«Onunla birgə işləməmişəm, ancaq Bakı Dövlət Universitetinin məzunudur və universiteti yaxşı nəticələrlə bitirib».
Bu sözləri Modern.az saytına açıqlamasında millət vəkili, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov yeni təhsil naziri Mikayıl Cabbarovun təyinatına münasibət bildirikən deyib.
Rektor bildirib ki, təhsil naziri Mikayıl Cabbarov gənc olmasına baxmayaraq, təcrübəli kadrdır.
«Ölkə prezidentinin sərəncamı ilə təyin olunan hər bir şəxs haqqında düşünülmüş qərar qəbul edilir. Mikayıl Cabbarov Amerikada və Bakıda təhsil alıb, dünyagörüşlü insandır. Bəzən gənclər elə radikal addımlar atırlar, elə böyük islahatlar aparırlar ki, sonradan adam dediyi sözə də peşman olur. Vaxt keçəcək görəcəyik ki, nəticə necə olacaq. Əminəm ki, Mikayıl Cabbarov təhsilimizə islahatlar gətirə biləcək”.
Qeyd edək ki, aprelin 19-da prezidentin sərəncamı ilə Misir Mərdanov təhsil naziri vəzifəsindən azad edilib və onun yerinə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin direktoru Mikayıl Cabbarov təyin olunub.