“Əgər mənə gündə agentliklərdən və qəzetlərdən 10 jurnalist müraciət edirsə onlardan doqquzu müxalifətdaxili çəkişmələr və ya müxalifətin birliyinin olmaması barədə sual verir”.
Modern.az xəbər verir ki, bu fikirləri Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı bildirib.
A.Hacılının sözlərinə görə, müxalifətin birliyinin olmaması hakimiyyətyönlü mətbuatı "narahat" edir.
“Hakimiyyət ayda 100 minlərlə vəsait xərcləyərək heç də populyar olmayan saytlar və qəzetləri saxlayır.Saxlayır ki,müxalifət arasında birliyin olmaması mövzusunu siyasətin bir nömrəli mövzusuna çevirsin.Çevirib də.
Neçə birliklər yaransa da dərhal ortaya mövzu atılır: "Bu birlik yetərli deyil". Əslində real demokratik qüvvələrin əksəriyyəti çoxdan birlikdədir. Birlik küçələrdə meydanlarda ,birlik həbsxanalardadır”
Müsavat funksioneri həmçinin bildirib ki, illər uzunu mürgüləyib hər seçki kampaniyasına bir mövsümi iş kimi yanaşaraq ortaya çıxıb,seçkidən sonra real müxalifəti satanlarla birlik isə lazım deyil.
“Demokratik qüvvələrin optimal birliyinin yaradılması çox məsuliyyətli bir işdi.Tələskənliyə yol vermək olmaz. Bu bir bəyanat layihəsi ya kino ssenarisi deyil ki, səhv olsa pozub yenidən yazasan. Burada səhv buraxılsa sonra onu düzəltmək mümkün olmayacaq”
Anar RÜSTƏMOV