Modern.az

Hərbi ekspert: “Azərbaycan hərbi gücü ilə məqsədə çatmağa qadirdir” - MÜSAHİBƏ

Hərbi ekspert: “Azərbaycan hərbi gücü ilə məqsədə çatmağa qadirdir” - MÜSAHİBƏ

Ölkə

13 May 2013, 08:04

Üzeyir Cəfərov: “Ermənistanın bəyanatlarından ürkməyə dəyməz”

Son günlərdə Ermənistan KİV-in yaydığı məlumatlara görə, Ermənistan Rusiya və Polşa ilə müştərək müəssisələrində zirehli döyüş texnikasının modernləşdirilməsinə başlayıb. Ermənistan müdafiə naziri Seyran Ohanyan da Azərbaycanın ünvanına hədələyici bəyanatlar səsləndirib. Modern.az-a açıqlamalarında hərbçi-ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov bildirib ki, Rusiya-Ermənistan hərbi əməkdaşlığı özü-özlüyündə yeni xəbər deyil.

– Rusiya ilə Ermənistan arasında hərbi sahədə əməkdaşlıq Kollektiv Təhlükəsizlik Müqaviləsi əsasında həyata keçirilir. Aydındır ki, ermənilər özlərini onunla sakitləşdirirlər ki, əgər Azərbaycan Ermənistana qarşı hər hansı hərəkət edərsə, burada kollektiv təhlükəsizlik Şurası öz sinəsini qabağa verəcək. Amma bir məsələ var ki, Azərbaycanın Ermənistana heç bir ərazi iddiası yoxdur. Söhbət Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərindən gedir ki, onlar bu gün Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. İndi Ermənistan öz texnikasını Rusiya ilə müştərək 7 zavodda təmir edir. Rusiya bununla həm Gümrüdəki hərbi bazada olan texnikasını, həm də Ermənistanın hərbi texnikasını təmir edir.

2008-ci ildə 102-ci hərbi bazaya çoxlu sayda hərbi texnika ötürüldü. Biz bu məlumatları əldə edib yayımladıq. Şimali Qafqaz Hərbi Dairəsinin rəsmləri isə bu məlumatları təkzib etməli oldu. Lakin fakt budur ki, Rusiya Ermənistana 800 milyon dollarlıq hərbi texnika və silah-sursat verib. Birgə hərbi təlimlərin məqsədi də bu hərbi texnikanın silinməsi və Ermənistan ordusunun balansına verilməsini rəsmiləşdirmək idi.

– Rusiya ilə məsələ aydındır, bəs Ermənistanın Polşa ilə Çarençavan şəhərində yerləşən birgə müəssisədə T-72 tanklarını modernləşdirib texniki göstəricilərinə görə T-90 tankına yaxınlaşdırması barədə nə deyə bilərsiniz?

– Polşa-Ermənistan əlaqələrinə gəldikdə iki ölkə bir-biri ilə əlaqə qura, əməkdaşlıq edə bilər. Bu normal qarşılanmalıdır. Hər bir ölkənin öz marağı var. Polşanın Ermənistanla qurduğu əlaqələr də sırf onların istəyi ilə həyata keçirilib. İqtisadi çətinlik içərisində olan Polşa da Ermənistanla əlaqələr quraraq ölkələri üçün divident qazanmaq istəyir. Ermənilər də bu fürsəti əldən vermirlər. Amma bu əməkdaşlığın nə ilə nəticələnəcəyini demək çətindir. Polşa geniş imkanlara malik deyil və Ermənistana əvəzsiz hər hansı yardım göstərməsi çətin məsələdir.

– Ermənistan S-300 raket komplekslərini təkmilləşdirməyə başladığını və 150 km uzaqlıqdakı hədəfi məhv edə biləcəklərini bəyan edib.

– Hərbi Hava Qüvvələrimiz Azərbaycan ərazisinə tam nəzarət edir. Azərbaycanın bütün strateji obyektləri S-300 zenit-raket kompleksi vasitəsilə qorunur. Belə təhlükələri qarşı sutkanın 24 saatı hazır vəziyyətdə olan komplekslər var ki, təkcə hədəf sərhədi keçən də yox, sərhəddə yaxınlaşanda onu məhv edir. Bu bəyanatı verməklə Ermənistan yalnız Azərbaycana psixoloji təzyiq etmək istəyir.

– Azərbaycan son illərdə öz Hərbi Aviasiya Qüvvələrini möhkəmləndirir. Rusiyadan M-35 döyüş helikopterləri və qırıcı təyyarələri alındı. Bununla yanaşı, Ermənistan Hava Hücumundan Müdafiə sistemlərini təkmilləşdirir. Sizcə, müharibə başlarsa, Azərbaycan aviasiyası Ermənistanın hava məkanında effektiv fəaliyyət göstərə bilərmi?

– Biz Ermənistanın ərazisinə hücum etməyə hazırlaşmırıq. İşğal altındakı torpaqlara gəldikdə isə müharibənin aparılma qaydası var. Nə olsun ki, onların S-300 raketləri var. Bu o demək deyil ki, əlimizi yanımıza sallamalıyıq. Azərbaycan aviasiyası onun qarşısına qoyulan tapşırıqları yerinə yetirməyə qadirdir. Elə silahlar var ki, S-300 raketlərini sıradan çıxarmaq qabiliyyətinə malikdir. Azərbaycanın öz torpaqlarını azad etmək üçün təsdiq olunmuş planları var və aviasiyanın rolu çox önəmlidir. Rusiya Ermənistana tırtıllı və təkərli texnika verir. Amma Azərbaycanın da öz hərbi arsenalını yeniləyir.

Vüqar İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı