ABŞ dövlət katibi Con Kerrinin Türkiyədə bu ölkənin xarici işlər naziri Əhməd Davudoğlu ilə Qarabağ münaqişəsini müzakirə etməsi diqəti yenidən münaqişənin nizamlanmasında vasitəçilərin fəaliyyətinə yönəldib. Belə ki, ATƏT-in MİNSK Qrupunun həmsədr ölkəsi kimi ABŞ bu zamana qədər Qarabağ konfliktinin həll olunması istiqamətində aktiv fəaliyyət göstərməyib. Ancaq ABŞ xarici siyasət idarəsi rəhbərinin Türkiyəyə səfərində Qarabağ məsələsini gündəmə gətirməsi münaqişənin həllində danışıqlar prosesinin sürətlənməsinin göstəricisidir.
Siyasi analitiklər də hesab edir ki, Rusiya Qarabağla bağlı danışıqlarda Türkiyəni kənarda qoymaq istəyir. Digər supergüc olan ABŞ isə Türkiyəni danışıqlar prosesinə cəlb edir.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da Modern.az-a açıqlamasında Rusiya-Türkiyə amilindən danışıb. Onun sözlərinə görə, həqiqətən də Rusiya Türkiyəni Qarabağla bağlı danışıqlar prosesindən kənarda saxlamaq niyyətindədir. “Bəli, Kreml Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllindən uzaqda saxlamaq istəyir. Bu səbəbdən Ankara münaqişənin həllində fəal ola bilmir. Ankara Vaşinqtonun Moskvaya təsir etməsini istəyir”.
Politoloq hesab edir ki, ABŞ-ın Rusiyanın Cənubi Qafqaz siyasətinə təsir etmək kimi bir dərdi də yoxdur. Mərkəz rəhbəri onu da əlavə edib ki, bu, Rusiyanın Türkiyəyə təzyiqi və təsiri kimi başa düşülə bilməz. “Rusiya Türkiyəyə təzyiq edə bilməz. Doğrudur, iki ölkə arasında sıx iqtisadi əlaqələr var, enerji əməkdaşlığı mövcuddur. Ancaq bu Ankaranın Moskvanın hegemonluğunu tanıması anlamına gəlmir. Türkiyə fəal olmağa çalışacaq. Alınacaq, alınmayacaq bu başqa məsələdir”-deyə vurğulayıb.
Aqşin Kərimov