Modern.az

“Elçibəyin yubiley tədbirinə Vəfa Quluzadə sədrlik edə bilər”

“Elçibəyin yubiley tədbirinə Vəfa Quluzadə sədrlik edə bilər”

Ölkə

17 May 2013, 11:09


“Azərbaycanın mərhum eks-prezidenti Əbülfəz Elçibəyin 75 illik yubileyi ilə bağlı kitab nəşr olunacaq. Onun adının əbədiləşdirilməsi və ya fəxri adın verilməsini isə gözləmirik. Elçibəyə fəxri adın verilməsi üçün harasa müraciət etmək, yersizdir”.

Bunu Modern.az-a eks-prezidentin qaynı Mirmövsüm Mahmudov deyib. O, bildirib ki, Əbülfəz Elçibəy haqqında yazılmış şeirlər kitabı xüsusi tədbirdə təqdim olunacaq.
“Onu sevənlər, tanıyanlar yubileyinə qatılacaqlar. Elçibəyin 65 illiyini keçirəndə Vəfa Quluzadə gəlmişdi və tədbirə sədrlik etdi. Düşünürük ki, yenə də Vəfa bəydən xahiş edək ki, gəlsin yubiley mərasiminə sədrlik etsin. Çünki onlar tələbə yoldaşları olublar. Həmişə bir-birinə münasibətləri yaxşı olub. Bununla bağlı də mətbuata məlumat veriləcək”.

Milli Məclisdə təklif olunan mərhum eks-prezidentin xatirəsinin əbədiləşdirilməsi məsələsinə də münasibət bildirən Mirmövsüm Mahmudov bunun dövlət səviyyəli bir iş olduğunu, ona görə də heç bir yerə müraciət etməyəcəklərini söyləyib. Onun sözlərinə görə, lazım bilsələr Elçibəyə fəxri ad verəcəklər, lazım bilməsələr yox:  “Gözləmirdik ki, bu təqaüd məsələsi də olsun. Amma özləri elədi. Açığı, iqtidardan heç nə gözləmirəm. Çünki nə düşünülübsə, özləri üçün düşünülüb. Heç bir yerə müraciət etməyəcəyik. Bunu dövlət etməlidir. Elçibəyə fəxri adın verilməsi üçün harasa müraciət etsək,yersiz olar. Fəxri adın verilməsi dövlət səviyyəli bir işdir. Lazım bilsələr Elçibəyə fəxri ad verəcəklər, lazım bilməsələr yox. Amma ona fəxri ad verilməsini gözləmirəm. Verilsəydi birinci Məhəmməd Əmin Rəsulzadəyə verilərdi, ikinci də Elçibəyə. İndiyə kimi Məhəmməd Əminin adına bir universitet var idi, o adı da götürdülər. Ona görə də heç bir gözləntim yoxdur”.
Əbülfəz Elçibəy 24 iyun 1938 -ci ildə  Naxçıvan MR-in Ordubad rayonunun Kələki kəndində anadan olub. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsini bitirib. Bir müddət Misir Ərəb Respublikasında tərcüməçi kimi çalışıb.
1975-ci ilin yanvarında Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi onu tələbələr arasında millətçi və antisovet təbliğatı aparmaq adıyla həbs edib və 17 iyul 1976-cı ilədək siyasi dustaq olaraq azadlıqdan məhrum olunub.
Həbsdən buraxıldıqdan sonra Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunda çalışıb. Elçibəy 1988-ci ildən sonra alovlanan milli-azadlıq hərəkatının önündə gedib. 
1992-93-cü illərdə Azərbaycan Respublikasının prezidenti olub.
Elçibəy 22 avqust 2000 -ci ildə Türkiyədə vəfat edib. Bakıdakı Fəxri Xiyabanda dəfn olunub.

2012-ci il iyul ayının 21-dən etibarən prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Konstitusiya Qanunu qüvvəyə minib. Sözügedən qanunun müvafiq tələbinə əsasən, Əbülfəz Elçibəyin ailəsinə 3750 manat məbləğində aylıq müavinət ayrılıb.

 

Gültəkin ƏLƏSGƏR

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı