Modern.az

Yağma yağış...

Yağma yağış...

Ölkə

25 Aprel 2013, 11:17

Əziz oxucu, yazının başlığı sizi çaşdırmasın. Mən nə o ovqatdayam ki ilin günün bu vaxtında o məşhur lirik mahnının sözləri məni yerimdən oynatsın, nə də əstağfürillah, elə bir fövqalədə güc sahibi də deyiləm ki təbiətin istəyinə qarşı çıxam. Sadəcə Bakıda sonuncu güclü yağışdan sonra üzləşdiyimiz ağılagəlməz situasiyalar məni bu cür pessimist düşünməyə vadar edib. Səmimi deyim ki yazdıqlarım da süni boyadan, bəzək-düzəkdən uzaq, adi paytaxt sakininin yağışlı bir gündə yaşadığı öyrəncəli həyatın acı bir lövhəsidir.

Qışın məhrumiyyətlərindən yenicə qurtulub sevinirdim ki, daha çətinliklər arxada qaldı, sümüyümüz bir qədər isinər. Aprelin indiyəcən şahidi olmadığımız isti havaları da qırışığımızı yenicə açırdı ki, qəfildən bu zəhirmara qalmış yağışlar başladı.

Axırıncı güclü yağış yağan axşamı işdən çıxıb hər tərəfi açıq dayanacaqda bir xeyli avtobus gözləyəndən sonra nəhayət ki birtəhər özümü avtobusa təpib belə havada ən etibarlı nəqliyyat olan metroya tələsdim. Metro dayanacağında avtomobillər qələbəlik yaratdığından avtobus bir xeyli kənarda saxlamağa məcbur oldu. Güclü leysan nəticəsində ətrafda əməlli-başlı gölməçə yarandığından ayaqqabılarıma su dola-dola, üst-başım tamam islanmış bir durumda özümü güclə metroya sala bildim. Lakin burda da vəziyyət ürəkaçan deyildi. Vaqonlarda dəhşətli basabas olduğundan bir neçə qatarı buraxmalı oldum. Sonda ölüm-zülüm qatara minib düşəcəyim stansiyaya gəldim. Lakin buradakı mənzərə daha bərbad idi. Dayanacaq bir qədər çalada yerləşdiyindən orada göllənən suyun səviyyəsi yarım metrdən çox olardı. Bunlar azmış kimi ətrafda da nə bir marşrut avtobusu, nə də taksi gözə dəyirdi. Bayırda da güclü leysan yağdığından metronun tunelində gözləməyə məcbur idik. Hər avtobus gözə dəyəndə adamların arasına bir qarğaşa düşür, hamı bayıra qaçır, ancaq gözlədiyimiz marşrut olmayanda kor-peşiman, yağışdan daha da islanaraq yenidən tunelə qayıdırdıq.

Düşünürdüm ki, çətini evə çatıncadı, əynimi dəyişib, isti çay içib rahatlanaram. Lakin məhləyə çatanda gördüyüm səhnədən nitqim tutuldu. Yaşadığım beşmərtəbəli bina dəryada qərq olan gəmi kimi suyun içində üzürdü. Bu durumun əsas səbəbi heç də yağış deyildi. Belə ki neçə il olardı binalarımızda istilik sistemi işləmirdi. Bu qış xəbər yayıldı ki təzə icra başçısı söz verib ki bütün binalarda istilik sistemini bərpa etdirəcək. Haqq üçünə təzə başçı gələndən rayonda xeyli abadlıq işləri də gördürüb. Lakin onun tabeliyində olmayan istilik idarəsi qışdan başlatdığı təmir-tikinti işlərini nəinki qurtarıb başa çatdırıb, əksinə həyət-

bacada qazmadığı yer qoymayıb. Neçə vaxtdır ki qazılaraq böyük əksəriyyətinin üstü açıq qalan boru xətləri, su axarının qarşısını kəsən torpaq təpəcikləri ətrafda əsil dəryaça yaratmışdı. İş o yerə çatmışdı ki, binanın qabağında göllənən su bloklara dolaraq mənzillərə keçməyi də imkansız etmişdi. Vəziyyətin bir qədər də belə davam edəcəyi suyun mənzillərə dolacağını qaçılmaz edirdi. Blokda böyük elektrik “şiti” olduğundan hər an faciə də baş verə bilərdi. Allah üzümüzə baxdı ki yağış bir qədər sonra səngidi. Yağış səngisə də bizi iki gün susuz qoydu. Axşam televiziyada yağışın uzun müddət davam etməyəcəyi xəbərini eşidəndə isə elə bil üstümə gün doğdu. Paytaxtın bəzi yerlərində əhalinin evlərindən artıq qayıqla çıxarıldığı kadrlarını görəndə isə öz halımıza şükür elədim.

Danışdıqlarımdan da acınacaqlı və bir az da gülməli vəziyyətlə ertəsi gün qarşılaşdım. Bir gün öncə yaxın bir yoldaşla günün birinci yarısı görüşməyə vədələşmişdik. Görüş vaxtına bir az qalmış biçarə zəng vuraraq həyətlərinin tamam su içərisində üzdüyünü və ümumiyyətlə evdən bayıra çıxmağın mümkün olmadığını deyərək görüşə gələ bilməyəcəyi üçün üzür dilədi.

Beləcə Bakıya bir neçə saat yağan güclü yağış paytaxt sakinlərinin hər birinə fərqli biçimdə problem yaşatdı. İndi iki gündür ki beynimi “yağma yağış, yağma yağış” nidası döyəcləyir. Çünki Bakıya qar kimi, yağış da yaraşmır. Sən demə Bakının illərlə öyrəşdiyimiz toz-dumanı qar-yağışından daha təhlükəsiz imiş.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı