Modern.az-ın “Azərbaycan məktəblilərinin yay istirahəti: düşərgələr yoxdur – Problem” başlıqlı yazısına Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası münasibət bildirib. Konfederasiyanın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirov Azərbaycanda məktəblilərin yay istirahət düşərgələrinin olmaması fikri ilə razılaşmadığını qeyd edib. Onun sözlərinə görə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və onun üzv təşkilatları olan sahə həmkarlar ittifaqları hər il olduğu kimi, bu il də yay aylarında uşaqların istirahətinin təşkilinə ciddi önəm verir.
“Rəqəmlərə müraciət etsək, son beş ildə həmkarlar ittifaqlarının uşaq-sağlamlıq düşərgələrində 11 min nəfərdən artıq uşaq dincəlib. Bundan başqa, həmin dövr ərzində 30 min nəfərdən çox uşaq və yeniyetmələrin valideynləri ilə birlikdə istirahəti təşkil edilib, bu zaman aztəminatlı ailələrin, məcburi köçkünlərin, qaçqınların uşaqlarına güzəştlər olunub”.
N.Ağamirov vurğulayıb ki, 2013-cü ildə həmkarlar ittifaqlarının nəzdində 4 uşaq-sağlamlıq düşərgəsi fəaliyyət göstərəcək. “Həmin sağlamlıq ocaqlarında istirahəti təşkil olunacaq uşaqların sayı bu il 3400 nəfər olacaq. Uşaq-sağlamlıq düşərgələrinin 3-ü Nabran istirahət zonasında, biri isə Şüvəlan qəsəbəsində fəaliyyət göstərəcək. Bunlar Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının “Olimp”, “Şahin”, digərləri “Xidmət-İş” Həmkarlar İttifaqı Federasiyasının “Aypara” və Milli Elmlər Akademiyası Həmkarlar İttifaqı Komitəsinin “Elm” uşaq-sağlamlıq düşərgələridir”.
N.Ağamirov vurğulayıb ki, sözügedən uşaq-sağlamlıq müəssisələrinə yollayışlar ilk növbədə həmin düşərgələrin məxsus olduğu sahənin müəssisə və təşkilatlarında çalışan işçilərin uşaqlarına veriləcək.
“Bu il istirahəti təşkil olunması nəzərdə tutulan 3400 nəfər uşaqdan 1700 nəfəri yollayışdan tam güzəştlə pulsuz istifadə edəcək. Həmin yollayışlar əsasən aztəminatlı, şəhid, qaçqın, məcburi köçkün və əlil ailələrinin uşaqları üçün nəzərdə tutulur. Qalan 1700 uşaq isə dəyərinin yalnız 15 faizini ödəməklə yollayış əldə edəcəklər”.
Bir ədəd yollayışın dəyəri isə 180 manatdır. “Bunu nəzərə alsaq, işçilər öz uşaqları üçün alacaqları yollayışın dəyərinin yalnız 15 faizini, yəni 27 manat ödəməlidirlər.
Uşaq-sağlamlıq düşərgələri mövsüm ərzində bir növbənin müddəti 21 gün olmaqla fəaliyyət göstərəcək və uşaqların istirahətinin səmərəli təşkil olunması üçün hər cür şərait yaradılacaqdır. Düşərgələrdə dincələcək uşaqların yaş həddi 7 yaşdan 14 yaşa qədərdir”.
Aytən ƏLİYEVA