Modern.az

Millət vəkillərinin həmrəyliyi - magistrlər hərbi xidmətə getməsin

Millət vəkillərinin həmrəyliyi - magistrlər hərbi xidmətə getməsin

Ölkə

10 Aprel 2013, 11:17


Magistrlərə hərbi xidmətdən möhlət hüququnun verilməsi artıq bir neçə ildir müzakirə mövzusu olsa da, bu barədə hər hansı bir qanun layihəsi qəbul olunmayıb. Bu yaxınlarda isə məsələ yenidən gündəmə gəlib.

Modern.az bununla bağlı millət vəkillərindən və təhsil ekspertindən bir sıra suallara cavab alıb.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Əhməd Vəliyev hesab edir ki, magistrlərin hərbi xidmətə getməsi düzgün deyil.
“Biz elm və müəllim potensialını formalaşdırmaq və artırmaq istəyiriksə magistrləri hərbi xidmətə göndərməli deyilik. Magistraturanı bitirən şəxslərin cüzi bir hissəsi doktoranturaya gedir. Bizə gələcəkdə həmin şəxslərin elmindən istifadə etmək lazımdır. Bu baxımdan ölkə prezidentinin maddi kapitalın insan kapitalına çevrilməsi məsələsi ortaya qoyulub. Ona görə bizim bu istiqamətdə iş görməyimiz üçün kadr potensialını yüksəltməliyik. Amma indiki halda magistrlər hərbi xidmətdən gələndən sonra elmdən uzaqlaşıb istehsalata maraq göstərirlər. Təhsil və elm sahəsində çalışmaq həvəsi onlarda qalmır”.

Millət vəkili bildirib ki, yaxın zamanda elm haqqında qanunun müzakirəsi başlanacaq. “Mən müzakirə zamanı bu məsələni qaldıracağam. Magistrləri hərbi xidmətə aparmaq düzgün deyil. Heç SSRİ zamanında da aspiranturanı bitirənləri hərbi xidmətə yollamırdılar. Bizə kadr lazım olan halda, onları hərbi xidmətə yollayırlarsa təhsil və elmi müəssisələr çətinlikdə qalır”.

Parlamentin Müdafiə məsələləri və təhlükəsizlik komitəsinin üzvü Elman Məmmədov da deputat həmkarı ilə razıdır. Onun sözlərinə görə, elmlə məşğul olan insanlara hərbi xidmətdən möhlət hüququ verilməlidir. “Belə olan təqdirdə ordunun zəifləməsindən söhbət gedə bilməz. Çünki magistrlər o qədər də çox deyil. Magistrlərin içində təkcə kişi cinsindən olan şəxslər yoxdur və xanımlar da təhsil alırlar. Onların sayı da o qədər çox deyil. Bunu nəzərə alsaq, o zaman möhlət hüququ verilə bilər. Burda başqa məsələ də var. Biz çalışmalıyıq ki, hər bir Azərbaycan vətəndaşı vaxtında hərbi xidmət keçsinlər. Ancaq elmin də qayğısına qalmalıyıq. Burda xüsusi istedada malik olan, elmə lazım olan insanların müəyyən müddətdə ardıcıl təhsil almasına şərait yaradılmalıdır. Buna görə də hesab edirəm ki, bu kateqoriyadan olan az bir qismə təhsil almaq üçün şərait yaradılması məqsədəuyğundur”.

Təhsil üzrə ekspert Şahlar Əsgərovun fikrincə, Azərbaycan özü boyda olan bəzi dövlətlərin təcrübəsindən yararlanmalıdır. Ekspert bildirdi ki, magistrlərə hərbi xidmətdən möhlət hüququnun verilməməsi bir çox problem yaradır.
“Möhlət hüququnun verilməsi təhsilə müsbət mənada təsir edəcək. Ümumiyyətlə, bu məsələ kökündən həll olunmalıdır. İsraildə orta məktəbi bitirən kimi hərbi xidmətə gedirlər və qayıdıb gələndən sonra ali təhsil alırlar. Yəni, burada oxumağın arasına heç bir şey girə bilmir. Oxumağa müdaxilə etmək ip qırmaq kimi bir şeydir. Qırılmış ipi düyünləməklə təzədən uzatmaq olar. Amma nəticədə o, yenə də qırılmış ipdir. Təhsil prosesini də gərək qırmayasan. Çünki insanın yaddaşı monolit deyil. Hərbiyə gedib gələndən sonra insan öyrəndiyini itirir. Ona görə bu işə birdəfəlik dövlət siyasətinin bir qolu kimi baxıb məsələni həll etmək lazımdır. Burda da dünya təcrübəsini mənimsəmək və öyrənmək lazımdır. Buna böyük maddi vəsait də lazım deyil və olduqca asandır. Sadəcə bir qrup ağıllı adamın oturub bu məsələni həll edə bilər. Amma məsələ ondadır ki, bunu həll etmirlər”, – deyə vurğulayıb.

Aqşin Kərimov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı