fəaliyyətinin uğurlu olduğunu vurğulayıb.
“Mənim siyasi fəaliyyətim xeyli uğurlu keçib. Həyatımın böyük bir hissəsini siyasətə həsr etmişəm. 1955-ci ildən indiyə kimi professional siyasətlə məşğul olmuşam. Heç kimin buna şübhəsi olmasın".
Anar RÜSTƏMOV