Modern.az

Parlamentdə İsa Qəmbərin oğlunun məsələsi qaldırıldı: "Bu şəkilləri yayanlara ar olsun!"

Parlamentdə İsa Qəmbərin oğlunun məsələsi qaldırıldı: "Bu şəkilləri yayanlara ar olsun!"

Ölkə

14 May 2013, 13:02

Milli Məclisin bugünkü iclasında millət vəkili İqbal Ağazadə Müsavat başqanının oğlu Turqut  Qənbərin həbsxanada çəkilmiş şəklinin ictimailəşdirilərək mediada yayılması məsələsini qaldırıb. Modern.az xəbər verir ki, deputat bu addımın yolverilməz olduğunu vurğulayıb.

Aprelin 30-u Bakıda “Terrora yox!” şüarı ilə keçirilən aksiyaya görə inzibati həbs cəzası alan AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı, “Nida” Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Turqut Qəmbər və “Azad Gənclik” Təşkilatının üzvü İlkin Rüstəmzadənin Bakı polisinin Binəqədidəki saxlama məntəqəsində müxtəlif təmizlik işləri görərkən çəkilmiş fotoları mətbuata ötürülüb.

“Bu cür fotoların KİV-ə sızdırılması, heç də yaxşı hal deyil. Bu fotonu kənardan hər hansı bir şəxs və ya jurnalist çəkə bilməz. Bu yalnız həbsxanada işləyən nəzarətçilər tərəfindən çəkilərək KİV-ə ötürülüb. Fotolar belə təqdim edilib ki, baxın, inzibati məsuliyyətə cəlb olunan gənclər aşağılayıcı işlərlə məşğuldurlar. Bu nə yaramazlıqdır, bu nə tərbiyəsizlikdir? Əgər məhkəmə kiminsə bir işə cəlb olunmasına qərar veribsə, hətta məhkəmə qərarı olmadan sən məhbuslara bir iş tapşırıb, onları hansısa bir işdə işlədirsənsə, bunu niyə cəmiyyətə yayırsan? Bu nə deməkdir? Bununla hara getmək olar? Sabah məhkumlara həbsxanada bir iş tapşırılanda o işi görməyəcək, özünü doğrayacaq ki, o işi görməsin, fikirləşəcək ki, həmin işdə çalışmasını çəkib yayacaqlar. Gənclərin fotolarının yayılması əslində kütləvi itaətsizliyə təşviq edən bir hadisədir. Bunu hüquq mühafizə orqanlarının əməkdaşları edib. Çünki təcridxanaya müxalifət daxil olmur, olanda da üstlərində fotoaparat, telefon aparatı olmur”-deyə İ.Ağazadə vurğulayıb.

Millət vəkili məsələnin araşdırılması üçün çağırış da edib. Deputat həmçinin bəzi xəbər portallarında siyasətçilərin karikaturalarının çəkilməsini də kəskin tənqid edib.

“Bu karikaturalar ədəbsiz şəkildə verilir. Karikaturaların kimlər tərəfindən yayıldığını bilirik. Bu yaxşı hal deyil. Bu cəmiyyətdə qarşıdurmaya xidmət edən bir məsələdir. Məsələ araşdırılmalı və qarşısı alınmalıdır”.

Spiker Oqtay Əsədov isə deputatın sözlərinə münasibət bildirib. “Bu cür fotoların yayılması hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır. Buna hüquqi qiymət verilməlidir. Belə hərəkəti kim edibsə, ar olsun ona”-deyə gənclərin Binəqədidəki saxlama məntəqəsində müxtəlif təmizlik işləri görərkən çəkilmiş fotolarının yayılması barədə fikirlərini bildirib.

Milli Məclis sədri həm də İqbal Ağazadəni parlamentdə bu cür məsələ qaldırdığına görə təhrikçiliyə yol verməkdə ittiham edib.
“Məsələnin parlamentdə qaldırılması düzgün deyil. Belə halların qarşısının alınması üçün Milli Məcliddə qanun qəbul etməyə hazırlaşırıq”.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı