Mətin Mirzə
“Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, Mən- Azərbaycanlıyam!”
Ulu öndər Heydər Əliyevin bu qiymətli kəlamı bir qism bədxahları çıxmaq şərtilə, bütövlükdə Azərbaycan xalqının qəlbindədir. Və nə qədər ki, Azərbaycan var, bu kəlam da yaşayacaq.
Allah həyatdan köçənlərinizə rəhmət eləsin, Azərbaycanın müstəqilliyi, dövlətçiliyi, Heydər Əliyev ideyaları uğrunda mübarizə aparmış rəhmətlik atam Mikayıl Mirzə ürəyindən əməliyyat olunmaq üçün 2005-ci ildə mətbuat vasitəsilə cəmiyyətə “Mənə ürək verin, Sizə ürək verim” mesajını verdi. Bu ürəyin səsinə birinci olaraq hörmətli Prezident cənab İlham Əliyev səs verdi və onu Almaniyaya göndərdi. (Sonrakı alın yazısı isə artıq Allahın hökmü ilə olan işlər idi). Ürək vermək hər insana nəsib olmadığı kimi, ürək verən atanın ürək verən oğlu olmaq da hər kişinin işi deyil.
Ulu öndər Heydər Əliyev ürəyini sona qədər xalqın, Vətənin, istiqlalın yolunda qurban verdi. Əfsuslar olsun ki, müasir Azərbaycanın memarı olan Ulu öndər, saat-ba-saat inkişaf etməkdə olan bugünkü Azərbaycanı görə bilmədi.
Hesab edirəm ki, bizlər Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevə dayaq olmalı, gördüyü işləri layiqincə qiymətləndirməli, Onu ürəyimiz kimi bədxahlardan qorumalıyıq.
Şəxsən mən, bir vətəndaş kimi ölkəmizdə görülən işlərlə, yeniliklə, Azərbaycanın beynəlxalq təşkilatlardakı müasir yeri və əhəmiyyətli rolu ilə fəxr edir, Prezidentimlə qürur hissi duyuram.
Əfsuslar olsun ki, həm daxildə, həm də xaricdə Azərbaycanımızın bugünkü uğurlarına, dinamik inkişafına qısqanclıq və paxıllıq hissləri ilə yanaşanlar da az deyil. Üzümü onlara tutub soruşuram:
- Nədir sizin məqsədiniz? Azərbaycanı yenidən 90-cı illərəmi sürükləmək istəyirsiniz? Bu xalq o illərdə başıpozuqluqdan, səriştəsizlikdən, xaosdan savayı nə gördü? Xalq cəbhəsi adı altında maskalanıb yüksək vəzifələri ələ keçirərək bacarıqsızlığınız ucbatından bir il hakimiyyətdə qala bilmədiniz. Ölkənin strateji xətti, xarici konsüpsiyası bir yana, heç daxildə də siyasi sabitlik, vətəndaş həmrəyliyi yarada bilmədiniz. Hansısa korpus komandirinin qabağından qaçan sizlər, (indiki “müxalifət”) dünyanın nəhəng dövlət başçıları ilə necə, hansı tərzdə danışıq apara bilərdiniz? Ölkənin təbii ehtiyatlarını necə istiqamətləndirə bilərdiniz? Siz heç, hansı istiqaməti tutacağınızı, balanslaşdırılmış siyasətin nə olduğunu ümumiyyətlə bilirdinizmi? Əsla.
Sizin haqqınızda vaxtilə atam Mikayıl Mirzə deyirdi:
- Müxalifət danışmır, deyinir.
Bəli, siz dünən də, bu gün də deyinirsiniz. Heç şübhə etmirəm ki, sabah da deyinəcəksiniz. Sizi deyindirən xaricdən aldığınız ianələrdir. Bu ianələr vasitəsilə heç bir konsepsiyası olmayan, məzmunca eyni, formaca fərqli gündə bir qurum yaradırsınız. Adını da nə bilim “blok”, “alyans”, “ziyalı forumu”, “ictimai palata” qoyursunuz. Amma sonuncunu düz tapmısınız. Sadəcə “ictimaini” götürsək daha düzgün səslənər- Palata. Sizin elə yeriniz palatalardır. Qızdırmalı adam kimi eyni, çeynənmiş, köhnəlmiş, absurd fikirləri internet vasitəsilə cəmiyyətə sırımaqdan, deyinməkdən başqa əlinizdən bir iş gəlmir. Sözünüzün dirəndiyi məqamda Ziyalılar Forumunda təmsil olunan şairiniz Nitşedən misal gətirir: “Tarix bəzən insan üçün əzici olur, yəni tarixə baxıb zövq ala bilmirsən”.
Bəli, Azərbaycan xalqı sizin 1992-ci ildəki fəaliyyətinizə nəzər salanda tarix onun üçün üzücü olur. O dövrdə idrakı sönüklərin qəfləti milləti yalnız əllərdə oyuncağa çevirdi. Başqa bir ziyalınız Qarabağ probleminin monopoliyaya alındığını, bu problemin həllini elmi yolla gördüyünü bəyan edir. Soruşuram, məgər sizin əl-qolunuzu bağlayan var? Qarabağ problemi ilə bağlı hansı bir elmi məqaləni yazmaq istədikdə iqtidar sizə yox dedi? Mənə deyin görüm hansı beynəlxalq qurumda Azərbaycanın ərazi bütövlüyünü bugünkü iqtidar qədər müdafiə etmisiniz?
Bu gün Azərbaycan öz çəkisi, nüfuzu, müasirliyi, tolerantlığı ilə dünyanın ictimai fikir meydanında diqqət mərkəzindədir. Bu ona görə belədir ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş müasir və müstəqil Yeni Azərbaycanın bünövrəsi layiqli əllərdədir. Ölkəmizdə aparılan iqtisadi, sosial yönümlü islahatlar, makroiqtisadi sabitliyin qorunması, şəffaflığın təmin edilməsi üçün dövlət qurumlarının elektron xidmətə keçməsi, idxalı əvəzləyən məhsulların istehsalının artırılmasına yönələn səylər, ona yönəli kredit resurslarının artırılması, daxili bazarın yerli istehsalla tənzimlənməsi, şəhər və regionlarda Texnoparkların salınması, qeyri-neft sənayesində inkişaf, içməli su layihələrinin icrası, rayonların, Bakıətrafı kənd və qəsəbələrin inkişafı, yeni şəhərsalma konsepsiyaları və digər iri layihələr qısa müddət ərzində prezidentlik fəlaiyyətinə sığmayan çox böyük işlərdir ki, Prezident İlham Əliyev bu işlərin öhdəsindən müqayisəedilməz bacarıq və idarəçiliyi ilə gəlmiş və gəlməkdədir.
Bir vaxtlar beynəlxalq təşkilatlara əlçatmaz bir zirvə kimi baxan ölkəmiz, bu gün BMT kimi bir təşkilatın Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə yüksəlmişdir ki, bu da bu quruma üzv dövlətlərin Azərbaycana olan inamıdır. Əgər müxalifətin deyindiyi kimi dünya birliyinin ölkəmizə inamı olmasaydı, Azərbaycan belə bir mötəbər pilləyə yüksələrdimi? Dünyanın ayrı-ayrı dövlətlərinin problemlərinin həllində Azərbaycana qeyri-daimi üzv qismində səs səlahiyyəti verilərdimi? Əsla. Deməli, dünya birliyi Azərbaycana Prezident İlham Əliyevin şəxsində inanır və tərəfdaş kimi qəbul edir.
Qətiyyətlə və tam əminliklə deyə bilərik ki, bu gün cənab Prezidentlə yanaşı, ölkənin birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Azərbaycanın müsbət imicinin formalaşmasında çox böyük işlər görürlər. Heydər Əliyev Fondu tərəfindən istər ölkə daxilində, istərsə də xaricdə həyata keçirilən mədəni, xeyriyyəçilik tədbirləri, insanları düz yola, barışığa səsləyən Amnistiya aktları Heydər Əliyevin humanizm ənənəsinin, həmrəylik təntənəsinin məntiqi davamıdır.
Elə təkcə qonşu Rusiyada Leyla xanım Əliyevanın Fondun xətti ilə gördüyü işlər, Rusiya ilə Azərbaycan arasında tarixən mövcud olan mədəni əlaqələrin daha sıx tellərlə möhkəmlənməsinə xidmət göstərir. Halbuki, illərdir qonşu və xarici ölkələrin ziyalı təbəqəsində dolaşan bir sıra ziyalılarımız, qələm sahiblərimiz öz nüfuzlarından ölkəmiz üçün xərcləməyiblər. Təəssüf, çox təəssüf.
Diplomatik fəaliyyətimlə əlaqədar bir çox xarici diplomatlar və qonaqlarla görüş zamanı ölkəmiz və Prezident İlham Əliyev haqda çoxlu xoş sözlər eşidirəm.
Ölkəmizin çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, xarici ölkələrin dövlət və qeyri-dövlət rəsmilərinin ölkəmizə səfərləri və bu səfərlərdən xoş və yüksək təəssüratlarla ayrılması dünya birliyinin Prezident cənab İlham Əliyevin şəxsində Azərbaycanın bu gününə, gələcəyinə inamı və etibarıdır.
Atam Mikayıl Mirzənin dililə desək:
BMT sarayında vicdanımız danışır,
Kürsüyə sinə gərmiş enlikürək, ucaboy
Gümanımız danışır.
Dinləyir bütün dünya, inamımız danışır,
Sabahımız naminə-İlhamımız danışır.
Qoy səsi eşidilsin bu gün yer üzərində,
Oğul oğultək durub, Atasının yerində.