Modern.az

Azərbaycan məktəblilərinin yay istirahəti: düşərgələr yoxdur - Problem

Azərbaycan məktəblilərinin yay istirahəti: düşərgələr yoxdur - Problem

Ölkə

4 İyun 2013, 13:17


9 ay dayanmadan dərs oxumaq, imtahanlara, sınaqlara hazırlaşmaq hər bir şagirdi hədsiz dərəcədə yorur. Yayın gəlməsini səbirsizliklə gözləyən məktəblilər 9 aylıq yorğunluğu 2-3 ay haradasa dincəlməklə üstlərindən atmağa çalışırlar. Tətil dövründə kimi kəndə dincəlməyə gedir, kimi də hər hansı düşərgədə öz həmyaşıdları ilə vaxtını şən keçirməyə hazırlaşır.

Daha bir tədris ili yenicə başa çatıb və valideynlər öz uşaqlarının yay istirahətinin təşkili haqda düşünməyə başlayıblar. Ən əsası isə övladlarının istirahət edə-edə maariflənməsini istəyirlər. Amma Azərbaycanda hər il yay tətili günlərində uşaqların böyük əksəriyyəti nəinki istirahət vaxtı dincəlməklə maariflənir, heç onların yaxşı dincəlməsi üçün məkan belə, yoxdur.

Sovet dövründən fərqli olaraq, hazırda Azərbaycanda məktəblilərin yay istirahətinin təşkili istənilən səviyyədə deyil. Daha dəqiq desək, bu sahədə ciddi problemlər mövcuddur, düşərgələr azdır. 
Keçmiş SSRİ dövründə digər respublikalar kimi Azərbaycanda da uşaqların dincəlməsi üçün pioner düşərgələri fəaliyyət göstərirdi. Bundan başqa Ukraynada “Artek”, Rusiyada isə “Oqonyok” adlı ümumittifaq pioner düşərgələri də var idi ki, orada Azərbaycandan olan əlaçı şagirdlər dincələ bilirdilər. 

Təhsil Nazirliyinin məlumatına görə, 1992-ci ilədək Azərbaycanda şagirdlərin dincəlməsi üçün 50-dən çox yay istirahət düşərgəsi fəaliyyət göstərirdi. Onların 16-sı Xəzər dənizi sahillərində, 5-i işğal olunmuş ərazilərimizdə, qalan isə ölkənin digər səfalı rayonlarında idi. Amma müstəqillik əldə ediləndən sonra digər sahələrdə olduğu kimi, bu sektorda da vəziyyət pisliyə doğru dəyişib. 
SSRİ dağılandan sonra Azərbaycanda uşaqların yay istirahətinin təşkili sahəsində pərakəndəlik yarandı. Nəticədə istirahət düşərgələrinin bir qismi dağıdıldı və qanunsuz olaraq özəlləşdirildi, bəzilərində isə qaçqın və məcburi köçkünlər yerləşdirildi. Ümumilikdə 50-yə yaxın uşaq istirahət düşərgəsi bağlandı. 

Modern.az saytı şagirdlərin yay istirahətinin bu il necə təşkil olunacağını araşdırmaq üçün Təhsil Nazirliyinə sorğu ünvanlayıb. Nazirlikdən qısaca olaraq bildirilib ki, “Təhsil Nazirliyinin tabeliyində məktəblilərin yay istirahət düşərgələri mövcud deyil”.

Hazırda çox az sayda olan yay istirahət düşərgəsi təşkil edən qurumlardan biri Daxili İşlər Nazirliyidir. Daxili İşlər Nazirliyinin tabeçiliyində olan Çingiz Mustafayev adına Uşaq İstirahət Düşərgəsində bu il iyunun 9-dan mövsüm başlayır. Müəssisənin rəisi Namiq Zeynalov düşərgə mövsümünün avqustun 14-ə kimi davam edəcəyini qeyd edib.

“Hər il olduğu kimi bu il də 3 növbə təşkil ediləcək. Birinci növbə iyunun 9-dan iyunun 30-a kimi, ikinci növbə iyulun 7-dən iyulun 28-dək, üçüncü növbə isə avqustun 4-dən 25-ə kimi davam edəcək. Hər növbənin müddəti 21 gündür”.

N. Zeynalov bildirib ki, uşaqların istirahəti üçün müxtəlif intellektual oyunlar, o cümlədən hər 3 gündən bir diskoteka da təşkil edilir. Bundan əlavə, hər üç növbədə bir gün ANS televiziyası gəlib konsert təşkil edir.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri, millət vəkili Hadı Rəcəbli bildirib ki, bununla bağlı onlar yeni qanun layihəsi hazırlayırlar. ““Uşaqların asudə vaxtının təşkili” haqqında qanun layihəsi bir az maliyyə tutumlu məsələdir, bunu bir az düzgün dərk etməmişdilər deyə, məsələ qaldı. Qanun layihəsinin üzərində iş gedir, təkmilləşdirilir. Ola bilsin ki, bu ilin sonuna kimi başa çatsın”.

H. Rəcəbli bildirib ki, Gənclər və İdman Nazirliyi mütəmadi olaraq bir sıra istirahət mərkəzlərində – Qəbələdə, Nabranda, Oğuzda uşaqların səmərəli istirahətləri ilə bağlı tədbir keçirir. Amma Təhsil Nazirliyindən bu istiqamətdə nə vəsait ayrılır, nə də bununla məşğuldurlar.

“Kommunist rejimində pioner düşərgələri var idi. Pioner düşərgələrinin yeni variantını bərpa etmək lazımdır. Yəni bu gün Azərbaycanda bolluca istirahət mərkəzləri var, bunları uşaqlarla doldurmaq lazımdır. Uşaqların istirahətləri 3 ay olsun-iyun, iyul, avqust ayı. Sovet dönəmində pioner düşərgəsinə göndərdiyimiz uşaqların heç 1 faizini bu gün göndərə bilmirik. O vaxt sistem var idi və bunların hamısını Həmkarlar İttifaqının hesabına edirdilər”. 

Millət vəkili hesab edir ki, uşaqların istirahətə göndərilməsi üçün təkcə Həmkar İttifaqı deyil, işə götürən də şərait yaratmalıdır. “Özəl bölmələr işçi qəbul edərkən onun uşağı üçün də şərait yaratmalıdır. Burada tək Həmkarlar İttifaqının üzərinə düşmək olmaz, işə götürən də bunu etməlidir”.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov bildirib ki, ilboyu şagirdlərin keçdikləri dərsləri daha yaxşı dərk etmələri üçün qoruqlara, tarixi muzeylərə ekskursiyalar təşkil edilir.
“İlboyu nazirlik çalışır ki, bu tədbirləri görsün. Amma ayrıca olaraq onların istirahətləri üçün düşərgələr təşkil olunmur”.

Belə çıxır ki, bu il də ciddi dəyişiklik baş verməyəcək və uşaqların böyük əksəriyyəti yay tətilini öz evlərində keçirməli olacaqlar. 

Müqayisə üçün qeyd edək ki, Azərbaycanla qonşu Rusiya və Türkiyədə uşaqların yay istirahətini təşkil edən yüzlərlə turizm firma və agentlikləri fəaliyyət göstərir. Həm ölkə içərisində, həm də dünyanın bir çox ölkəsindəki uşaq yay düşərgələrinə səfərlər təşkil edən şirkətlərin təklifləri çox cəlbedici, xidmət yüksək, qiymətlər də ki, elə də baha deyil. 

 

Aytən ƏLİYEVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı