Modern.az

Edam kötüyünə sürüklənmiş dövlət başçıları - SİYAHI

Edam kötüyünə sürüklənmiş dövlət başçıları - SİYAHI

Ölkə

16 Aprel 2013, 09:52

Dünya tarixində bir çox dövlət və hökumət başçıları siyasi fəaliyyətlərinin nəticəsi olaraq qətlə yetiriliblər. Yaxın tarixə nəzər salsaq, görərik ki, XX əsrin 40-cı illərindən bu yana bir çox siyasi xadimlər edam kötüyündən qurtula bilməyiblər. Modern.az oxuculara ən yeni tarixin bəzi “qara səhifələr”ini xatırladır. Haqqında ölüm qərarı çıxarılmış, hakimiyyət çevrilişi nəticəsində öldürülmüş dövlət və hökumət rəhbərlərinin siyasi portretlərinin cizgilərini və həyatla vidalaşma səbəblərini təqdim edirik. 

1949-cu ildə ilk “Ərəb baharı”

Öz hərbi təhsilini Türkiyədə alaraq Suriyaya qayıdan Hüsnü Zaim 1948-ci ildə ölkəsinin silahlı qüvvələrinin baş qərargah rəisi vəzifəsinə qədər yüksəlir. Onu bu vəzifəyə Suriyanın həmin dövrdə baş naziri Xalid-Əl-Əzim təyin edir. Lakin 1949-cu ilin mart ayında Hüsnü Zaim ölkədə hərbi çevriliş edərək hakimiyyəti ələ alır. Hərbi çevrilişi həyata keçirən general ölkəsində məmurlara hər hansı bir partiyanı dəstəkləməyəcəklərinə və yalnız ona itaət edəcəklərinə dair and içdirir. Bir müddət sonra o, referendum keçirilməsinə dair qərar verir. Həmin referendumda özündən başqa heç bir namizəd iştirak etmir. General Zaim tək qatıldığı həmin referendumda özünü dövlət başçısı elan etməyi bacarır. Bununla da Suriyada yeni Konstitusiya qüvvəyə minir. Zaim Türkiyədə həmin zamanlar hakimiyyətdə olan Cümhuriyyət Xalq Partiyasından hərbçi kadrlar cəlb edərək Suriya ordusunun təkmilləşdirilməsini və lazımi təlim görməsini istəyir. Bundan əlavə, dini dövlətdən ayıraraq ərəb ölkələri arasında ilkə imza atır. Lakin qısa bir zamandan sonra Zaim özü də hərbi çevriliş nəticəsində devrilir. 1949-cu ilin 14 avqustunda çevrilişlə hakimiyyətə gələn Sami-Əl-Hinnavi Hüsnü Zaimi edam etdirir.

Mir Cəfər Bağırov... Edam yoxsa əcəl?



Əslində Mir Cəfər Bağırovun fəaliyyəti və onun siyasi portretinin cizgiləri ilə az-çox tanışıq. Amma mövzumuza uyğun olduğu üçün Azərbaycan tarixində edam olunmuş dövlət başçısını da xatırlatmaq yerinə düşər. 1933-cü ildə Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilən Mir Cəfər Bağırov 1953-cü ildə vəzifəsindən azad edilir. Bundan sonra isə 1955-ci ildə həbsə alınan keçmiş dövlət başçısı haqqında məhkəmə 1956-cı ildə güllələnmə qərarı çıxarır. Rəsmi məlumatlara görə, güllələnmə hökmü icra edilib. Ancaq 1980-ci illərdə radio və xarici mətbuat Mir Cəfər Bağırovun Sibirdə həbsxanaların birində vəfat etməsi ilə bağlı məlumatlar yayır. Bu günün özündə də Mir Cəfər Bağırovun ölümü ilə bağlı iki versiya var.

Macarıstanda sovet terroru

1953-cü ildə Stalinin ölümündən sonra Macarıstanın siyasi həyatında da bir dəyişiklik müşahidə olundu. Sovetmeylli siyasət yürüdən Rokosinin yerinə İmre Naqi hakimiyyətə gəldi və baş nazir oldu. Naqi hakimiyyətə gələn kimi kənd təsərrüfatında kollektivləşdirmə əleyhinə siyasət yürütməyə başladı. İqtisadiyyatda liberal dəyərlərə üstünlük verməyə başladı. Lakin onun antisovet siyasəti bəzi dairələri ciddi narahat edir və bu da 1955-ci ildə öz kürsüsündən vida etməsi ilə nəticələnir. Naqinin yerinə isə Andreas Heqedus baş nazir olur. Lakin 1956-cı ildə çevrilişlə yenidən hakimiyyətə gələn İmre Naqi nayabrın 1-də Varşava Paktından ayrılmaq haqqında qərar verir. Bu, SSRİ-nin əsəblərini tarıma çəkir və sovet ordusu Macarıstana daxil olur. Həbs olunan İmre Naqi “Vətənə xəyanət” maddəsi ilə ittiham olunur və 1958-ci ildə onun haqqında edam qərarı çıxarılır. Macar siyasətçi elə bu ildə asılaraq edam olunur.

Bədbəxt baş nazir Adnan Menderes




 

Bu siyasətçinin edam olunması bu gün də Türkiyə tarixində ciddi müzakirə obyektidir. Adnan Menderes 1950-ci ildə Türkiyə prezidenti Cəlal Bayar tərəfindən baş nazir təyin olunur. Lakin baş nazirliyi dövründə yürütdüyü siyasət Türkiyə siyasi arenasında birmənalı qarşılanmırdı. 1960-cı il mayın 27-də Türkiyədə hərbi çevriliş baş verir. Ordu faktiki olaraq hakimiyyəti ələ alır. Adnan Menderes həbs olunur. Milli Birlik Komitəsi tərəfindən qurulan Yüksək Ədalət Divanının qərarına əsasən, o, 1961-ci ilin sentyabrında edam olunur.

“Dişə diş”


1958-ci ilin 14 iyulunda hərbi çevrilişlə hakimiyyətə gələn Əbdül Kərim Qasım çağdaş İraq tarixinin ilk baş naziri və prezidenti olur. 1960-cı ildə iqtidarı üçün təhlükə sayıla biləcək bütün qüvvələrə təzyiq etməklə onları öz siyasi təsir dairəsinə salmaq istəyi İraqda yaşayan kürdləri baş nazirə qarşı ayağa qalxmağa vadar edir. Ordunun böyük bir qismi kürd üsyanını yatırmaq üçün səfərbər edilir. Lakin ordu sıralarında Əbdül Kərim Qasıma qarşı da bir cəbhə yaranır. General Əbdüssalam Arifin liderliyi ilə 1963-cü ildə həyata keçirilən hakimiyyət çevrilişində Əbdül Kərim Qasım öldürülür.

Qaragün Afrika

1965-ci ildə Konqonun baş naziri olmuş Evarist Kimba bu vəzifədə çox qalmır. 1966-cı ildə onu hökumətində olmuş bir neçə nazirlə bir yerdə geniş kütlənin qarşısında edam edirlər.

“Çili Baharı”


1970-ci ildə Çilinin sosialist prezidenti olmuş Salvador Alyende ölkəsində orta təbəqənin maraqlarına xidmət edəcək siyasət yürüdəcəyini söyləyir. Lakin Salvador Alyende xalqın etimadını qazana bilmir. 1973-cü ilin sonradan Çili diktatoru olmuş general Auqusto Pinoçet tərəfindən hakimiyyətdən devrilir. Alyende Prezident Sarayının ona müxalif qüvvələr tərəfindən alınması zamanı öldürülür.

Şair baş nazirin siyasəti

1972-ci ildə Əfqanıstanın baş naziri olan şair Məhəmməd Musa Şəfiq vəzifəsini bir il icra etməmiş 1973-cü ildə öz postunu dövlət çevrilişi nəticəsində itirir. 1978-ci ildə ölkədə kommunistlər dövlət çevrilişi edir. 1979-cu ildə qeyri-kommunistlər edam olunur. Edam olunanlar sırasında Məhəmməd Musa Şəfiq də yer alır. Bununla şair siyasətlə əbədi olaraq vidalaşır.

Yenə hərbiçilər, yenə edam


Zülfüqar Əli Bhutto 1971-ci ildə Pakistanın dövlət başçısı və baş naziri vəzifəsində olub. Pakistan Xalq Partiyasının yaradıcısı olan Bhutto Pakistanın keçmiş baş naziri mərhum Bənazir Bhuttonun atasıdır. 1977-ci ilə qədər dövlət və hökumət başçısı olan Əli Bhutto 1979-cu ildə general Ziya-ül-Həqqin tabeliyində olan hərbiçilər tərəfindən edam edilib.

Xanımı ilə birgə öldürülən diktator


1974-1989-cu illərdə Rumıniya Sosialist Respublikasının prezidenti olmuş Nikolae Çauşesku öz dəbdəbəli həyatını qurmaq üçün dövlət büdcəsindən kifayət qədər xərcləyir. Bu da ölkədə ciddi şəkildə narazılıq yaradır. Öz hakimiyyəti dövründə yaranan borcları ödəmək üçün ölkədə istehsal edilən məhsulların əksəriyyətini xarici ölkələrə ixrac etmək siyasətini yürüdür. Bu da ölkədə iqtisadi böhran yaratmaqla sosial partlayış üçün zəmin hazırlayır. Nəhayət işsizlik, sosial problemlərin məngənəsində boğulan xalq 1989-cu ilin dekabrında ayağa qalxır. Xüsusilə, bu, Transilvaniya əyalətində nəzərəçarpacaq dərəcədə müşahidə olunur. Timişior şəhərində nümayişçilərin güllələnməsi xalqı daha da qəzəbləndirir. Vəziyyətin nəzarətdən çıxdığını görən diktator xanımı ilə birgə qaçır. Lakin bir neçə gündən sonra hər ikisi tutulur. Dekabrın 25-də rumın hərbçlər keçmiş diktatorun həyat yoldaşı ilə birgə məhkəməsini qurur. Diktator və xanımı Yelena Çauşeskuya soyqırımı ittihamı irəli sürülür və onlar barədə ölüm hökmü çıxarılır. Hər ikisi güllələnir. Keçmiş diktator və xanımının meyiti bir neçə gün meydanda qalandan sonra Buxarestdə dəfn olunurlar.

Başıbəlalı İraq dövlət başçıları


1979-cu ildə prezidentliyə başlayan Səddam Hüseyn dünya tarixində qatı və qanlı cinayətkar diktator kimi tanınıb. Ölkəsində həyata keçirdiyi diktatura siyasəti bir çox insanın ölümünə səbəb olur. Hətta xarici siyasətdə də İran və Küveyt kimi dövlətlərlə müharibə yolunu tutur. 2003-cü ildə isə İraqın başı üzərini qara buludlar alır. Başda ABŞ olmaqla NATO qoşunları həmin ilin mart ayında İraqla müharibəyə başlayır. Səddam Hüseyn isə axıra qədər dirəniş göstərir, amma bir neçə gündən sonra aprel ayında hakimiyyətdən devrilir. Bununla da 24 illik hakimiyyəti sona çatan İraq diktatoru həmin ilin dekabrında Tiqrit yaxınlığında ələ keçirilir və həbs olunur. 2006-cı ildə İraq Ali Məhkəməsinin qərarı ilə edam edilir.

Aqşin Kərimov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı