Azərbaycanın təhsil müəssisələri görkəmli dövlət xadimi Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar silsilə tədbirləri davam etdirirlər. Mayın 7-də Nərimanov rayonundakı Məzahir Məmmədov adına 37 saylı orta məktəbdə də yubiley tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə açan direktor İkram Əliyev H.Əliyevin xatirəsini anaraq, qısa nitq söyləyib.
O, 90-cı il hadisələrini bir daha şagird və müəllim kollektivinin diqqətinə çatdırıb. Heydər Əliyevin müstəqilliyimizin qurucusu, dövrünün uzaqgörən siyasətçisi kimi tarixə imza adığını vurğulayıb. İkram Əliyev bu cür tədbirlərin yetişməkdə olan gənc nəslin mənəvi inkişafında böyük rol oynadığını vurğulayıb.
”Hər il dünya şöhrətli siyasətçimiz, ümummilli lider Heydər Əliyevin doğum günü ilə bağlı tədbirlərdə onun keçdiyi həyat yolu, qatlaşdığı əzab-əziyyətlər, xalqına, millətinə olan təmənnasız sevgisi gənc nəslə aşılanaraq, onlarda milli qüruru formalaşdırır”-deyə məktəb rəhbəri qeyd edib.
Direktorun nitqindən sonra məktəblilər hazırladıqları bədii kompozisiyanı təqdim edib, mərhum dövlət başçısına həsr olunmuş şeirlər səsləndiriblər, film nümayiş olunub.
Sonda dərslərində fərqlənən şagirdlərə diplom və döş nişanları təqdim edilib. Bədii kompozisiyanın qurulmasına və tədbirin təşkil edilməsinə görə isə direktor müavinləri Zəminə Cəfərova, Natella Əliyeva, müəllimlər Aynurə Abbasova, Aynurə İsmayılova, Aynur Ağayeva, Şəlalə Nəsirovaya məktəbin direktoru İ.Əliyev tərəfindən təşəkkür elan edilib.







Modern.az