
Hesablama Palatasının Milli Məclisə təqdim etdiyi hesabatda dövlət büdcəsindən Sənaye və Energetika Nazirliyinə ayrılan vəsaitlərin istifadəsinin auditi üzrə nəticələr barədə məlumat verilib.
Milli Məclisdən Modern.az saytına verilən məlumata görə, palatanın hesabatında bu nazirlikdə bəzi nöqsanların aşkarlandıqı qeyd olunub.
Belə ki, auditlə əhatə olunan dövrdə ştatların 32,5 faizə qədərinin vakant olması və bəzi xərclər üzrə proqnozların düzgün hesablanmaması ayrılmış vəsaitlərdən tam istifadə edilməməsi ilə nəticələnib, əmək məzuniyyətindən geri çağırılan işçilərə kompensasiya ödənilib və işçilərə kollektiv mükafatlar verilib, işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməsi zəruri olduğu halda, məzuniyyət verilən işçi 3-4 gündən sonra məzuniyyətdən geri çağırılıb, növbəti aylarda ödənişsiz məzuniyyət təmin edilməyib.
Xarici ölkələrə xidməti səfərlərlə əlaqədar ezamiyyə qaydalarının tələblərinin düzgün tətbiq edilməməsi nəticəsində artıq büdcə vəsaiti xərc edilib, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin siyahısında nəzərdə tutulmadığı halda artıq nəqliyyat xərcləri ödənilib və alınmış aviabiletlərə tətbiq olunan xidmət haqlarının baha olması səbəbindən əlavə vəsait sərfinə yol verilib, ölkədaxili ezamiyyələr zamanı artıq ezamiyyə xərci ödənilib, beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi zamanı təsdiqedici sənədlər olmadan və şəxsi məqsədlər üçün telefon danışıqlarına görə vəsait ödənilib, noutbuklar istismar müddəti başa çatmadan silinib və s.
Nazirlik dövlət əsaslı vəsait qoyuluşundan ayrılan vəsaitlərin istifadəsi üzrə də bir sira ciddi pozuntulara yol verib. Bu nöqsanlar əsaən Şəki, Şirvan və Kürdəmir, Xaçmaz, Sumqayıt, Tovuz, Gəncə və Lənkəran regional sektorlarının inzibati binalarının tikintisi ilə əlaqədardır.
Aşkarlanan qanun pozuntularından sonra nazirlik Hesablama Palatasının qəbul etdiyi qərara uyğun addımlar atmağa məcbur olub.
Belə ki, Sənaye və Energetika Nazirliyi əməkdaşlarının xarici ölkələrə xidməti səfərlərilə əlaqədar artıq xərc edilmiş 9,3 min manat, bir sıra xarici ölkələrə xidməti səfərlərlə əlaqədar nəqliyyat xərci üzrə artıq ödənilmiş 4,1 min manat, Dövlət Enerji Nəzarəti və Dövlət Qaz Nəzarəti İdarələri tərəfindən işçilərin ölkədaxili ezamiyyətləri ilə əlaqədar xərclərin hesablanması zamanı qüvvədə olan normaların düzgün tətbiq edilməməsi nəticəsində artıq ödənilmiş 2,3 min manat, beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi zamanı təsdiqedici sənədlər olmadan xərclənmiş 14 min manat və Dövlət Qaz Nəzarəti İdarəsi üzrə xidməti telefonlardan edilən şəxsi zənglərə görə ödənilmiş 0,3 min manat vəsait dövlət büdcəsinə qaytarılıb.
Həmçinin, dövlət əsaslı vəsait qoyuluşundan ayrılan vəsaitlərin istifadəsi zamanı layihə-smeta sənədlərində nəzərdə tutulmadığı və yerinə yetirilmiş iş həcmlərinin artırılması nəticəsində artıq ödənilmiş 20,9 min manat vəsait podratçı təşkilatlar tərəfindən dövlət büdcəsinə bərpa olunub, 2,3 min manat debitor və 5,6 min manat kreditor borc müvafiq qaydada bağlanılıb.
Qeyd olunan maliyyə pozuntuları ilə əlaqədar Sənaye və Energetika Nazirliyi Maliyyə-mühasibat şöbəsinin əməkdaşlarına xəbərdarlıq edilib və bir şöbə müdiri işdən azad olunub.
Modern.az