Modern.az MKM-in “onluğ”una düşən yazarlar arasında silsilə müsahibələri davam etdirir. Budəfəki müsahibimiz “Yüz il inqilab “ romanının müəllifi Sayman Aruzdur.
– Müsabiqədə üçlüyə düşmək şanslarınızı necə dəyərləndirirsiniz?
– Məncə, siyahıda olan bütün yazarların qalib olmaq şansları bərabərdir. Mən də başqa yazarlar kimi üçlükdə ola bilərəm və hətta deyərdim ki, janr, məzmun və dili baxımından “Yüz il inqilab” romanı birinciliyə belə yayıq əsərdir.
– MKM-in qaydalarında nəyi dəyişmək istərdiniz?
– Mənə elə gəlir ki, ən azı yaş həddi olmalıdır. 30 yaşdan aşağı olan yazarları “gənc yazarlar” kimi bir araya gətirməlidirlər. Siyahıda oxuyub qələminə hörmət elədiyim yazarlarla bərabər, elə yazarlar var ki, adlarını görəndə təəccübləndim.
– Ekspertlərin tərtib etdiyi siyahı sizi qane edir?
– Qane etdiyi məqamlar çoxdur, ancaq qane olmadığım məqamlar da var. Siyahıda olan bir çeçə yazar dostumun orada olması mənim üçün gözlənilməz idi.
– Qarşısında “milli” sözü olan müsabiqədə rusdilli əsərlərin iştirakına necə baxırsınız?
– Yaxşı baxmıram. Azərbaycan Milli Kitab Mükafatında mütləq milli dil və janrda yazılan əsərlər iştirak etdirilməlidir. Bildiyiniz kimi, “Nobel” mükafatında iştirak edən əsərlər mütləq ingilis dilinə tərcümə olunmalıdır. Məncə, gələn ildən rus dilində nəşr olunan romanların yerinə “ən yaxşı tərcümə” layihəsini icra etsələr daha yaxşı olar.
– Ekspertlərdən biri olan Elnarə Tofiqqızı romanınız barədə tənqidi məqalə yazmışdı.
– Elnarə xanım bir tənqidçi kimi öz fikirlərini bizimlə bölüşmüşdü. Onun yazısında kifayət qədər yaxşı və tərif dolu sözlər də var idi. Düzdür, mən hansısa tənqidçinin fikirlərindən çox oxucunun reaksiyasına fikir verirəm, amma tənqidçisiz də ədəbiyyatı təsəvvür etmək mümkün deyil.
MKM-ə nəyə görə bəzən kitab, yox elektron versiyalar təqdim olunur. Bu müsabiqənin ciddiliyinə zərər vurmur? Axı müsabiqənin adı Milli Kitab Müsabiqəsidir...
– Mən də kitabımın elektron variantını göndərmişdim. Məncə, bu, o qədər də ciddiliyə təsir göstərmir. Əsas odur ki, yaxşı əsər ortaya qoyulsun.
Elmin Nuri