Modern.az

AMİP-dən AÇIQLAMA: “İsa Qəmbərlə Eldar Namazovun xeyrinə geri çəkilməyəcəyik”

AMİP-dən AÇIQLAMA: “İsa Qəmbərlə Eldar Namazovun xeyrinə geri çəkilməyəcəyik”

Ölkə

29 Aprel 2013, 15:55

“Prezident seçkilərində heç kimin xeyrinə geri çəkilməyəcəyik. Var gücümüzlə seçkidə iştirak edib, mübarizə aparacağıq”. Bu fikirləri Modern.az saytına açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə bildirib.

Seçkilərə sayılı aylar qalmasında baxmayaraq hələ də namizədi bəlli olmayan AMİP sədri partiyasının prezident seçkilərində birmənalı olaraq iştirak edəcəyini bəyan edib. Onun sözlərinə görə, müxalifətin ümumi birliyi alınmasa, AMİP öz namizədi ilə seçkiyə qatılacaq.

“Mən əvvəlki çıxışlarımda da qeyd eləmişdim ki, Milli İstiqlal Partiyası bir mənalı şəkildə Azərbaycanda keçiriləcək prezident seçkilərində iştirak edəcək. Bu birmənalıdır.

Azərbaycan müxalifəti əfsuslar olsun ki, birləşə bilmir. Mən yenə bildirirəm ki, müxalifət düşərgəsində vahid namizəd problemi həll olunsa mən öz iddiamdan geri çəkilməyə hazıram. Ümumiyyətlə müxalifətin birləşməsi prosesi indiki durumda real deyil. Xatırlayırsınızsa bir müddət əvvəl AXCP ilə Müsavat Partiyalarının birləşməsi gündəmə gəlsə də, alınmadı. Bizim məqsədimiz budur ki, “Qarabağ” bloku və eləcə də digər müxalifət birlikləri birləşib mübarizə aparsınlar. Bu alınmasa, biz seçkilərdə iştirak edəcəyik. Öz gücümüzü göstərəcəyik”-deyə partiya sədri bildirib.

Y.Bağırzadə “müxalifətin ən güclü namizədi olaraq İsa Qəmbər, Eldar Namazov və digərlərinin xeyrinə seçkidən geri çəkiləcəksinizmi” sualına birmənalı olaraq “yox” deyə cavab verib:

“Qəti şəkildə deyirəm bu ola bilməz. Ümumiyyətlə mümkün də deyil. AMİP-in seçki haqqında namizədini qurultay müəyyənləşdirəcək. Əgər yenə qeyd edim ümumi müxalifətin böyük birliyinə nail olmasaq əlbəttə ki, AMİP öz namizədi ilə seçkiyə gedəcək”.

AMİP sədri daha sonra kinodramaturq Rüstəm İbrahimbəyovun irəli sürdüyü Milli Şura ideyası ilə bağlı münasibət açıqlayıb. Partiya sədri R.İbrahimbəyovun ideyasının real olmadığını deyib.

“Bu, sözün açığı mənə maraqlı deyil. Bu ideya söz-söhbətdir. Ortada real heç nə yoxdur. Artıq camaat da yorulub. Nə qədər birləşib, ayrılmaq olar?”.

Y.Bağırzadə hesab edir ki, Demokratik Qüvvələrin Məşvərət Məclisi ümumi razılığa gələ bilsə, təşkilat seçkilərə vahid namizədlə gedəcək.

Qeyd edək ki, AMİP lideri Etibar Məmmədov prezident seçkilərinə qatılmayacağını bəyan edib.

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı