“Orta mətkəblərdə "2" qiyməti alan şagirdlərə attestatın verilməməsi sui-istifadə hallarına yol açır”.
Modern.az-ın məlumatına görə, bu fikirləri təhsil naziri Mikayıl Cabbarov bildirib.
Nazir təhsil sahəsində olan nöqsanlardan söz açıb. Deyib ki, hazırda qüvvədə olan qaydalara əsasən, XI sinfi bitirən və hər hansı fəndən illik qiyməti "2" olan şagirdlər buraxılış imtahanlarına buraxılmırlar.
Eyni zamanda, imtahana buraxılan şagirdlər hər hansı imtahandan "2" aldığı təqdirdə onların yekun attestasiyası aparılmır. Nəticədə hər iki kateqoriyadan olan məzunlar attestat almaqdan, ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verməkdən məhrum olurlar.
Nazir statistik məlumatlara əsasən, bildirib ki, Azərbaycanda 2009-2010-ci tədris ilində XI sinif məzunların 22 faizi, 2010-2011-ci tədris ilində 24 faizi, 2011-2012 tədris ilində isə 10,5 faizi attestat almayıb.
"Heç kimə sirr deyil ki, belə şagirdlərə attestatların verilməməsi yerlərdə sui-sitifadə hallarına geniş yol açan amillərə gətirib çıxarır. Attestat məzunun biliyinin göstəricisidir. "Təhsil haqqında" qanuna əsasən, attestatın verilməsi məsələsi yekun qiymətləndirmənin "qeyri-kafi" nəticələrilə bağlı olmadığını göstərir. Bu məsələnin böyük ictimai əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, nazirlik tam orta təhsil səviyyəsini bitirən bütün məzunlara attestatın verilməsinin tərəfdarıdır", deyə M.Cabbarov vurğulayıb.
M.Cabbarov daha sonra məktəblərdəki vəziyyətdən danışıb. O bəzi məsələlərlə bağlı islahatların aparılmalı olduğunu bildirib.
“Məktəb elə bir məkandır ki, burada biz uşaqlarımızın məniviyyatının əsaslarını qoyuruq. Məktəblərdə hökm sürən sürən psixoloji atmosfer övladlarımızın gələcək həyat yoluna, əqidələrinə, vətəndaşlıq hisslərinə, mənəvi dəyərlərimizə bilavasitə təsir edir. Bundan irəli gələrək bildirirəm ki, məktəblərdə baş verən mənfi hallara qarşı Təhsil Nazirliyinin mövqeyi barışmaz olacaq. Bu məsələdə valideynlərin də rolunu qeyd etmək istəyirəm. Təhsil Nazirliyinin və təhsil müəssisəsinin təkbaşına səyləri ilə vəziyyətin düzəlməsinə inanmaq sadəlövlük olardı. Bu, eyni zamanda hər bir ailənin və bütövlükdə cəmiyyətin ümumi işidir. Vətəndaş cəmiyyətinin formalaşmasnda təhsilin xüsusi yeri var və onun kiçik modeli məhz burada valideynlərin və digər maraqlı tərəflərin iştirakı ilə yaradılır.
Bizim mövqeyimiz ondan ibarətdir ki, məktəblərin idarə olunmasında və təhsil ocaqlarında müsbət atmosferin yaradılmasında valideynlərin rolu artırılmalıdır. Bunun üçün islahatlar aparılmalıdır. Şagirdlərin hüquqları ilə yanaşı, biz müəllimlərin hüquqlarının qorunmasına xüsusi diqqət yetirəcəyik. Onlara hörmətlə yanaşma təmin ediləcək, iş mühitləri, maddi təminat məsələləri diqqət mərkəzində saxlanılacaq”.
M.Cabbarov deyib ki, Təhsil Nazirliyi dərslik sahəsində mövcud olan problemlərin aradan qaldırılması istiqamətində qətiyyətli tədbirlər görəcək. Onun sözlərinə görə, cəmiyyətdə belə bir fikir formalaşıb ki, dərslikləri Təhsil Nazirliyi hazırlayır.
"Ancaq bu, belə deyil. Hər bir dərsliyin öz müəllifi var". Dərslikləri müəlliflərin zehni əməyinin məhsulu hesab edən nazirin sözlərinə görə, dərsliklərin məzmununu ictimai əsaslarla fəaiyyət göstərən Dərlsikləri Qiymətləndirmə Şurası qiymətləndirir.
"Təbii ki, hamıdan cox biz məktəblərdə tədrisin keyfiyyətlərinin dərsliklər üzrə təşkil edilməsində maraqlıyıq. Obyektiv səbəblərə görə bu, müəyyən vaxt tələb edən məsələdir. Biz bu istiqamətdə olan problemlərin aradan qaldırılması istiqamətində qətiyyətli tədbirlər görəcəyik".
Aytən Əliyeva