60-64 yaşarası 2949 nəfər “alkoqolik”in 90 nəfəri qadındır

Spirtli içkilərdən istifadə hallarının artması ilə bağlı xəbərdarlıqlar öz təsdiqini tapır. Rəsmi qurumların açıqladığı hesabatlar da onu deməyə əsas verir ki, son illərdə əyyaşlığa yuvarlanmış şəxslərin statistikası böyüyür. 2012-ci ildə qeydiyyata alınan alkoqol aludəçilərinin sayı ötən illərlə müqayisədə çoxluq təşkil edir. Hazırda Azərbaycanda 21.103 alkoqol aludəçisi var.
Təəssüf doğuran məqam isə ondan ibarətdir ki, bu rəqəm əvvəlki illərlə müqayisədə çoxluq təşkil edir. 2011-ci ildə isə Azərbaycanda 19.765 nəfər “alkoqolik” olub.
Hesablamalara görə, bu ilin yanvar ayı ərzində ölkədə qeydiyyata alınan 21 min 103 nəfər alkoqol aludəçisinin 873-ü qadındır.
Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin təşkilati metodiki işlər üzrə direktor müavini Aytən Səmədova Modern.az-a ölkədə son illər alkoqolizm xəstəliyindən əziyyət çəkən insanlar statistikası ilə bağlı məlumat verib. Onun sözlərinə görə, bu ilin yanvar ayı ərzində ölkədə qeydiyyata alınan 21 min 103 nəfər alkoqolikin 873-ü qadındır. Qadın alkoqoliklər arasında da 45-55 yaş arasında olanlar üstünlük təşkil edir. Ölkə üzrə 18-24 yaş arasında 504 nəfər spirtli içki aludəçisi var ki, onlardan yalnız bir nəfəri qadındır. 25-29 yaş arasında 1171 nəfər alkoqolik var. 60-64 yaş arası 2949 nəfər alkoqolikin 90 nəfəri qadındır.
Direktor müavini onu da bildirib ki, ötən bir il ərzində 948 nəfər yeni qeydiyyata alınan alkoqoliklərdən 12 nəfəri qadın olub.
Gültəkin Ələsgər