“Naxçıvanda 20 min adam bir sözümə görə məni asmaq istəyirdi”
“Mən dediyim sözə görə heç kimdən, o cümlədən qazaxlılardan qorxmuram. Sözü demişəm, üstündə də dururam. İstəyirlər öldürsünlər məni, dediyimdən dönməyəcəm”.
Bu fikirləri Modern.az saytına Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Qazax camaatının onu hədələməsinə cavab olaraq bildirib.
Xalq şairi Səməd Vurğun barəsində səsləndirdiyi “dılğır” sözü ilə böyük qalmaqal yaradan S.Cəlaloğlu Qazax sakinlərinin ona ünvanladıqları təhdidlərə cavab verib.
Partiya sədri Səməd Vurğun haqda dediyi fikrindən dönməyəcəyini, lazım gələrsə ölməyə belə, razı olduğunu qeyd edib:
“İstəyirlər məni öldürsünlər, assınlar”
“Burda mən təəccüblü bir şey görmürəm. Azərbaycan xalqının maraqlarını müdafiə edən adamları nəinki döyüblər, hətta öldürüblər. Mənim Səməd Vurğunla şəxsi intriqam yoxdur. Mən sözümdən dönən adam deyiləm. Azərbaycan xalqı naminə istərdim ki, Səməd Vurğunun külliyatı sıradan çıxarılsın, əsərlərinin oxunması qadağan edilsin. Onun övladları da atasına görə Azərbaycan xalqından üzr istəməlidirlər.
Mən xalqımın maraqlarına xidmət edən adamam. Şaumuyana baba deyən, Məhəmməd Əminə xain deyən, onu şarlatan adlandıran adam heç vaxt Azərbaycan xalqının şairi ola bilməz. İstəyirlər məni öldürsünlər, assınlar. Bunu demişəm, deyəcəyəm də...”
S.Cəlaloğlu Qazax sakinlərinin Bakıya gələrək onu döyəcəkləri ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. ADP sədri hətta Səməd Vurğunu müdafiə edən qazaxlılara məsləhət verməkdən belə, çəkinməyib.
“Səməd Vurğunun heykəlini götürsünlər”
“Mən bununla bağlı narazılığımı ifadə edirəm. İndi qazaxlılar nəyə etiraz edirlər? Onlar da belə hesab edirlər ki, doğurdan da Şamuyana baba deyilməlidir? Mən niyə və kimdən üzr istəməliyəm ki?
Mən dediklərimi məhkəmədə də müdafiə etməyə hazıram. Buyursunlar, savadlıları gəlsinlər gedək dövlət televiziyasında 9 milyon insanın gözü qarşısında dediklərimi sübut edim.
Sərdar Cəlaloğlu dünənki uşaq deyil. Naxçıvanda on min, iyirmi min adam 6 ay mitinqə çıxdı ki, “Sərdar Cəlaloğlunu bir sözünə görə dar ağacından asacağıq”. Yaxşı olar ki, Qazaxdan mənə etiraz bildirənlər vətənpərvərlik nümayiş etdirib Səməd Vurğunun heykəlinin qarşısında etiraz etsinlər ki, o heykəli götürsünlər”.
Anar RÜSTƏMOV