Modern.az

Siyasətə əxlaqi dəyərlər gətirən liderlər

Siyasətə əxlaqi dəyərlər gətirən liderlər

Ölkə

27 May 2013, 10:00

Azərbaycan  Xalq Cümhuriyyəti  haqqında xeyli tədqiqat aparılıb, kitablar, məqalələr yazılıb. Ancaq  həmin tarixi dövr hər zaman öyrənilməlidir. Çünki tarix, keçmişdən ibrət dərsi götürüb  gələcəyi  qurmaq üçün önəmli  bir məqamdır.

Xalq Cümhuriyyətində  təmsil olunan insanların  bu qədər millətsevər olması  məni vətəndaş olaraq qürurlandırır.  Bu insanlarda nə qədər güclü  fədakarlıq,  sözün yaxşı mənasında bir millətçilik olub ki, mümkün olmayan  bir şeyi həyata keçiriblər. Azərbaycan  Xalq Cümhuriyyəti  müstəqilliyə nail olmaqla, 114 min kv. km ərazini dünyaya tanıtmaqla müasir dövlətçiliyimizin əsasını qoyub. Bəlkə də həmin  AXC qurulmasaydı Azərbaycan sonrakı dövrlərdə  Rusiyanın hansısa muxtar vilayəti kimi qala bilərdi.

Bundan əlavə  Xalq Cümhuriyyətinin yaradılıdığı  şərait,  ümumilikdə, o dövr  çox dəhşətli idi.

1918-ci ildə mart ayından başlayan  və may ayında da  davam edən ermənilərin  Azərbaycan xalqına qarşı törətdiyi soyqırım  bölgədə gərginlik,  ruh düşkünlüyü yaratmışdı. Müstəqillik haqqında düşünmək kiminsə  çətin ağlına gələ  bilərdi. Sadə insanlar yalnız canlarının hayında idi. Məhz belə məqamda  millətin mübarizə əzmini qaldırmaq, müstəqilliyi bu insanlara bəxş etrmək və nəhayət baş qaldıran  erməni separatizminin, vəhşiliyinin  qarşısını  çox peşəkarcasına almaq  əsl fədakarlıq idi.  

Mən son illər  1918-ci il  soyqırım  hadisələrini qismən də olsa  tədqiq etməyə çalışmışam. Azərbaycan  Xalq Cümhuriyyəti dövründə Xəlil bəy Xasməmmədovun rəhbərliyi ilə yaradılan  və fəaliyyət göstərən istintaq komissiyasının  materialları  ilə tanışam. Görün, bu fədakar insanlar qısa müddətdə nə qədər ciddi araşdırmalar aparıblar. Avtomobilin, texnikanın olmadığı həmin dövrdə  soyqırımın baş verdiyi bütün kəndlərdə  Xəlil bəy Xasməmmədovun rəhbərlik etdiyi bu komissiya araşdırma aparıb,  qətlə yetirilən insanların yaxınları,  ümumilikdə  erməni vəhşiliyini  öz gözləri ilə görən şəxslər dindirilib, protokollar tərtib olunub.

O zaman  həmin istintaq komissiyası  belə obyektiv tədqiqatlar aparmasaydı bəlkə də  bu gün biz  1918-ci il soyqırımlarını  qaranlıq tarix kimi unutmuşduq. Bu mənim qənaətimdir. Təəssüf ki, 1918-ci il hadisələri haqqında məlumatlar  SSRİ məkanında 70 il  ictimaiyyətdən gizlədilib. Sovet dövründə  tarix kitablarında həmin hadisələr vətəndaş müharibəsi kimi təqdim olunub. O dövrün tarixşünaslığının  dəhşətli şəkildə saxtalaşdırılması  tariximizdə ləkə kimi hər zaman qalacaq.

Hər bir millətin  öz keçmiş tarixindən  qürur duyduğu,  gələcəyinə  işıq saldığı məqamlar var.  Biz Xalq Cümhuriyyəti ilə  qürur duymalıyıq. Belə müstəqil, demokratik dövləti qurduqlarına, 1918-ci ildə azərbaycanlılara qarşı törədilən soyqırım faktlarını  ciddi tədqiq etdiklərinə  görə, bü gün həm  Xəlil bəy Xasməmmədova,  həm digər Xalq  Cümhuriyyətinin  qurucularına, liderlərinə rəhmət  diləyirik Lakin onların səhvlərini təkar etməməliyik.  Axı tarix və tarixdə yaşananlar  həm də bir ibrət dərsidir.

Çağdaş dünya siyasətində maraqlara daha çox diqqət yetirilir. Təəssüf ki, belə  siyasətdə dəyərlər  unudulur.  Bəlkə  dünya da olan ədalətsizliklər, münaqişələrin uzanması buradan qaynaqlanır. Ancaq Xalq Cümhuriyyətinin liderləri siyasi idarəetmə sisteminə, ümumilikdə o dövrün siyasətinə əxlaqi dəyərlər gətirdilər. O zaman dünyada o cümlədən Avropada  tam  oturuşmayan  demokratik seçki sistemini, idarəetmə ənənələrini,  Azərbaycanda   tətbiq etməyə  cəhd göstərdilər. Azərbaycan dövlətinin  yaranması, inkişafı uğrunda  mücadilə aparan bu insanlar  bu istəklərinə  müəyyən mənada nail oldular.

Cümhuriyyətin  önəmli simalarından  olan  Əli bəy Hüseynzadə yazırdı: "Biz istəyirik ki, ölkəmiz avropalıların mədəsində həzm olunmasın. Onların mədəsində həzm olunmamaq üçün bir çarə varsa, o da onların beyinlərinin məhsulunu alıb həzm etməkdən ibarətdir".  Gerçəkdən  onlar böyük ideallar uğrunda mübarizə aparırdılar. Lakin dost olmayan  qonşu dövlətlər Azərbaycanın uğurunu,  dövlət kimi möhkəmlənməsini  həm o zaman, həm indi həzm edə bilmirlər. Belə təhlükələr hər zaman gözləniləndir. 

Sonda  onu qeyd etmək istərdim ki, ermənidən hər zaman Azərbaycana xəyənət gəlib.  O zamanda Azərbaycan  Xalq Cümhuriyyətinin liderlərinə qarşı erməni xəyanəti  öz işini gördü. Belə ki, 1920-ci ildə Azərbaycan  Xalq  Cümhuriyyətinin  Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəyli,  Parlamentinin sədri Həsən bəy Ağayev Tiflis şəhərində ermənilər tərəfindən, yenə  həmin  ildə  Xalq  Cümhuriyyəti  xarici işlər naziri Fətəli xan Xoyski  erməni terrorçusu Aram Yerkanyan tərəfindən qətlə yetirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı