“Azərbaycanda etnik və milli azlıqların hüquqlarının tapdalanması ilə bağlı Milli Məclisə heç bir müraciət daxil olmayıb. Azərbaycan dilindən, dinindən, millətindən asılı olmayaraq ölkə vətəndaşlarının sabit, əmin-aman yaşadığı məkandır. Burada hər bir Azərbaycan vətəndaşı dövlətin ona verdiyi hüquq və azadlıqlardan bərabər şəkildə istifadə edir”.
Bu sözləri Modern.az saytına açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova ölkədə bir sıra qüvvələr tərəfindən bununla bağlı iddiaları şərh edərkən bildirib.
Komitə sədri deyib ki, Azərbaycanda heç bir milli və etnik azlığın hüquqlarının məhdudlaşdırılması müşahidə olunmayıb. “Bu məsələlər süni şəkildə qabardılır və Azərbaycanı istəməyən qüvvələrin maraqlarına xidmət edir”.
“Bunlar gerçəkliyə uyğun deyil”
Komitə sədrinin sözlərinə görə Azərbaycanın tərəqqisi bəzi dairələri qıcıqlandırır. “Azərbaycandakı əmin-amanlıq, sabitlik, mövcud olan tərəqqi dövlətimizi sevməyənlərin bizə qarşı addımlar atmasına gətirib çıxarır. Bu baxımdan Azərbaycana qarşı çevrilən təhdidlər içərisində xalqlar arasında dostluğu, isti münasibətləri pozmaq cəhdləri olur. Milli azlıqların hüquqları adı altında bu sabitliyə xələl gətirmək istəkləri var. Amma bunların heç biri gerçəkliyə uyğun deyil. Mən çox istərdim ki, hər bir Azərbaycan vətəndaşı gerçək, reallıqda baş verən hadisələri düzgün qiymətləndirsin. Azərbaycan dövləti milli azlıqların hüquq və azadlıqlarının qorunmasına Konstitusiyada olan müddəalara əsasən qiymət verir. Onların hüquqlarının qorunması sahəsində qəbul edilmiş Milli Fəaliyyət Planının müddəalarını reallaşdırır”.
Təxribat yaratmaq istəyənlərə tarix dərsi: “Azərbaycan insanı heç vaxt buna razı olmadı”
Komitə sədri yaxın tarixə nəzər salaraq bildirib ki, Azərbaycanda etnik qruplar və milli azlıqlar arasındakı yaxşı münasibətlər böyük bir tarixə söykənir. Xanım deputat qeyd edib ki, etnik və milli zəmində Azərbaycanda qarşıdurma olmayıb.
“Kimlərinsə Azərbaycanda dini, etnik zəmində qarşıdurma yaratmaq istəyi gərəksiz və perspektivsiz bir cəhddir. Azərbaycan xalqı onunla birlikdə yaşayan hər hansı bir xalqın nümayəndəsinə dostluq və qardaşlıq münasibəti bəsləyir və bundan sonra da bu belə davam edəcək. Ayrı-ayrı mərkəzlərdən, siyasi təşkilatlardan Azərbaycana yönələn təhdidlər nəticə verməyəcək. Həmin qüvvələr 1993-cü illərdə baş hadisələri yaddan çıxarmasınlar. O zaman Azərbaycanda milli azlıqlar arasında bir qarşıdurma yaradıb ölkəni bölmək, parçalamaq istəyi var idi. Amma Azərbaycan insanı heç vaxt buna razı olmadı. Azərbaycan xalqı öz birliyi uğrunda iradəsini ortaya qoydu. Bu, indi də saxlanılır, qorunur və belə də olacaq”-deyə R. Aslanova vurğulayıb.
Aqşin Kərimov