
“İstintaq orqanı işi belə davam etdirsə, prezidentə müraciət edəcəyik”. Bu barədə Modern.az saytına hazırda həbsdə olan sabiq millət vəkili Gülər Əhmədovanın vəkili Raqif Mustafayev bildirib. O, qeyd edib ki, bəzi vəkillər Gülər Əhmədovanın adından istifadə edib ucuz reklam olunmaq istəyirlər:
“Belə şayiələr yayırlar ki, guya Gülər Əhmədovaya həbsxanada lüks şərait yaradılıb. Həbsxanada ümumi rejimdir. Hamı qapalı şəraitdədir. Belə şəraitdən də hamı əziyyət çəkir. Gülər Əhmədova da ümumi rejimdə olanlar kimi saxlanılır”.
Gülər Əhmədovanın ev dustaqlığına buraxılması haqqında vəsatətin təmin olunmadığını söyləyən Raqif Mustafayev əlavə edib:
“Elşad Abdullayevə qarşı 4 müxtəlif maddə ilə cinayət işi açılıb. İstintaq orqanları heç onu axtarışa da verməyiblər. İnterpol-un axtarış səhifəsində də onun adına rast gəlinmir. Amma qarşı tərəfi dindirməmiş Gülər Əhmədovanı həbs ediblər. Bu gün istintaq Gülər Əhmədovanın həbs edilmə səbəbini əsaslandıra bilmir. Gülər Əhmədova azadlıqda olmalıdır. Onun həbsi qanunsuzdur. İstintaq orqanı işi belə davam etdirsə, prezidentə müraciət edəcəyik”.
Xatırladaq ki, sabiq millət vəkili Gülər Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 və 307.2-ci maddələri ilə təqsirli bilinərək fevralın 13-də Səbail rayon Məhkəməsində çıxarılan qərarla 3 aylığa həbs olunub.
O, külli miqdarda ziyan vurmaqla dələduzluqda (178.3.2) və qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmədə (307.2-ci ) təqsirli bilinir. O, hazırda Kürdəxanıdakı Bakı istintaq təcridxanasında saxlanılır.
Gültəkin ƏLƏSGƏR