Modern.az

Azərbaycanda cinsi zorakılığın dəhşətli statistikası

Azərbaycanda cinsi zorakılığın dəhşətli statistikası

Ölkə

11 Aprel 2013, 11:32

Son dövrlərdə ölkədə baş verən cinayətlər arasında seksual zorakılıqla bağlı cinayətlərin sayı artıb. Təəssüflər olsun ki, bu cinayətin qurbanları sırasında, qadınlarla yanaşı, azyaşlı qız və oğlanlar da var. Məsələnin ən dəhşətli tərəfi isə odur ki, əksər hallarda ört-basdır edilən bu cür cinayətləri tərədən cinayətkarlar iyrənc əməllərinin qurbanları olaraq bəzən öz doğmalarını (ana, bacı, övladı) da seçirlər. Bir neçə gün öncə Zərdab rayonunda da bir azyaşlının zorlanması onun 2 bacısının da məktəbə buraxılmaması ilə nəticələndi. 

Modern.az saytı cinsi təcavüzə məruz qalanların statistikasını araşdırmağa çalışıb.  

Statistikaya keçməzdən öncə qeyd edək ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində şəxsiyyətin cinsi toxunulmazlığı və azadlığı əleyhinə olan cinayətlər sırasında 5 növ cinayət yer alır. Həmin cinayətləri törədənlərə qarşı 8 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Ancaq bəzi ekspertlər belə cinayət hadisələrini törədənlərə qarşı cəzanın daha də sərtləşdirilməsini təklif edirlər. Cəmiyyətdə bu cür insanlara qarşı birmənalı olaraq, nifrət hisslərini daha da sərtləşdirmək və insanları bu əməldən çəkindirmək məqsədilə zorlama törədən cinayətkarların cəza müddətinin 20 ilə qədər uzadılması, hətta həmin cinayəti törədənlərin əməliyyat yolu ilə axtalanması təklif olunur.

Yeri gəlmişkən, onu da deyək ki, zorlama hadisələri dünyanın bir çox ölkələri üçün aktual problemdir. Bəzi ölkələrdə insaniyyətə xələl gətirən bu cür hallara qarşı qanunlar daha sərtdir. Məsələn, Polşada yaxın qohumlarını və 15 yaşından aşağı olan uşaqları zorlayaraq seksual xarakterli cinayətdə suçlanan cinayətkarların kimyəvi maddələrlə axtalanması ilə bağlı qərar qəbul edilib. Qanuna uyğun olaraq, bu ölkədə internet vasitəsilə 15 yaşına qədər olan uşaqları yoldan çıxaran pedofillər də axtalanır.
İsraildə isə bu cür insanlara qarşı “dekapeptil“ adlı preparatlardan istifadə edilir. Kimyəvi maddələr cinayətkarın qanına yeridilir ki, bu da cinayətkarda zorlama vərdişini yoxa çıxarır. Rusiyada isə hesab edirlər ki, pedofiliya ilə məşğul olanların bu vərdişi sağalmaz olduğu üçün onlar cəza vaxtını başa vurduqdan sonra yenidən öz hərəkətlərini təkrarlaya bilərlər. Ona görə də bu cür xəstə və təhlükəli insanlara qarşı ciddi tədbirlər görülür.
Almaniyada zorlama hadisələrinin həddi daha çox olduğundan gün ərzində ən azı altı nəfər pedofil haqda axtarış elan olunur. 

Bu gün Azərbaycanda da cinsi zorakılığa məruz qalanların sayı getdikcə artır. Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova Modern.az-a deyib ki, onların  əlində olan məlumata görə, 2011-ci ildə cinsi təcavüzə məruz qalanların sayı 7 nəfər olubsa, ötən il bu rəqəm 4 nəfərə qədər artıb – 11 nəfər. Onlardan 9 nəfər ailədaxili zorakılığa məruz qalanlar olub:

“Təəssüflər olsun ki, son illər yaxın qohumları tərəfindən zorlanma faktlarının sayı artıb. Çox nadir hallarda kənar bir şəxsin, yəni tanış olmayan şəxsin zorlanma faktında əli olur. Cinsi zorakılıq törədənlərə qarşı cəzanın yüngül olması da problemlərdən biridir. Bu gün cinayətin bu növünə qarşı cəzalar ağırlaşdırılmalıdır. Məsələn, bir neçə il əvvəl atalıq 17 yaşında qızı zorlamışdı. Ona 3 il cəza verilməsinə baxmayaraq bir il yarım yatdıqdan sonra azadlığa çıxdı”.   

Mərkəz rəhbərinin sözlərinə görə, bu il yeni başlamasına baxmayaraq artıq cinsi zorakılığa məruz qalma faktları var. Belə ki, bu il iki nəfər zorlanıb. Cinsi təcavüzə məruz qalanlardan hər ikisi yeniyetmədirlər: “Onlardan biri atalığı, digəri isə həyat yoldaşının qardaşı tərəfindən zorlanıb”.

M.Əzizovanın sözlərinə görə, statistikaya görə, cinsi təcavüzə məruz qalanların 50 faizi yeniyetmə, 50 faizi isə 25-30 yaşlı xanımlardır.

Amma rəsmi statistikadakı rəqəmlər QHT rəhbərinin açıqladığı faktlardan çoxdur. Rəsmi statistiqada zorlama və zorlamaya edilən cəhdlərlə bağlı rəqəqmlərin ildən-ilə gah artdığı, gah da azaldığı bildirilir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2011-ci ildə zorlama və zorlamaya edilən cəhdlərlə bağlı 28 fakt qeydə alınıb.

Daxili İşlər Nazirliyinin rəsmi məlumatına görə, 2012-ci zorlama hadisələrinin 93,8%-nin açılması təmin edilib.

Gültəkin ƏLƏSGƏR  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı