Modern.az

Magistrlərə hərbi xidmətdən möhlət hüququ niyə verilməlidir? - ARAŞDIRMA

Magistrlərə hərbi xidmətdən möhlət hüququ niyə verilməlidir? - ARAŞDIRMA

Ölkə

2 May 2013, 14:58

Mütəxəssislər fasilənin təhsilə zərər vurduğunu düşünür


“Məncə, magistr təhsilini hərbi xidmətdən öncə davam etdirmək lazımdır. Bakalavr təhsili ilə magistr təhsilinin arasında fasilənin olması təhsil prosesinə mənfi təsir göstərir. Biliklərin azalmasına, boşluq yaranmasına səbəb olur”. Bunu Bakı Slavyan Universitetinin (BSU) Jurnalistika fakültəsinin sonuncu kurs tələbəsi Xəyyam Abdinov deyir. Onun fikrincə, yaranmış fasilə sonradan təhsili ikinci plana keçirə bilər:
“Təbii ki, bir insanın hansısa peşəyə yiyələnmək marağı varsa, birillik fasilə buna mənfi təsir göstərə bilməz. Amma təhsilə olan maraq hərbi xidmətin olub-olmamasından daha çox fərdi səciyyə daşıyır. Buna görə də magistr təhsili alan şəxslər müəyyən olunmuş möhlət çərçivəsində hərbi xidmətdən azad olunmalıdırlar. Bakalavr və magistr təhsili arasında hərbi xidmət olmamalıdır. Lakin magistr təhsili başa çatdıqdan sonra vətənə olan borcunu yerinə yetirmək hər bir gəncin vəzifəsidir”.

Magistr təhsili alan oğlanların sayı azdır

Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının məlumatına görə, 2010/2011-ci ildə magistr imtahanlarında iştirak etmiş 6552 nəfərdən 3911 bakalavr respublikanın ali təhsil  müəssisələrinə qəbul olub. Onlardan 1838-i oğlan, 2082 nəfər isə qızdır.

2012/2013-cü tədris ili üçün isə Azərbaycan Respublikası ali təhsil müəssisələrinin magistraturalarına  5020 bakalavr qəbul olub. Bu dəfə də oğlanların sayı azdır: 2281 oğlan, 2739 qız.

Mütəxəssislərin fikrincə, magistr təhsili alan oğlanların sayının azlığı onlara hərbi xidmətdən möhlət hüququnun verilməməsi ilə bağlıdır.

AMEA-da baş elmi işçi Tehran Əlişanoğlunun fikrincə,  magistraturaya qəbul olunmuş oğlanlara hərbi xidmətdən möhlət verilərsə, bu, elmin inkişafına müsbət təsir göstərər: “Hərbi xidmət elmlə təzəcə məşğul olmağa başlamış gəncləri xeyli dərəcədə "soyudur", hətta xidmətdən sonra elmdən uzaqlaşdırır da. Son illərdə magistratura oxuyanların az qala hamısının qızlardan ibarət olması da bunu göstərir. Magistraturanı bitirdikdən sonra elmin arxasınca gedirlərsə, doktoranturaya qəbul olurlarsa, hərbi xidmətdən azad olunmaqlarının tərəfdarıyam”.

BSU “Jurnalistika nəzəriyyəsi və təcrübəsi” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Şahbaz Musayev də eyni fikirdədir: “Magistraturaya daxil olmuş gənclərə hərbi xidmətdən möhlət hüququ verilməlidir. Bakalavr təhsilini bitirmiş və magistraturaya qəbul olmuş tələbə fasilə olmadan təhsilini davam etdirməlidir. Aradakı bir illik fasilə bir magistrın təhsilə marağına təsirsiz qalmayacaq. Təhsildən uzaqlaşmaq onun fikirlərində dəyişikliyə səbəb ola bilər. Belə halda möhlət hüququnun verilməsi daha məqsədəuyğundur”.

Gənclər düşünür ki....

Bu il bakalavr təhsilini başa vuran Bəhram Həsənov da fasilənin təhsilə problem yaratdığını düşünür. Onun sözlərinə görə, sərbəst seçımə üstünlük verilməli, hər iki variant olmalı və bu hər bir gəncin istəyinə uyğun seçilməlidir.

Bakalavr təhsilini başa vurmuş Mehman Məmmədli isə fərqli düşünür. Onun fikrincə, magistr təhsili hərbi xidmətdən sonra davam etdirmək lazımdır: “Magistr təhsilini hərbi xidməti bitirdikdən sonra davam etdirmək lazımdır. Magistratura təhsilini bitirib hərbi xidmətə başlamaq əldə olunmuş biliklərin itirilməsilə  nəticələnə bilər”.  

Gənclərin hərbi xidməti başa vurandan sonra təhsilə cəlb edilməsinin çətinliyini psixoloji amillərlə bağlayan psixoloq Aybəniz Xəlilova düşünür ki, gənc sonradan adaptasiya prosesində sıxıntılar yaşaya bilər: “Hərbi xidmətdən qayıtdıqdan sonra  təhsilə ilkin maraqları olmur. Hərbi xidmətdən qayıtmış ən azı 12 tələbəylə söhbətdən sonra bu nəticəyə gəlmişəm. Əsgərlik mühiti istər-istəməz onların psixologiyasına təsir edir və elmə münasibətləri fərqli olur, həyata baxışları dəyişir. Təhsilə əvvəlki kimi həvəslə yanaşmırlar. Buna görə də fasilə olmadan təhsillərini davam etdirmələrinin tərəfdarıyam”.

Qanunda dəyişiklik gözlənilir

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyevin açıqlamasına görə, bu yaxınlarda müzakirəyə çıxarılacaq "Elm haqqında" qanun layihəsində magistraturaya qəbul olunan oğlanlara hərbi xidmətdən möhlət hüququnun verilməsi ilə bağlı məsələnin əks olunacağı da  gözlənilir.

"Hərbi xidmətdən sonra gənclər bir çox hallarda elmdən uzaqlaşırlar. Bu bir sıra obyektiv səbəblərdən baş verir. Amma yaxşı olardı ki, təhsilin fasiləsizlik prinsipi əsas götürülərək magistrlərə möhlət hüququ verilsin”.

Komitə sədri vurğulayıb ki, hər bir Azərbaycan vətəndaşı Vətən qarşısında borcunu yerinə yetirməli, hərbi xidmət keçməlidir.

"Burada söhbət yalnız möhlət hüququnun verilməsindən gedir. Bu məsələ də "Elm haqqında" qanunda öz əksini tapa bilər".

Qeyd edək ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunun magistratura və aspiranturada təhsili davam etdirmək üçün möhlət verilməsini nəzərdə tutan maddəsi 2006-cı ildə ləğv edilib. Hazırda bakalavrlar yalnız hərbi xidmət keçdikdən sonra magistraturada təhsili davam etdirə bilərlər.

Ümid etmək olar ki, təhsilini davam etdirmək, bundan sonra Vətən qarşısında hərbi borcunu yerinə yetirmək istəyən oğlanların arzusu qanuna edilən dəyişikliklərdən sonra gerçəkləşəcək.

Aysel Kərimova 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı