Modern.az

Milli Şura dövlət çevrilişinə rəvac verir - İTTİHAM

Milli Şura dövlət çevrilişinə rəvac verir - İTTİHAM

Ölkə

8 May 2013, 14:10

 

“Milli Şuranın yaradılması  anti-konstitusion addımdır, İbrahimbəyov bunu fərqində olmalıdır”

İdeya müəllifi Rüstəm İbrahimbəyov olan Milli Şura ilə bağlı müzakirələr səngimək bilmir. Artıq bir müddətdir ki, Milli Şura mətbuatın və siyasətin əsas gündəminə çevrilib. Artıq aparıcı müxalifət partiyalarının liderləri, Müsavat başqanı İsa Qənbər və AXCP sədri Əli Kərimli “El” Hərəkatının yaradıcısı və rəhbəri Eldar Namazovla birgə Milli Şura məsələsini müzakirə ediblər. Müxalifətin yeni yaranacaq təşkilatda təmsilçiliyi isə ölkə siyasətçiləri tərəfindən birmənalı qarşılanmır. Seçki ilində Milli Şuranın yaradılmasına ehtiyac varmı? Təşkilat yaranarsa siyasi ehtiyacları ödəyə biləcəkmi? Modern.az-ın bu və digər suallarını politoloq Qabil Hüseynli cavablandırıb.    

 

Kabinet söhbətləri    

Siyasi ekspert hesab edir ki, Milli Şura müxalifətin yalnız bir hissəsini birləşdirə bilər. “Bu təşkilat müxalif qüvvələrin birliyini yarada bilməyəcək. Nəticə etibarilə, müxalifət yenə də parçalanmış vəziyyətdə olacaq. Milli Şura İctimai Palatanın bir qədər genişlənmiş variantı olacaq. Belə olan təqdirdə yeni yaranacaq Milli Şura cəmiyyətə təsir etmək, əhalinin siyasətdən kənar hissəsini fəallaşdıra bilmək imkanlarına malik olmayacaq. Nəticə etibarilə Milli Şura kabinetlərdə müxtəlif nəzəri mülahizələrin müzakirəsindən uzağa gedə bilməyəcək”-deyə şərh edib.  

 

Qəzəbdən doğan ideya    

Politoloq bildirib ki, Milli Şura ideyasına rəvac verənlər Rusiyadadır. “ Bütün bunlar bu ideyanın Rusiyadan qaynaqlanması fikirlərini möhkəmləndirir. Eyni zamanda Milli Şuranın Rusiya variantı olması haqqında təsəvvürlər yaradır. Təbii ki, bu,  müxalifətin əsas hissəsinin bəlli dəyərlərdən uzaqlaşması və üzünü Rusiyaya tərəf çevirməsi kimi başa düşüləcək. Bu da müxalifətin elektral bazasında passivlik və ehtiyatkarlıq hissi yaradacaq”. Milli Şuranın yaradılmasına ehtiyac olub-olmamasından danışan politoloq qeyd edib ki, bu incik və qəzəbli adamların ideyasıdır. “Vaxtilə sosializm də incik adamların ideyası kimi ərsəyə gəlib. Belə ideyalar isə şüurlar çətinliklə hakim olur. Ömürləri də qısa olur. bu mənada Milli Şura daha yaxşı olardı ki, Azərbaycan ideyası zəminində yaranıb formalaşaydı. Ancaq təəssüflər olsun ki, kənar qüvvələrin dəstəyi ilə yaradılır”.    

 

Konstitusiya yoxsa siyasi maraqlar?      

“Milli Şura guya müxalifətin siyasi inteqrasiyası məramlarına xidmət edir. Amma əslində Milli Şuranı Rüstəm İbrahimbəyov keçid dövrünün hakimiyyət forması kimi də təqdim edir. Bununla da Konstitusiyanın müddəalarına zidd hərəkət etməyinin fərqinə varmır. Hər bir siyasi təşkilat ölkədə hakimiyyət uğrunda mübarizə apara bilər. Ancaq indidən bu mübarizənin kənar qüvvələrin köməyin ilə qələbəyə çevriləcəyini elan edib bununla bağlı qurumlar yaratması mənim zənnimcə anti-konstitusion addımlardır. Bu cür məsələlər dünya praktikasında qəbul edilmir”- deyə  tənqid edib.    

Aqşin Kərimov  

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı