
Eks-spiker Rəsul Quliyevin “EL” hərəkatının lideri Eldar Namazov haqda sərt çıxışına cavab gecikmədi.
Bu dəfə Rəsul Quliyevə “EL” hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev cavab verib.
“El” rəsmisi Modern.az-a açıqlamasında R.Quliyevin qeyri-obyektiv olduğunu deyərək, ona bəzi mesajlar ünvanlayıb.
“Rəsul bəy həmişə olduğu kimi, reallıqdan uzaq danışır. Onun üçün kənarda vəziyyət asan görünə bilər. Rəsul bəy bunu bilməlidir. Azərbaycana turist nəzərləri ilə baxanda bəlkə də elədir”.
E.Quliyevin sözlərinə görə, Rəsul Quliyevin Eldar Namazovu seçkilərdə özünə rəqib görməməsi qısqanclıqdan irəli gəlir:
“Qısqanclıq təbii şeydir. Rəsul bəy deyir ki, hakimiyyətə ən real alternativ onun özüdür. Mən də deyirəm ki, Roma papasına alternativəm. Bunu deməyə nə var ki?”.
Qeyd edək ki, Milli Məclisin sabiq sədri Rəsul Quliyev Modern.az-a açıqlamasında Eldar Namazovun prezident seçkilərində qalib gəlmək şansının olmadığını bildirib. Eks-spiker həmçinin qeyd edib ki, nəinki İsa Qəmbər, eləcə də Eldar Namazov heç partiyadaxili seçkilərdə belə, qalib gələ bilməzlər.
Anar RÜSTƏMOV