2013-cü il prezident seçkisinə artıq 6 ay vaxt qalır. Bir çox partiya seçkidə iştirakla bağlı israrlı olduğunu açıqlayıb. Son günlər bəzi partiya sədrləri rəsmi şəkildə təbliğat və təşviqat kampaniyasının başlamamış görüşlər keçirirlər. Məsələn, Müsavat başqanı İsa Qəmbər, Ümid Partiyasının sədri İqbal Ağazadə artıq belə görüşlərdə start veriblər. Bəziləri adları çəkilən şəxslərin prezidentliyə namizəd kimi görüşlər keçirməsini qanunsuz hesab edir, digərləri isə bunu partiya sədrinin vətəndaşlarla təması kimi qiymətləndirərək, qanuni söhbətlər olduğunu deyirlər. Bu kimi görüşlər hüquqi cəhətdən nə dərəcədə düzgündür?
Mərkəzi Seçki Komissiyasının media və ictimai əlaqələr şöbəsinin müdiri Azər Sarıyev Modern.az-a açıqlamasında bildirib ki, burada qeyri-adi bir şey yoxdur.
“Azərbaycan demokratik ölkədir. Hər kəs qanun çərçivəsində istənilən addımı ata bilər. Seçkiqabağı kampaniyaya rəsmi şəkildə bu təşviqat hesab oluna bilməz. Həmin şəxslərin rəsmi namizəd statusu yoxdur. Ona görə də onların görüşünə heç kim məhdudiyyət qoya bilməz. O, partiya sədri və vətəndaş kimi öz tərəfdarları ilə görüşlər keçirir. Həmin insanlar bu görüşlərə sırf seçki kampaniyası adı qoymurlar. Bu, hüquqi baxımdan da düzgün deyil. Bu görüşlərdə qeyri-adi bir şey görmürəm”.
MSK rəsmisi onu da əlavə edib ki, bu cür məsələlərlə bağlı media və ictimaiyyətlə əlaqələr şöbəsi hüquqi şərh vermək səlahiyyətində deyil. Bununla yanaşı, “MSK bu cür görüşlərə qadağa qoya bilməz”, – deyə A. Sarıyev vurğulayıb.
Aqşin Kərimov