
Hesablama Palatası Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən və ehtiyat fondlarından Bakı şəhərinin yenidənqurma və abadlıq işlərinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinin auditi aparıb.
Modern.az-ın xəbərinə görə, bu barədə Hesablama Palatasının Milli Məclisə təqdim etdiyi 2012-ci illə bağlı hesabatında qeyd edilib.
Hesabatda bildirilib ki, Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti və onun struktur bölmələri tərəfindən mənzil-kommunal təsərrüfatının təkmilləşdirilməsi və inkişafı sahəsində dövlət siyasətinin təmin edilməsi, mənzil fondunun və kommunal təyinatlı obyektlərin istismar səviyyəsinin yüksəldilməsi, abadlaşdırılması, qorunması sahəsində tədbirlərin görülməsi, şəhərin sanitariya vəziyyətinin normal səviyyədə saxlanılması, mənzil-kommunal təyinatlı obyektlərin inventarlaşdırılması, qeyri-yaşayış sahəsindən təyinatı üzrə istifadə olunması, sanitar-abadlıq, təmir-tikinti işlərinin təşkili, küçələrin işıqlandırılması, yolların əsaslı təmiri, fəvvarələrin saxlanılması, istismarı və digər aidiyyəti fəaliyyət istiqamətlərində bir sıra təqdirəlayiq işlər görülüb.
Amma bununla belə, Departament və onun struktur bölmələri tərəfindən bəzi nöqsan və çatışmazlıqlara yol verildiyi də aşkar edilib.
“Belə ki, Departamentin tabeliyində olan Mənzil Kommunal Təsərrüfatı Birlikləri (MKTB) üzrə tərtib edilmiş maliyyə-təsərrüfat planında fondun gəlirləri az göstərilmiş, bəzi xərclər artırılmaqla hesablanılmış, fondun xərclərində baş idarənin saxlanılması üçün xərc planlaşdırılmış, mənzil fondunun zərəri ilə əlaqədar proqnozun tərkibinə mənzil fonduna aid olmayan xərclər daxil edilmiş, liftlərə texniki xidmət haqqının proqnozlaşdırılması düzgün aparılmamış, illər üzrə yaranmış zərər məbləğinin bağlanması məqsədilə büdcə vəsaitinə tələbat artmış, bəzi hallarda işçilərə artıq əmək haqqı ödənilmiş, bəzi xərclərin proqnozlaşdırılması zamanı anbar qalığı nəzərə alınmamış, artıq ştat vahidləri saxlanılmış, küçə işıqlandırılması üzrə texniki nəzarətin saxlanılması üçün vəsait proqnozlaşdırılmış və xərc edilmiş, nəticədə 1 işıq nöqtəsinə düşən illik xərclər artırılmış, bəzi təmir-tikinti işlərinin layihə-smeta sənədləri dövlət ekspertizasından keçirilməmiş və rəy alınmamışdır”-deyə hesabatda bildirilib.
Eyni zamanda məlum olub ki, bir sıra rayon MKTB-lər tərəfindən mənzil fondu üzrə ayrılmış vəsait səmərəli xərclənməyib, mənzil fondunun xərclərinin əsassız olaraq artırılması hallarına yol verilib, sayğac quraşdırılmadığı halda liftlərdə elektrik enerjisindən istifadə üçün xərc proqnozlaşdırılıb, bir kub metr məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi üçün tərtib olunmuş kalkulyasiyada aparılmayan bəzi xərclər nəzərdə tutulub, “Lifttəmir” İstehsalat Birliyinə qiymət fərqi hesabına artıq vəsait ödənilib.
Mənzil fondunun zərərinin ödənilməsi üçün ayrılmış vəsait hesabına satınalmalar üzrə ehtimal olunan qiymətlər müəyyən edilməyb, böyük məbləğdə debitor borcu olub, bir sıra MKTB-lər tərəfindən hesabat illəri üzrə dövlət büdcəsinə, DSMF-yə yaranan borclar ödənilməyib, debitor, kreditor borcları artıb və köhnə borcların ödənişinə yol verilib, ayrılmış vəsaitin təyinatı bəzi hallarda dəyişdirilib.
Hesabatda qeyd edilib:
“Bəzi xərclər üzrə ödənişlər xərclər smetasında nəzərdə tutulan aylıq xərcə uyğun reyestrə uyğun tərtib edilən mal alışı sənədi əsasında aparılmış, faktiki xərc olmadığı halda Bakı Funikulyorunun saxlanılmasına ayrılmış vəsaitdən digər İdarələrə artıq büdcə vəsaiti ödənilmiş, bəzi xərclər üzrə yaranan qənaət faktiki tələbatın olub-olmamasından asılı olmayaraq mal-material qiymətlilərinin alışına və sair istiqamətlərə yönəldilmiş, artıq saxlanılmış ştat vahidlərinə görə büdcə vəsaiti ödənilmiş, tenderdə təklif olunan qiymətdən baha qiymətlərlə yerinə yetirilmiş işlərə görə icraçılara büdcə vəsaiti artıq ödənilmiş, təmir-abadlıq işlərinin dəyərinin artırılması hallarına yol verilmiş, tikilmiş mansard və günbəzlərin ümumi sahəsi uçota alınmamış, əsaslı təmir işlərinin aparılması zamanı söküntüdən yararlı tikinti materialları mədaxil olunmamış, əmək haqlarının plastik kartlarla ödənişi sistemi tətbiq edilməmiş və digər nöqsanlara yol verilmişdir”.
Hesablama Palatasında Auditin nəticələri üzrə qəbul edilmiş Kollegiya Qərarı Bakı şəhər İcra Hakimiyyətinə göndərilib və Milli Məclisə məlumat təqdim edilib. Kollegiya Qərarının icrası məqsədilə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən yoxlamanın nəticələri müzakirə edilib, nöqsanların aradan qaldırılması ilə bağlı tapşırıqlar verilmiş, əmr imzalanıb.
Audit nəticəsində 147414,0 manat məbləğində vəsait köçürmə yolu ilə dövlət büdcəsinə ödənilib, 459090,3 manat məbləğində maliyyələşmə azaldılıb, 71226 manat məbləğində əlavə iş görülüb, 1618926,6 manat məbləğində debitor borcu uçota götürülüb, 63 ştat vahidi ləğv edilib, Departamentin işçilərinin əmək haqqının ödəniş kartları vasitəsilə ödənilməsi təmin edilib.
Audit nəticəsində aşkar olunmuş nöqsan və çatışmazlıqlara yol vermiş İdarələrin 32 əməkdaşına qarşı intizam tənbehi tədbirləri görülüb, o cümlədən 16 idarə rəisinə və 16 baş mühasibə ciddi xəbərdarlıq edilib.
Departamentin tabeliyində olan MKTB-lər üzrə debitor və kreditor borclarının ləğvi, əsas vəsaitlərin uçota alınması və aktda göstərilən digər məsələlər üzrə müvafiq tədbirlər davam etdirilir.
Modern.az